Kino Agentliyində növbəti görüş Mədəniyyət

Kino Agentliyində növbəti görüş

Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) baş ofisində “2025-ci il üzrə Dövlət dəstəyi ilə film layihələri müsabiqəsi”nin pitçinq mərhələsinə keçən layihələrin prodüserləri ilə məlumatlandırıcı görüş təşkil olunub.

ARKA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə Agentliyin rəhbərliyi və Seçim Komissiyasının üzvləri iştirak ediblər.

Tədbirdə çıxış edən Agentliyin baş direktoru Rəşad Əzizov müsabiqənin pitçinq mərhələsinin əhəmiyyəti, qiymətləndirmə prinsipləri və təşkilati məsələlər haqqında ətraflı məlumat verib.

Seçim Komissiyasının üzvü Orxan Mərdan layihələrin təqdimatında vizual materiallardan istifadə edilməsinin faydalı olduğunu bildirib.

Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi pitçinqdə iştirakçılara ayrılan qısa zaman ərzində ssenarinin keyfiyyətini, ideya və dramaturji quruluşun önəmini diqqətə çatdırmalı olduqlarını qeyd edib.

Nadir Bədəlov prodüserlərin layihələrini təqdim edərkən vaxtın düzgün idarə olunmasının və əsas ideyanın aydın şəkildə ifadə edilməsinin vacibliyini qeyd edib. İlham Qasımov isə texniki imkanlar, layihə planlarının real icra mexanizmləri və maliyyə əsaslandırmasının şəffaf olmasının önəmini vurğulayıb.

Görüşdə Seçim Komissiyasının üzvləri və prodüserlər arasında qarşılıqlı fikir mübadiləsi aparılıb. Komissiya nümayəndələri layihələrin təqdimat prosesi, seçim meyarları və müsabiqənin növbəti mərhələlərinə dair sualları cavablandıraraq iştirakçılarla açıq müzakirələr keçiriblər.