Hacı Zeynalabdin Tağıyevin xatirəsi anılıb Mədəniyyət

Hacı Zeynalabdin Tağıyevin xatirəsi anılıb

Sentyabrın 1-də məşhur xeyriyyəçi, ictimai xadim Hacı Zeynalabdin Tağıyevin vəfatının 101-ci ildönümü ilə əlaqədar Bakının Mərdəkan qəsəbəsində anım mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, mərasim iştirakçıları əvvəlcə Axund Abuturab türbəsində yerləşən Hacı Zeynalabdin Tağıyevin və qızı Sara xanımın məzarları önünə gül dəstələri düzüblər.

H.Z.Tağıyevin böyük qızı Sara xanımın nəticəsi İnessa Kərimova AZƏRTAC-a müsahibəsində qeyd edib ki, bu nəslə mənsub olduğu üçün fəxr edir. “Mənim rəhmətlik nənəm, Sofiyə Abdullayeva Hacı Zeynalabdin Tağıyevin nəvəsidir. Sofiyə xanım anım tədbirini 1992-ci ildən təşkil edir. H.Z.Tağıyev tarixə təkcə neft sənayeçisi, iş adamı və sahibkar kimi deyil, həm də böyük xeyriyyəçi kimi düşüb. Onun xidmətlərini sadalamaqla qurtarmaq mümkün deyil. H.Z.Tağıyev gənc nəsil üçün gözəl nümunədir”,- deyə o əlavə edib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Qərbi Azərbaycan Araşdırmaları Mərkəzinin rəhbəri Firdovsiyə Əhmədova ölkəmiz müstəqillik əldə etdikdən sonra hər il Hacı Zeynalabdin Tağıyevin anım tədbirinin keçirildiyini vurğulayıb. O, H.Z.Tağıyevin gördüyü böyük işlərdən danışıb.

Bildirilib ki, H.Z.Tağıyev yalnız böyük sərvət sahibi kimi deyil, daha çox özünün maarifçilik, xeyriyyəçilik fəaliyyəti ilə xalqın yaddaşında qalıb. Elə buna görə hələ sağlığında Hacı “el atası” adını alıb. O, dəfələrlə Bakı dumasının üzvü seçilib, şəhərin mühüm problemlərinin həllində, qərarların müzakirə və qəbul olunmasında iştirak edib. H.Z.Tağıyev nəinki faydalı təkliflərin təşəbbüskarı kimi onlara səs verir, həm də öz vəsaiti ilə belə təkliflərin həyata keçməsinə kömək edirdi. Onun təşəbbüsü və birbaşa iştirakı ilə Bakıda ilk teatr binası tikildi, at-dəmir yolu (konka) işə salındı, şəhərin mərkəzində bir sıra dükan və kontorların yerləşdiyi Ticarət evi - Tağıyev pasajı fəaliyyətə başladı. H.Z.Tağıyev Bakıya içməli suyun çəkilməsi layihəsinin hazırlanıb həyata keçirilməsində yaxından iştirak edib. Onun böyük xidmətlərindən biri də millətinin övladlarının oxuması üçün göstərdiyi səylər olub. Məhz bunun nəticəsi olaraq Hacı Zeynalabdin Tağıyev 1901-ci ildə 300 min rubl vəsait sərf edərək, Bakıda ilk qızlar məktəbi tikdirir. Bu, bütün Qafqazda yeganə qızlar məktəbi idi.

“Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, professor Fuad Məmmədov mədəniyyət ikiqanadlı quşa bənzədib. Professorun sözlərinə görə, Hacı Zeynalabdin Tağıyev Azərbaycanın maariflənməsi üçün əlindən gələni edib, xüsusilə qadınların təhsil alması istiqamətində böyük işlər görüb.

“Qobustan” jurnalının baş redaktoru, yazıçı-dramaturq Pərvin Nurəliyeva H.Z.Tağıyevin ictimai, maarifçilik, xeyriyyəçilik fəaliyyətindən danışıb, onun xatirəsinin ürəklərdə əbədi yaşayacağını diqqətə çatdırıb.

Sonda Hacı Zeynalabdin Tağıyevin ruhuna dualar oxunub, onun əziz xatirəsi bir daha ehtiramla yad edilib.