“Dünya sənin, dünya mənim, dünya heç kimin...” Mədəniyyət

“Dünya sənin, dünya mənim, dünya heç kimin...”

Söhbətimə xalq şairi Məmməd Arazın məşhur şeirindəki bu misrayla başlamağım heç də əbəs deyil. Çünki aforizmə çevrilən bu misrada həqiqət gizlənir. Elə bir həqiqət ki, onu milyon illərdir hamı anlayır, amma hər kəsə özündən sonra irs saxlamaq səadəti nəsib olmur. Bəli, bu dəfə sizə qısa ömründə böyük bir ədəbi irs yaradan bir alimdən danışmaq istəyirəm- mərhum Buludxan Xəlilovdan. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru Almaz Ülvi (Binnətova) onun haqqında yazır: “Mötəbər elmi məclislərdə ciddi söz sahibi olan filologiya elmləri doktoru, professor Buludxan Xəlilov gənc yaşlarından elmi, təfəkkürü, yazdığı qiymətli əsərləri ilə elmi ictimaiyyətdə tanınaraq böyük nüfuz qazanmışdı. O, Müstəqil Azərbaycanımızın dilçilik, ədəbiyyatşünaslıq sahəsinin tanınmış simalarından biri kimi öz dəstixətti, öz yaradıcılıq yolu ilə qənimət alimlərimizdən biri idi. Saysız-hesabsız elmi əsərlərin, o əsərlərdə ortaya qoyduğu elmi yeniliklərin, müasir dilçilik elminin aktual problemlərinin müəllifi, dərs dediyi tələbələrinin əziz və sevimli müəllimi kimi, uyğun elm sahəsinin mütəxəssisləri arasında sözünün-elminin sanbalı ilə sayılan-seçilən alimlərimizdən olub. Buludxan müəllimin yaşı ilə gördüyü işlər arasında fərq çox böyükdü. Sağlığında müdrik ağsaqqal təsiri bağışlayan bu cavan alim tarixiliklə müasirlik arasında öz qalasını qura bilib, ətrafa gur işıq saçan mayak kimi...”

Publisist, dilşünas, filologiya elmləri doktoru, professor Buludxan Xəlilov 1966-cı ilin iyul ayının 25-də Qərbi Azərbaycanın Amasiya rayonunun Ellərkənd kəndində dünyaya gəlib. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsində ali təhsilə yiyələnib. Əmək fəaliyyətinə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili kafedrasında laborant kimi başlasa da, sonradan Müasir Azərbaycan dili kafedrasında müəllim, dosent, professor və-zifələrində çalışıb. Bir müddət Azərbaycan Dövlət Pedaqoji Universitetində Dədə Qorqud elmi-tədqiqat la¬bo¬ratoriyasına rəhbərlik edib, Filologiya fakültəsinin dekanı seçilib. Ömrünün son illərində Müasir Azərbaycan dili kafedrasının müdiri vəzifəsində çalışıb. 1992-ci ildə namizədlik, 1999-cu ildə isə doktorluq dissertasiyalarını müdafiə edərək filologiya elmləri doktoru alimlik dərəcəsinə yüksəlib. 2021-ci il sentyabrın 27-də uzun sürən xəstəlikdən sonra vəfat edib. Özündən sonra bir sıra sanballı əsərləri yadigar qalıb...

Deyirdi ki:- “Hansısa bir sənətə, peşəyə olan sevgidə mühitin rolu böyükdür. Bu, ədəbiyyata bağlılığımda, dilə məhəbbətimdə aydın göründü. Yadımdadır, mən uşaq olanda, xüsusən də uzun qış gecələrində yaşlı insanlar bir yerə yığışar və ayrı-ayrı dastanlar, nağıllar, ədəbiyyat parçalarından danışardılar. Bunların hamısı göz, hafizə yaddaşımda həkk olunub. Hətta orta məktəb şagirdi olanda ayrı-ayrı dram əsərlərinin səhnələşməsi proseslərində, eləcə də orda müxtəlif obrazlarda iştirak etmişəm. Məsələn, Səməd Vurğunun “Vaqif” dramında, Salam Qədirzadənin müxtəlif əsərlərində. Bəlkə də, bunlar biz uşaq olanda o qədər də əhəmiyyət vermədiyimiz bir işlər olub. Amma insan həyatının müəyyən mərhələsinə gəlib çatıb, arxaya baxanda, seçdiyi sənəti görəndə başa düşür ki, mühit insan həyatında önəmli rol oynayır...”

Görkəmli ədəbiyyatşünas alim akademik İsa Həbibəyli yazır: “Çoxaspektli araşdırmalar və professionallıq Buludxan Xəlilovun dilçilik elmindəki fəaliyyətini xarakterizə edir. Bu isə dilçi alimin geniş dünyagörüşə, böyük təcrübəyə və elmi səriştəyə malik olduğunu, zəhmətini və məsuliyyətini göstərir. Bütün bünların sayəsində Buludxan Xəlilovun timsalında Azərbaycan dilçilik elmi bütün əsas sahələri ilə inkişaf etməkdə davam edirdi...”

...Mərd adam idi Buludxan müəllim. Onda liderlik özəllikləri vardı. Özünə inam baxımından çox insanları geridə qoyurdu. Onun ən müsbət xüsusiyyətlərindən biri də vicdanlı və ürəyiyumşaq olması idi. İnsanlara kömək etmək onun həyat kredosuydu. Bununlarla yanaşı, o, davamlı olaraq yeni şeylər kəşf etmək və öyrənməyə həvəsliydi. Bütün enerjisini istifadə edərək istədiyinə nail olmağı bacarırdı. Yorulmadan tədqiqat aparır, əzmlə çalışırdı...

“Dünyaya gələn hər bir insan müəyyən bir sahənin kodu üzərində yaşayır. Bəzisi dəqiq elmlərə, bəzisi humanitar sahəyə, bəzisi isə təbiət elmlərinə meyilli olur. Görünür, mənim kodum ədəbiyyata, dilçiliyə daha çox meyilli olub. Mən tələbə olanda “Cəfər Cabbarlı” adına təqaüd alırdım. Hətta mənim müəllimlərim belə hesab edirdilər ki, Buludxan mütləq gələcəyin görkəmli ədəbiyyatşünası olacaq. Təvazökarlıqdan uzaq olsa da, mən bunu deməliyəm. Çünki yaşayırıq və həyatın elə mərhələsi gəlir ki, o yaşadığımız günlərin, anların ən xarakterik məqamlarını deməli oluruq və deməliyik. Bu deyilənlər gənclik üçün də lazımdır. Səmimi olmaq, olub keçənlər barədə səmimi fikir söyləmək gözəl bir şeydir. Açığını deyim ki, elə mən də ədəbiyyatşünas da olmaq istəyirdim. Sonra tale elə gətirdi ki, mən dilçilik üzrə universitetdə saxlanıldım...”- söyləyirdi.

“Dünya sənin, dünya mənim, dünya heç kimin.” Söhbətimə xalq şairi Məmməd Arazın məşhur şeirindəki bu misrayla başlamağım heç də əbəs deyil. Çünki aforizmə çevrilən bu misrada həqiqət gizlənir. Elə bir həqiqət ki, onu milyon illərdir hamı anlayır, amma hər kəsə özündən sonra irs saxlamaq səadəti nəsib olmur. Bəli, haqqında söhbət açdığım filologiya elmləri doktoru Buludxan Xəlilova özündən sonra irs saxlamaq səadəti nəsib oldu. Sentyabrın 27-si onun vəfatı günüdür. Artıq dörd ildir ki, aramızda yoxdur. Xatırlatdım ki, ruhuna rəhmətlər diləyək- Ruhu şad olsun!..

...Yaşasaydı, gələn il 60 yaşını qeyd edəcəkdi...

Dərin hüznlə, Elman Eldaroğlu