Nazir müavini: Dövlət Proqramı çərçivəsində aqrar kredit faizlərinin yarısı subsidiyalaşdırılacaq İqtisadiyyat

Nazir müavini: Dövlət Proqramı çərçivəsində aqrar kredit faizlərinin yarısı subsidiyalaşdırılacaq

Azərbaycanda aqrar sektora verilən kreditlər üzrə faizlərin ən azı 50%-nin dövlət tərəfindən subsidiyalaşdırılması nəzərdən keçirilir.

"APA-Economics" xəbər verir ki, bunu kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə Prezident İlham Əliyevin verdiyi tapşırıqların icrası və Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramındən irəli gələn məsələlərə həsr olunmuş mətbuat konfransında kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev deyib.

Onun sözlərinə görə, bu mexanizm aqrar sektorda maliyyə vəsaitlərinin əlçatanlığını artırmağa xidmət edəcək.

Nazir müavini bildirib ki, təşəbbüs həm fermerlərin maliyyələşməyə çıxışını genişləndirəcək, həm də bankların aqrar sektora marağını artıracaq.

Zaur Əliyev qeyd edib ki, hazırda özəl maliyyə institutlarının və Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) vəsaitlərinin Dövlət Proqramının məqsədlərinə uyğun istiqamətləndirilməsi ilə bağlı ilkin razılaşmalar mövcuddur.

Onun sözlərinə görə, eyni zamanda elektron kənd təsərrüfatı sistemində toplanan məlumatların maliyyə qurumları üçün əlçatanlığının artırılması da nəzərdə tutulur. Bu isə bankların fermerlərin fəaliyyətini daha düzgün qiymətləndirməsinə və kredit qərarlarının verilməsinə kömək edəcək.