“Böyük Qayıdış dövlətçiliyimizi gücləndirir” Siyasət

“Böyük Qayıdış dövlətçiliyimizi gücləndirir”

“İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış proqramı Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi və milli birliyin gücləndirilməsi baxımından mühüm strateji əhəmiyyət daşıyır”.

Bu fikirləri millət vəkili Mehriban Vəliyeva xalqcebhesi.az-a açıqlamasında səsləndirib.

Deputat bildirib ki, Böyük Qayıdış proqramı yalnız uzun illər məcburi köçkün həyatı yaşamış vətəndaşların doğma torpaqlarına qayıdışını təmin edən sosial layihə deyil, eyni zamanda Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tam bərpa olunmasının praktiki təzahürüdür.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq işləri, müasir infrastruktur layihələri, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi ölkənin gələcək inkişaf modelini formalaşdıran əsas istiqamətlərdən biridir.
Müasir yaşayış məntəqələrinin salınması, yaşıl enerji layihələrinin icrası, sosial infrastrukturun yaradılması həmin ərazilərin sürətli inkişafını təmin etməklə yanaşı, bütövlükdə Azərbaycanın iqtisadi potensialının güclənməsinə xidmət edir”.

Mehriban Vəliyeva qeyd edib ki, Böyük Qayıdış proqramının ən mühüm nəticələrindən biri milli həmrəyliyin daha da möhkəmlənməsidir: “İşğaldan azad olunmuş torpaqlarda həyatın yenidən bərpası şəhidlərin xatirəsinə ehtiramın, qazilərin qəhrəmanlığının və xalq-dövlət birliyinin parlaq nümunəsidir.Azərbaycanın azad edilmiş ərazilərdə həyata keçirdiyi bərpa və yenidənqurma işləri beynəlxalq hüquqa əsaslanan məsuliyyətli dövlət siyasətinin göstəricisidir və regionda sülhün, təhlükəsizliyin möhkəmlənməsinə töhfə verir.
Böyük Qayıdış proqramı dövlətçiliyimizin güclənməsi, milli birliyimizin daha da möhkəmlənməsi, iqtisadi inkişafın sürətlənməsi və Azərbaycanın beynəlxalq nüfuzunun artması baxımından tarixi əhəmiyyətə malik strateji layihədir”.

Günel Elxan