Vyanada musiqimiz haqda məruzə axşamı Mədəniyyət

Vyanada musiqimiz haqda məruzə axşamı

Vyana Musiqi və Təsviri İncəsənət Universitetində "Dmitri Şostakoviç və Cövdət Hacıyev: tarixin səhifələri" elmi məruzə axşamı təşkil olunub. Tədbir C.Hacıyevin 100 illik yubileyinə və Şostakoviçin anadan olmasının 111-ci ildönümünə həsr edilib.
"Dmitri Şostakoviç və Azərbaycan musiqi mədəniyyəti Şərqlə Qərbin mədəni dixotomiyasının inikası kimi" layihəsi çərçivəsində baş tutan tədbirdə Vyanada fəaliyyət göstərən "Culture Meeting Point" mədəniyyət təşkilatının rəhbəri, incəsənət üzrə fəlsəfə doktoru, musiqişünas Fərəh Tahirova məruzəçi qismində çıxış edib. O, hər iki bəstəkarın həyat və yaradıcılığına nəzər salıb, D.Şostakoviç məktəbi və üslubunun XX əsr klassik musiqi sənətinin inkişafında oynadığı roldan bəhs edib. Bildirilib ki, D.Şostakoviç keçmiş SSRİ məkanında simfonik musiqinin inkişafına xüsusi töhfə verib, Azərbaycan bəstəkarları Qara Qarayev və Cövdət Hacıyev onun məktəbinin yetirmələri olublar. Eləcə də Soltan Hacıbəyov, Mstislav Rostropoviç, Elmira Nəzirova görkəmli bəstəkarın sinfində təhsil alıblar.
Şostakoviçin Azərbaycanla əlaqələrinə və burada onun yaradıcılığının araşdırılmasına toxunan məruzəçi dahi bəstəkarın musiqi mədəniyyətimizə böyük önəm verdiyini qeyd edib.

1952-ci ildə Bakıya gəlmiş Şostakoviçin Azərbaycan Dövlət Radiosunda çıxışı tədbir iştirakçılarına təqdim olunub. Bildirilib ki, 1934-cü ildə dahi Üzeyir Hacıbəylinin dəvəti ilə ilk dəfə Bakıya səfər edən Dmitri Şostakoviç həyatının sonuna kimi dəfələrlə Azərbaycanda olub və buradakı klassik musiqi yaradıcıları ilə sıx əlaqələr saxlayıb.
Fərəh Tahirova Azərbaycan simfonik musiqisinin yaradıcılarından biri, tanınmış ictimai xadım və pedaqoq Cövdət Hacıyevin yaradıcılığından söz açaraq, Dmitri Şostakoviçin onun yaradıcılığına göstərdiyi təsirdən danışıb, iki bəstəkarın arasında sıx dostluğu vurğulayıb.
Məruzədə Dmitri Şostakoviçin Cövdət Hacıyev və digər Azərbaycan musiqiçiləri ilə əlaqələri tarixi faktlar, foto, sənədlər və audiofayllar əsasında sənədli xronika kimi təqdim olunub.
Tədbirdə Cövdət Hacıyev və Dmitri Şostakoviçin əsərlərindən parçalar səsləndirilib