Gənc musiqiçilərin yaddaqalan sənət töhfəsi... Mədəniyyət

Gənc musiqiçilərin yaddaqalan sənət töhfəsi...

Gənclər Günü münasibətilə daha bir incəsənət layihəsi - Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Akademik Filarmoniyası və Azərbaycan Bəstəkarlar İttifaqının birgə təşkil etdiyi "Gəncliyə töhfə" musiqi festivalı uğurla başa çatıb. Bu festival çərçivəsində Filarmoniyada təqdim olunan üç konsert proqramı gəncliyin bayramına gənc musiqiçilərin ən böyük və yaddaqalan sənət töhfəsi olub.
Festivalın məqsədi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA) Bəstəkarlıq fakültəsinin yetişdirdiyi istedadlı, təhsillərini xarici ölkələrdə davam etdirən, beynəlxalq müsabiqə və festivallarda Azərbaycan musiqisini yüksək səviyyədə təmsil edən gənc bəstəkarların simfonik, kamera və xalq çalğı alətləri orkestrləri üçün yazılmış əsərlərinin ictimaiyyətə tanıdılması idi.
Gənc bəstəkarların yaradıcılığından ibarət ilk konserti Vyana Konservatoriyasının məzunu, Azərbaycan Dövlət Akademik Filarmoniyasının dirijoru Mustafa Mehmandarovun rəhbərliyi altında Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri təqdim edib.
Proqramda gənc bəstəkarlardan Arzu Abbasovanın "Pamukkale" süitası, Tahir İbişovun "Diptych" simfonik əsəri, İlahə İsrafilovanın "Dədə Qorqud" baletindən hissələr, Tamilla Əhədovanın "Fortepiano və orkestr üçün konsert", Toğrul Salmanovun "Simfonik süita", İlhamə Həsənovanın "Simfonik poema"sı səslənib. Solist Nərmin Rzayevanın (fortepiano) çıxışı simfonik gecəyə əlavə rəng qatıb.
Konsertlə bağlı təəssüratlarını bölüşən gənc bəstəkar İlahə İsrafilova bildirib ki, dövlətimiz tərəfindən gənclərin yaradıcılığına göstərilən diqqət və qayğı və belə festivalların keçirilməsi gənclər üçün böyük stimuldur: "Bugünkü konsertdə "Dədə Qorqud" baletimdən hissələr səsləndi. Konsert çox gözəl keçdi. Arzu edirəm ki, əsər bütünlüklə balet şəklində də nümayiş olunsun. Gənc həmkarlarımla birlikdə bizə belə bir şərait yaradıldı ki, öz yaradıcılığımızla tamaşaçıları tanış edək. Daha bir əsərim festivalın son günü təqdim olunacaq. Konsertə gələn və bizə dəstək olan hər kəsə həmkarlarımla birlikdə dərin təşəkkürlərimizi bildiririk".
Gənc dirijor Mustafa Mehmandarov konsertdən sonra təəssüratlarını belə ifadə edib: "Bu gün festivalın açılışında altı gənc bəstəkarın əsərinin səslənməsi onların gələcək yaradıcılığının ilkin pilləsi üçün çox uğurlu bir hadisədir. Dövlət Simfonik Orkestrinin kollektivinə təşəkkür edirəm. Bəstəkarların hər birinin özünəməxsus dəst-xətti var. Bu konsert simfonik musiqinin bütün janrlarını əhatə edirdi. Fortepiano konserti, balet musiqisi, simfonik poema və süitalar səsləndi ki, bunlar da simfonik orkestr üçün müxtəlif formalı əsərlərdir. Hərtərəfli, maraqlı bir konsert oldu. Əsərləri səslənən bütün bəstəkarlara gələcək yaradıcılıqlarında uğurlar arzu edirəm".
Filarmoniyada "Gəncliyə töhfə" musiqi festivalının növbəti konserti Xalq artisti Ağaverdi Paşayevin bədii rəhbərliyi və baş dirijorluğu altında Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri müşayiət edib. Əməkdar artist Sahib Paşazadə, Hikmət Qasımov, Nərgiz Əliyeva və başqaları Azərbaycan və dünya bəstəkarlarının əsərlərini səsləndiriblər.
Sonuncu gün Filarmoniyanın kamera və orqan musiqisi zalında gənc istedadların iştirakı ilə üçüncü konsert proqramı təqdim olunub.
Bütün ifalar tamaşaçılar tərəfindən maraqla qarşılanıb.