Yaponiya arxeoloqları Damcılı düşərgəsində tədqiqat aparır Mədəniyyət

Yaponiya arxeoloqları Damcılı düşərgəsində tədqiqat aparır

Bu ilin iyunundan Qazax şəhərindən 20 kilometr şimal-qərbində, Daş Salahlı kəndindən təxminən 3 kilometr qərbdə Avey dağın şərq ətəyində yerləşən Damcılı düşərgəsində Azərbaycan-Yaponiya beynəlxalq arxeoloji ekspedisiyası tərəfindən aparılan tədqiqatların dördüncü mövsümü başlanıb.
AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutundan bildirilib ki, tədqiqatlar 2015–ci ildə bu elm müəssisəsi, Mədəniyyət Nazirliyi və Tokio Universiteti arasında bağlanmış memoranduma əsasən aparılır. Tədqiqatların məqsədi Cənubi Qafqazda, əsasən də Azərbaycan ərazisində Neolitdən (Yeni Daş dövründən) əvvəlki dövrlərdə (Mezolitdə və Paleolitdə) Orta Kür hövzəsində ovçu-yığıcıların sosial-iqtisadi həyatı, Ön Asiya ilə genetik bağlı olan Neolit cəmiyyətləri ilə yerli Mezolit cəmiyyətləri arasında olan mümkün münasibətlər haqqında dərin məlumat əldə etməkdir.
2016-2018–ci illərdə Azərbaycan-Yaponiya beynəlxalq arxeoloji ekspedisiyasının Damcılı mağarasında apardığı qazıntılar nəticəsində Orta Paleolitdən başlayaraq altı mədəni təbəqə aşkar olunub. Hazırda əvvəlki qazıntı sahəsinin genişləndirilməsi altıncı təbəqədə və daha alt hissədə tədqiqatları davam etdirməyə imkan verəcək. “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Səadət Əliyevanın və Qoruq əməkdaşlarının yaxından iştirakı ilə aparılan tədqiqatlarda Yaponiya tərəfini Tokio Universitetinin professoru Yoşihiro Nişiakinin rəhbərlik etdiyi yapon arxeoloqları və arxeometrik tədqiqat mütəxəssisləri iştirak edirlər. Kazuya Şimoqama (Qədim Şərq Muzeyi, Tokio), Çia Akaşi (Tokio Universiteti, Universitet Muzeyi), Fumika İkeyama (Tokio Universiteti, Universitet Muzeyi), Kaoru Bakuhan (Tokio Unversiteti), Masato Hirose (Təbiət və Elm Milli Muzeyi, Tokio), Yoşiki Miyata (Kanazava Universiteti), Akiko Horiuçi (Beynəlxalq Xristian Universiteti, Tokio) təmsil olunurlar. Azərbaycan tərəfini dosent Mansur Mansurovun rəhbərlik etdiyi arxeoloji missiya - dosent Azad Zeynalov, elmi işçilər Yaqub Məmmədov, Ülviyyə Heydərova və Əjdər Babazadə təmsil edirlər.
Qeyd edək ki, 1953-cü ildə arxeoloqlar Sergey Zamyatnin və Məmmədəli Hüseynov tərəfindən Damcılı mağarasında ibtidai icma dövrü düşərgəsi aşkar olunub. 1956-1957-ci illərdə Məmmədəli Hüseynovun rəhbərliyi altında Paleolit arxeoloji ekspedisiya zamanı mağarada ibtidai insanların hazırladığı yeddi minə qədər daş məmulatı və ovlanmış heyvanların iki mindən çox qalıqları tapılıb. Damcılı mağara düşərgəsindən aşkar olunan daş məmulatların texniki və tipoloji xüsusiyyətlərinə görə Məmmədəli Hüseynov onları Orta və Üst Paleolit, Mezolit və Neolit dövrlərinə aid edib.