Bulqakovun ev-muzeyi Kiyevdəki ən qeyri-adi evlərdən biridir Mədəniyyət

Bulqakovun ev-muzeyi Kiyevdəki ən qeyri-adi evlərdən biridir

Mixail Bulqakovun Kiyevdəki Andreyev enişində yerləşən ev-muzeyi haqlı olaraq Ukraynada ən maraqlı, ən məşhur və qeyri-adi yerlərdən biri sayıla bilər.
Bu evdə 1989-cu ildən fəaliyyət göstərən və dünyanın iyirmi ən yaxşı ədəbiyyat muzeyi sırasına daxil edilmiş muzeyin ekspozisiyasına yazıçının həyat və yaradıcılığı ilə bağlı 2500 eksponat daxildir.
Muzeydə Bulqakovun şəxsi əşyalarına tamaşa etmək, yazıçının həyatının Kiyev dövrü ilə bağlı əhvalatlar eşitmək olar. Bu hadisələr yazıçının “Ağ qvardiya” romanı ilə səsləşir.
Andreyev enişindəki 13 nömrəli bina 1889-cu ildə Kiyevin varlı tacirlərindən birinin xanımı üçün inşa edilib. Bulqakovlar ailəsi düz 13 il – 1906-cı ildən 1919-cu ilə qədər bu binada yaşayıb. Ailədə yeddi uşaq olub. O vaxt Bulqakovların özlərindən əlavə bu evdə daha 60-a yaxın adam yaşayıb.
Mixail Bulqakov Kiyevdə İmperator Gimnaziyasını bitirəndən sonra Kiyev Müqəddəs Vladimir Universitetinin (hazırda Şevçenko adına universitet adlanır) tibb fakültəsinə daxil olub.
1918-ci ildə bütövlükdə şəhərin həyatında, o cümlədən Mixailin həyatında mürəkkəb dövr başlanır. Bununla əlaqədar, Bulqakov özünün və ailəsinin dolanışığını təmin etmək üçün evdəki otaqlardan birini həkim kabineti kimi təchiz edərək, orada xəstələri müayinə və müalicə etməyə başlayır.
Bulqakov Moskvada yaşadığı dövrdə yazdığı “Ağ qvardiya” romanında əsərin baş qəhrəmanlarının – Turbinlər ailəsinin bu evdə həyatını və onların üzləşdiyi bəzi hadisələri təsvir edib.
Bulqakov ev-muzeyinin əməkdaşı Tatyana Şiyko bu barədə daha ətraflı məlumat verib. O deyib: “Bulqakovun “Ağ qvardiya”da təsvir etdiyi Saardam sobası həqiqətən Turbinlər ailəsini və Bulqakovlar nəslini isidib. Həmin sobanın üzərində “Ağ qvardiya” ilə bağlı yazıları, o cümlədən romanın əvvəlində “Lyonya, mən “Aida” tamaşasına baxmaq üçün bilet almışam” sözlərini görmək olar. Təəssüf ki, 100 il bundan əvvəl şəhərdə vəziyyət çox gərgin idi və məhz həmin dövrdə - 1918-1919-cu illərdə Bulqakov burada yaşayıb. Burada on altıdan çox dövlət çevrilişi baş verib və şəxsən Bulqakov on çevrilişin şahidi olub”.
Bulqakovun ev-muzeyi əsl yaradıcılıq mühitidir. Bulqakovlar ailəsinə məxsus olmuş şəxsi əşyaları və mebeli buraya göndərən insanların sayəsində muzeyin kolleksiyası ilbəil zənginləşir.