“Qisas almadan ölmə” Mədəniyyət

“Qisas almadan ölmə”

Fevralın 18-də Oqtay Mirqasımovun "Azərbaycanfilm" Kinostudiyasında istehsal olunan "Qisas almadan ölmə" filminin premyerası keçirilib. APA-nın məlumatına görə, təqdimat mərasimində çıxış edən "Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmov qeyd edib ki, rejissorun bu mövzuya müraciəti Azərbaycan incəsənət adamlarının başqa xalqların problemlərinə həssaslıqla yanaşdıqlarını sübut edir: "Bizim incəsənət xadimlərimiz dünyaya inteqrasiyaya hazırdırlar və birgə layihələrimizi bundan sonra da təqdim edəcəyik".
Mərasimdə çıxış edən Almaniyanın ölkəmizdəki səfirinin müavini Volfqanq Mössinger qeyd edib ki, filmin hər anında rejissorun Almaniyaya böyük məhəbbəti hiss olunur. Ekran əsərində rolları azərbaycanlı aktyorlardan Ramiz Əzizbəyli, Ayan Mirqasım, Füzuli Hüseynov, Sabir Məmmədov, Qurban İsmayılov, alman aktyorlardan - Uilrix Rexenbax, Mixael Şvartsmayyer, Diter Hallervorden, gürcü aktyorlardan - Georgi Cabaridze, Revaz Tavarkviladze, Levan Boçorişvili, Toma Bulaşvili ifa ediblər.
Qeyd edək ki, film Azərbaycanda yaşamış almanların 1941-ci ildə İosif Stalinin əmri ilə Orta Asiyaya sürgün olunmasından bəhs edir. Bu mövzunun tarixi isə XIX əsrin əvvəllərinə gedib çıxır. O vaxt alman icmaları çar I Aleksandrın razılığı ilə Rusiya imperiyasının əyalətlərinə - Krıma, Qafqaza gələrək burada məskunlaşıblar. 1819-cu ildə Vürtemberq krallığı - indiki Almaniyanın Baden-Vürtemberq əyalətindən gələn almanlar Azərbaycanın qərbində, Gəncə yaxınlığında ilk koloniyanı - Helenendorf kəndini (indiki Göygöl şəhəri) salırlar. Filmdə məktublar, etiraflar, xatirələr, insan hiss və yaşantıları yer alıb.