Yeni animasiya filmləri sitejsal olunacaq Mədəniyyət

Yeni animasiya filmləri sitejsal olunacaq

Leyla Abdullayeva: "Uşaqlar rus, ingilis dillərində cizgi filmlərinə baxırlar"

Günel Məhərrəmli: "Elə veriliş, yaxud cizgi filmi olmalıdır ki, onun yamsıladığı hərəkətlər uşaq psixologiyasına mənfi təsir göstərməsin"

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin "Azanfilm" cizgi filmləri studiyası tərəfindən ötən il "Ən güclü kimdir" və "Köhnə mismar" adlı 2 yeni cizgi filmi istehsal olunub. 2015-ci ildə isə "Gəlin birgə öyrənək" adlı animasiya filmləri layihəsinin həyata keçirilməsi qərara alınıb.Kiçikyaşlı tamaşaçılar üçün nəzərdə tutulan "Gəlin birgə öyrənək" layihəsinə "Rənglər" və iki seriyadan ibarət "Mən saymağı öyrənirəm" adlı animasiya filmlərinin istehsalı daxildir.
Qeyd edək ki, Azərbaycanda uşaq ədəbiyyatı və uşaq filmləri, eləcə də animasiya ilə bağlı ciddi durğunluq müşahidə olunur. Buna səbəb kimi maraqlı və keyfiyyətli əsərlərin olmaması göstərilir.
Mütəxəssislər isə xarici cizgi filmlərini zərərli sayırlar.
Əslində bu gün ölkədə uşaq ədəbiyyatı, musiqisi, cizgi və bədii filmi ilə bağlı sözün həqiqi mənasında böhran yaşanır. Millət vəkili Leyla Abdullayeva qeyd edib ki, Azərbaycanda uşaqlar üçün nəzərdə tutulan keyfiyyətli ədəbiyyat bir o qədər də çox deyil. Bu gün əsasən xarici ədəbiyyat, o cümlədən uşaq ədəbiyyatı Azərbaycan dilinə tərcümə edilir: "Əslində bu çox normal haldır, ancaq milli ruhda, vətənpərvərlik ruhunda yazılan öz uşaq ədəbiyyatımız mütləq olmalıdır. Əks halda, əcnəbi qəhrəmanları sevən övladlarımızı milli ruhda tərbiyə etmək bizim üçün çox çətin olacaq". Onun sözlərinə görə, Azərbaycanda sovet dönəmindən bu günə qədər "Göyərçin" jurnalı nəşr olunur ki, bu jirnal uşaqların diqqətini çox çəkir. Amma Azərbaycan kimi ölkədə uşaqlar üçün bir jurnal azdır, özəl qaydada nəşr olunan jurnallar isə bir müddətdən sonra çapını dayandırır: "Bir müddət əvvəl millət vəkili olaraq ölkədə uşaq telekanalının yaradılmasını təklif etmişdik. Bəlkə də bu gün belə bir telekanalın yaradılması mümkün, yaxud məqbul deyil, o halda milli cizgi və bədii filmlərin istehsalına diqqət yönəltməliyik. Hazırda böyüyən uşaqlar rus, türk, ingilis dillərində cizgi filmlərinə baxırlar. Nəticədə müşahidə olunur ki, bu uşaqlar xarici dillərdə çoxlu sayda ifadələr işlədirlər. Heç olmasa əcnəbi cizgi filmlərin kütləvi olaraq dublaj edilməsi məsələsini də nəzərdən keçirmək lazımdır. Çünki, AZ TV və İTV-ni çıxmaq şərtilə özəl kanallar ümumiyyətlə uşaq proqramlarına yer ayırmırlar. Bir-iki veriliş var ki, onlar da pedaqoji və uşaq psixologoyası baxımından suallar doğurur".
Ekspertlərin fikrincə hazırkı şəraitdə uşaqların maraqlarına cavab verən cizgi filmlərinin sayı olduqca azdır. Vaxtilə "Tıq-tıq xanım", "Toplan və kölgəsi" "Cırtdan" kimi cizgi filmləri ekranlaşdırılsa da, müasir dövrümüzdə belə filmlərə rast gəlmək mümkün deyil. Müasir animasiya filmləri isə uşaqların psixoloji baxımdan sağlamlığına mənfi təsir göstərməkdən başqa bir şey deyil. Vəziyyət o həddə çatıb ki, azyaşlı uşaqların əksəriyyəti ya yerli cizgi filmlərinin adını bilmir, ya da ümumiyyətlə belə filmlərin olduğundan xəbərsizdir. Əslində isə milli animasiya filmləri uşaqların gələcək tərbiyəsində böyük rol oynaya bilər. Mütəxəssislər isə qeyd edirlər ki, bizdə animasiya filmləri aşağı səviyyədədir. Buna səbəb uşaq cizgi filmlərinin istehsalı ilə məşğul olan ixtisaslaşmış studiya və kadrların olmamasıdır. Çox təəssüf ki, Azərbaycanda bu sahədə kadr hazırlayan təhsil müəssisəsinin olmadığı da bildirilir.
Uşaq psixoloqu Günel Məhərrəmli ilk növbədə uşağın nəyə baxdığına fikir vermək lazımdır, yəni hər şey yaş dövrünə uyğun olmalıdır. Onun sözlərinə görə, 4-5 yaşında uşağın kriminal xəbərlərə baxması düzgün deyil: "Burada ona fikir vermək lazımdır ki, birincisi, uşaq beyni həddən artıq şüanı, rəngli personajların beyinə ötürülməsini qəbul etmir. Bir cizgi filmində müxtəlif rənglər və personajlar var. Və hər birinin də özünün hərəkətləri. Nəzərə almaq lazımdır ki, uşaqlarda yamsılama müddəti olur. Onlar həmyaşıdlarını, özlərindən böyükləri, yaxud da baxdıqları personajların etdiklərini yamsılayırlar. Buna görə də elə veriliş, yaxud cizgi filmi olmalıdır ki, onun yamsıladığı hərəkətlər uşaq psixologiyasına mənfi təsir göstərməsin". "Maşa və ayı" cizgi filminə diqqət çəkən psixoloq deyir ki, Maşanın həddən artıq ərköyün hərəkətləri bir çox uşaqlarda təkrarçılıq yaradır və uşaqlar ona bənzəməyə çalışır, etdiyi şıltaqlıqları təkrarlamaq istəyirlər: "Amma elə bir cizgi filmi, yaxud veriliş tapa bilmərik ki, sırf olaraq uşağa müsbət təsir etsin. Yəni hər verilişin, cizgi filmlərinin müsbət və mənfi tərəfləri var. Sadəcə artıq valideynin öhdəsinə düşür ki, o, seçim etsin. Bir neçə il əvvəl "Yeddi rəng" adlı cizgi filmi var idi. Orada uşaqlara həm 7 rəngi öyrədirdilər, həm də yaxşılıq etməyi. Uşaq hər ləçəyi çəkərkən arzularını deyir, bir arzusu isə qüsurlu bir yoldaşına kömək etmək istəyi olur. Ümumiyyətlə, uşaq nəyəsə baxanda valideyn ona izah etməlidir. Təəssüf ki, valideyn öz işini görmək, Facebook-da rahat vaxt keçirmək üçün uşağın nəyə baxdığına diqqət yetirmir. Müəyyən dövrdən sonra isə görürük ki, uşaqda gözləmədiyimiz hərəkətlər yaranır".
Valideyn nəzarətinin mütləq olduğunu vurğulayan psixoloq hesab edir ki, hər cizgi filmindən, verilişdən sonra uşağın nə xoşuna gəldi, nə gəlmədiyinə dair müzakirə aparmaq lazımdır.
Günel Məhərrəmli hesab edir ki, sırf bir ibrətamiz cizgi filmi, yaxud veriliş tapa bilmərik: "Amma bunun əksi olaraq başdan ayağa aqressiv, neqativ cizgi filmlərinə, verilişlərə çox rast gəlirik. Uşaqlar həmin personajlardan qorxmaqdan daha çox, onları xoşlayırlar. Çünki həmişə baxdığı filmdir, artıq adaptasiya prosesi gedib. Bundan əlavə, o personajların etdiyi qeydi-adi, mistik hərəkətlər uşaqda aqressiyanı formalaşdırır. Aqressiya formalaşandan sonra isə daha çox şiddətlənmə dövrü gedir". Psixoloqun sözlərinə görə, hətta hər şey qaydasında olan ailələrdə belə uşaqlarda aqressiyaya rast gəlinir, bu da məhz o personajlar sayəsindədir:
"Uşağı yedizdirmək, geyindirmək, onu harasa aparmaq kifayət deyil. Hər bir valideyn uşaqda hər yaş dövründə hansı proseslərin getdiyini, ən azı öz uşağı ilə necə rəftar etməyi bilməlidir".
Psixoloqa görə, televiziya seyr etmək üçün konkret saat olmalıdır: "Uşağın oyun saatı, televiziyaya baxmaq saatı olmalıdır. Qrafik rejimi olanda, təbii ki, hər şey tənzimlənir. Bu tək uşaqlarda yox, böyüklərdə də belədir. İnsan psixologiyası belədir ki, daha çox mənfiyə yönəlir, nəinki müsbətə. Valideyn uşaqla çox vaxt keçirməyə çalışmalıdır".
"Azanfilm" animasiya filmləri studiyasının bədii rəhbəri Elçin Axundov isə düşünür ki, heç bir ailə, məktəb cizgi filmlərinin verdiyi qədər tərbiyə verə bilmir:
"Ona görə də animasiya filmlərinin çox böyük təsiri var. Əgər bizim özümüzün milli animasiyamız yoxdursa, onda məcbur oluruq ki, başqa ölkələrin animasiyaları ilə efirləri dolduraq. Ancaq bunun psixologiyaya çox böyük təsiri var. Ona görə də seçim etmək lazımdır. Teleşirkətlərdə psixoloq olmalıdır və onlar göstəriləcək filmləri araşdırmalıdırlar. Filmin Azərbaycan mentalitetinə uyğunluğu müəyyən edilməlidir. Amma televiziyalar nə gəldi göstərirlər".
Elçin Axundov "Disney" cizgi filmlərinin çox maraqlı olmasına, uşaqların mənəviyyatına, psixologiyasına müsbət təsir etdiyini deyib: "Disney studiyasının 20-30 filmi əvvəldən hazır olurdu. Amma naşı studiyalar var ki, çox axmaq filmlər çəkirlər. Məsələn, "Maşa və ayı" da 3-4 seriyadan sonra başladılar axmaq mövzular seçməyə. O filmlər müsbət təsir göstərmir. Bir uşaq avam ayının başına min oyun gətirir. Uşaqlar da o hərəkətləri təkrar etmək istəyirlər. Ona görə də milli animasiya inkişaf etməlidir. Bizdə üç animator var, onlar da yaşlı insanlardır. Bu sahəyə cavan kadrlar lazımdır. Hesab edirəm ki, milli animasiyanın inkişafına dair proqram qəbul olunmalıdır. Bu proqrama uyğun olaraq gənc kadrlar hazırlanmalıdır. Çəkiləcək animasiya filmləri isə milli mənəviyyatımıza uyğun, tərbiyəvi olmalıdır. Ssenarilərin yazılışında psixoloqlar iştirak etməlidirlər".

Əli