Azərbaycanın növbəti diplomatik qələbəsi Gündəm

Azərbaycanın növbəti diplomatik qələbəsi

ABŞ-a tarixi səfər və əldə olunan uğur uzin müddət ərzində Bayden-Blinken Administrasiyası, Makron, Avropa İttifaqı, Avropa Şurası, Avropa Parlamenti və s. tərəfindən Azərbaycanı güzəştlərə məcbur etmək siyasətinin tam iflası oldu.

Siyasi və diplomatik təzyiqlərə, beynəlxalq mediada təşkil olunan qarayaxma kampaniyasına, sanksiya hədələrinə baxmayaraq, Prezident İlham Əliyev bir addım belə geri çəkilmədi, əsl Liderə xas olan qətiyyət və prinsipiallıq nümayiş etdirdi, siyasi strategiyasını tam həcmdə bə uğurla reallaşdırdı.

Dünən Azərbaycanla təzyiq dilində danışmağa çalışanlar, bu gün reallığı qəbul etmək məcburiyyətindədirlər. Bu, qalib Prezident, regiona sülh gətirən İlham Əliyevin, Azərbaycan diplomatiyasının növbəti qələbəsidir.

Politoloq Elşən Manafov qəzetimizə açıqlamasında deyib ki,

gerçəkdən Vaşinqtonda Tramp administrasiyasının vasitəçiliyi ilə Ermənistanla sülh münasibətlərinin şərtləri ətrafında əldə edilmiş bəyannamə Azərbaycan diplomatiyasının, onun prioritet istiqamətlərini müəyyənləşdirən Prezident İlham Əliyevin siyasi uzaqgörənliyinin nəticəsi olmaqla əldə edilmiş mühüm tarixi qələbədir. Bu qələbə ilk növbədə rəsmi İrəvanın siyasətini müəyyənləşdirən, onu uzun müddət istiqamətləndirən Qərbin qlobalist dairələri üzərində qazanılıb. Məhz onlar Ermənistan hakimiyyətinin siyasətini yönləndirməklə uzun müddət rəsmi Bakını qlobalistlərin təklif etdiyi platformalar üzərində danışıqlar masası arxasına keçirməyə, regionun geosiyasi konfiqurasiyasını bəlli dairələrin cızdığı ssenariyə uyğun şəkildə formalaşdırmağa çalışmışlar. Bununla belə Prezident İlham Əliyevin siyasi iradəsi və qətiyyəti nəticəsində rəsmi Bakıya qlobalistlər tərəfindən olan təhdidlər baş tutmamışdır: “ABŞ-da prezident seçkilərində qlobalistlərlə bağlı Baydenin seçkilərdə uğursuzluğundan sonra rəsmi Vaşinqtonun Cənubi Qafqazla bağlı siyasətində Bakı üstünlük təşkil etmişdir. Qlobalistlərin seçkilərdə uğursuzluğu və Vaşinqtonda yeni administrasiyanın münaqişə tərəfləri ilə qurmaq istədiyi yeni tipli münasibətlər rəsmi İrəvanın da, mövqeyinə təsirsiz ötuşməmiş, Paşinyan Tramp administrasiyasının dəstəyini itirməmək üçün Vaşinqton platformaslnda danışıqların aparılmaslna razılıq verməli olmuşdur. Trampın Avropa Birliyindən fərqli olaraq Ukrayna probleminin həlli üçün Rusiya ilə danışıqlara hazır olması Paşinyan üçün həyəcan siqnalı olmuşdur. Rusiyanın Ukrayna böhranın həlli ətrafında Trampla qarşılıqlı komromislər hesabına razılığa gəlmək ehtimalı Paşinyanı hakimiyyətinin təhlükəsizliyi naminə qabaqlayıcı addımlar atmaq məcburiyyətində qoymuşdur.

Üstəlik Tramp administrasiyası da prezident Trampın Nobel sülh mükafatına layiq olmasl fikrini əsaslandırmaq üçün yaranmış vəziyyətdən bəhrələnməyi qərara almışdır. Məlumdur ki, Trampın Ukrayna müharibəsinin dayandırılması üçün etdiyi bir sıra cəhdlər səmərəsiz qalmışdır. Bununla muqayisədə isə Tramp Hindistan Pakistan münaqişəsinin, habelə Afrika və Asiyadakı bir sıra münaqişələrin aradan qaldırılması ilə bağlı aparılan danışıqlarda ciddi diplomatik uğurlar əldə edə bilmişdir. Qlobalistlərin ABŞ-dakı seçkilərdə məğlubiyyətindən sonra Vaşinqtonun yeni administrasiyasının İrəvan hakimiyyətinə təzyiqi üçün şansları artmışdır. Üstəlik Rusiyanın Azərbaycanla münasibətlərin kəskinləşməsi fonunda rəsmi Moskvanın münaqişə tərəfləri arasında moderatorluq imkanları ümumiyyətlə daralmışdır. Qərbdə maraqlı dairələrin bilavasitə müdaxiləsi nəticəsində məlum təyyarə qəzasından sonra kəskinləməkdə olan Azərbaycan-Rusiya münasibətləri Cənubi Qafqazın təhlukəsizlik problemlərinin həllinə ABŞ-ın müdaxiləsi üçün perspektiv və əlverişli şərait yaratmış olurdu və əlbəttə regionda məlum münaqişənin aradan qaldırılmasını ABŞ-ın ayağına yazmaq üçün bu əlverişli imkandan yararlanmamaq düzgün olmazdı.

Prezident Əliyevin siyasi uzaqgörənliyi və diplomatik fitri istedadı məhz ondadır ki, o Ermənistanla sülh müqaviləsinin şərtlərinin, habelə bölgənin nəqliyyat kommunikasiya dəhlizlərinin işlək vəziyyətə gətirilməsi üçün geosiyasi və regional güc mərkəzləri arasındakı ziddiyyətlərdən yerində və vaxtında istifadə edə bildi və hətta Vaşinqton razılaşmalarının şərtlərindən narazı qalan tərəflər də gözəl başa düşürlər ki, regional mustəvidə aparılan,lakin həm də qlobal geosiyasi məzmun kəsb edən bu oyunda Azərbaycan orta xəttdə oynayan oyunçudur, odur ki, danışıqların mərkəzində olacaq tərəf də odur, autsayder isə Praqadan sonra siyasi məğlubiyyətini etiraf etmiş Ermənistandır. Cənubi Qafqazln geosiyasi durumunu dəyişmək üçün ondan həmişə alət olaraq istifadə edənlər İrəvan hakimiyyətinin bəlli səbəblərə görə halqanın zəif bəndi olmasının mahiyyətinə varırlar”.

Avrasiya universitetinin Humanitar fənlər və regionşünaslıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Aybəniz Rüstəmovanın fikrincə, Azərbaycan regionda sabitliyin və təhlükəsizliyin təmin olunmasında mühüm rola malik ölkədir. ABŞ ilə strateji əməkdaşlıq formatı, xüsusilə müdafiə və terrorçuluğa qarşı mübarizə sahələrində birgə fəaliyyətləri genişləndirəcək. Bu əməkdaşlıq, yalnız iki ölkə arasında deyil, həm də Qafqaz və daha geniş coğrafiyada təhlükəsizlik arxitekturasının möhkəmləndirilməsinə xidmət edəcək. Əlavə olaraq, Azərbaycanın tranzit potensialı və onun Orta Dəhliz üzərindəki rolu, enerji təhlükəsizliyi və logistik infrastruktur baxımından da ABŞ üçün strateji önəm daşıyır. 2025-ci ilin avqust ayında Prezident İlham Əliyevin ABŞ-a rəsmi səfəri çərçivəsində Ağ Evdə verdiyi bəyanat, Azərbaycan diplomatiyasının və xarici siyasətinin mühüm dönüş nöqtəsi kimi tarixə düşür. Prezidentin sözləri ilə desək, “biz həqiqətən də yeni tarixi səhifəyə imza atırıq: “Eyni zamanda, ABŞ və Azərbaycan arasındakı ikitərəfli münasibətlər yeni pilləyə qalxır və bizim strateji tərəfdaşlığımız artıq başlayır. Bu istiqamətdə bir neçə ay ərzində sənədlər və bütün mətnlər hazırlanacaq. Azərbaycan üçün bu, tarixi nailiyyətdir. Çünki bu gün strateji tərəfdaşlıq kontekstində dünyanın ən böyük ölkəsi ilə əlaqələr qurulur. Əlbəttə ki, bu, həm böyük imkan, eyni zamanda, böyük öhdəlik və məsuliyyətdir: “Avqustun 8-i tarixə sadəcə bir diplomatik hadisə kimi deyil, Cənubi Qafqazda onilliklər davam edən münaqişəyə son qoyacaq dönüş nöqtəsi kimi düşür. Azərbaycan Prezidenti tərəfindən verilən bəyanat, regional sabitlik və beynəlxalq əməkdaşlıq baxımından yeni mərhələnin başlandığını təsdiqləyir. Sözün əsl mənasında, bu gün “sülh günüdür”. Azərbaycan və Ermənistan 1991-ci ildə müstəqilliklərini əldə etdikdən sonra, sülh içində bir gələcək qurmaq əvəzinə, müharibə və qarşıdurma ilə dolu bir tarixi yaşamışdır. Qarabağ münaqişəsi bölgədə minlərlə insanın həyatına son qoymuş, milyonlarla insanı doğma torpağından didərgin salmış, iqtisadiyyatlara və insan münasibətlərinə dərin yaralar vurmuşdur. Bu gərginlik, təkcə iki ölkənin deyil, bütün regionun gələcəyini kölgədə saxlamış, inkişafı ləngitmişdir. Ancaq bugünkü bəyanatla bu zəncirin qırıldığına dair ciddi bir ümid yaranır. Prezident İlham Əliyevin bəyanatında xüsusi olaraq qeyd etdiyi “Tramp rifah və sülh marşrutu”, təkcə bir siyasi təşəbbüs deyil, bölgədə uzunmüddətli sabitlik, iqtisadi inteqrasiya və ictimai barış üçün bir platformadır. Bu təşəbbüs, divarları aradan qaldıran, əlaqələr yaradan, sərmayə və rifah gətirən bir yol xəritəsi rolunu oynayacaq. Bu marşrut, Cənubi Qafqazın bir zamanlar münaqişə zonası kimi tanınan xəritəsini, kommunikasiya və əməkdaşlıq mərkəzinə çevirmə potensialına malikdir. Söhbət yalnız iqtisadi imkanlardan deyil, eyni zamanda, xalqlar arasında etimadın bərpasından, insanların bir-birini yenidən tanımasından gedir”.

O, qeyd edib ki, Prezident Əliyevin xüsusi olaraq Prezident Donald Trampın rolunu qeyd etməsi, bu prosesin təkcə regional deyil, qlobal dəstək əsasında həyata keçirildiyini göstərir. ABŞ-ın vasitəçilik səyləri, xüsusilə də Tramp administrasiyasının təşəbbüsü ilə sülh dialoqunun reallaşması, diplomatik baxımdan mühüm əhəmiyyətə malikdir.

Prezident İlham Əliyevin Ağ Evdə Azərbaycanın media nümayəndələrinə verdiyi müsahibə də açıq şəkildə bəyan edib ki, Azərbaycan sülh istəyir və bu məqsədlə Ermənistanla imzalanmış sənəd bu niyyətin göstəricisidir. O, sülhün təkcə münaqişənin başa çatması ilə yox, əlaqələrin qurulması ilə də tamamlandığını vurğulayıb: “Bu gün Azərbaycan və Ermənistan arasında imzalanan sənəd isə bizim niyyətlərimizi açıq şəkildə göstərir. Biz sülh istəyirik, amma, eyni zamanda, əlaqə istəyirik. Ölkəmizin iki hissəsi arasında təhlükəsiz keçid yaratmaq istəyirik ki, bu da daha geniş region, hətta Ermənistan üçün çoxlu imkanlar açacaq. Ermənistanın Baş naziri ilə görüşlərdən birində ona dedim ki, Ermənistan tranzit ölkəyə çevrilə bilər. Bildirdim ki, siz tranzit ölkə olmağın nə demək olduğunu bilmirsiniz, çünki heç vaxt olmamısınız. Yalnız Azərbaycan vasitəsilə tranzit ölkə ola bilərsiniz. Azərbaycansız tranzit ölkə olmaq mümkün deyil. Siz isə tranzit ölkə olmağın faydalarını görəcəksiniz.

Biz özümüz də daha güclü tranzit ölkə olmağa çalışırıq. Ərazimizdən keçən nəqliyyat dəhlizlərinin yükdaşımada daha çox iştirak etməsini istəyirik. Bu isə həm pul, həm iş yerləri, həm də siyasi təsir deməkdir. Ermənistan isə illərlə özünü bu imkanlardan məhrum edib”. Prezident İlham Əliyevin sözlərindən aydın görünür ki, Azərbaycan təkcə hərbi-siyasi baxımdan deyil, həm də iqtisadi və logistik imkanlarını diplomatik alətə çevirərək regionda dayanıqlı sülhün qurulmasına çalışır. Bu yanaşma həm Azərbaycanın milli maraqlarına cavab verir, həm də regionun ümumi inkişafı üçün mühüm baza yaradır. Azərbaycanın sülhə çağırışı və tranzit təklifləri Ermənistan üçün də tarixi fürsətdir. Bu fürsətin necə dəyərləndiriləcəyi isə Ermənistan rəhbərliyinin gələcəyə necə baxmasından asılı olacaq”.

Cavid