11:04
483
“İtaliya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin 8 milyard avrodan 10 milyard avroya çatdırılması Azərbaycan iqtisadiyyatına əlavə investisiyaların cəlb edilməsi, ixrac imkanlarının genişlənməsi və yeni iş yerlərinin yaradılması baxımından əhəmiyyətlidir. Əsas məsələ əməkdaşlığın yalnız neft və qaz ticarəti ilə məhdudlaşmaması, sənaye, kənd təsərrüfatı, emal, logistika və yüksək texnologiyalar sahələrini də əhatə etməsidir”.
Bunu xalqcebhesi.az-a Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli söyləyib.
A.Nəsirli qeyd edib ki, İtaliya texnologiyalarının və qabaqcıl istehsal təcrübəsinin ölkəmizə gətirilməsi yerli müəssisələrin məhsuldarlığını və rəqabət qabiliyyətini artıra bilər: “Bununla yanaşı, qeyri-neft ixracının genişlənməsi iqtisadiyyatın şaxələndirilməsinə töhfə verər. Lakin bu hədəfin real iqtisadi faydaya çevrilməsi üçün ticarət artımı ilə yanaşı, Azərbaycanda istehsalın lokallaşdırılması, yerli müəssisələrin dəyər zəncirinə qoşulması və texnologiya transferi də təmin edilməlidir”.
Röya İsrafilova