Fazil Mustafa: “Bakıda bəzi məktəblərdə şagird sayı normadan üç dəfə çoxdur” Gündəm

Fazil Mustafa: “Bakıda bəzi məktəblərdə şagird sayı normadan üç dəfə çoxdur”

“Bizdə məktəblərdə ən böyük problemlərdən biri, xüsusilə də Bakı məktəblərində şagird sıxlığı ilə bağlı problemdir”.

Xalq Cəbhəsi.az xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, deputat Fazil Mustafa parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

Deputat bildirib ki, Bakı şəhərində bir sıra məktəblərdə şagird sıxlığı təhsilin keyfiyyətinə ciddi təsir göstərir: “O, 192 saylı məktəbi nümunə göstərərək qeyd edib ki, məktəbdə 850 şagird yeri olduğu halda, 2551 uşaq təhsil alır. Bir müəllimə dərs saatı ərzində bir şagirdlə maraqlanmaq üçün 30 saniyə vaxt, deməli, tələb olunur, bundan artıq vaxtı yoxdur. Bu məktəbdə uşağı necə savadlı və hazırlıqlı və tələblərə uyğun yetişdirmək mümkündür? Məktəbin zalı 25 kv.m-dir, hündürlüyü 3 metr – idman zalı. Bu idman zalında hansı idman vərdişlərini məktəb dövründə əldə etmək mümkündür?

Bununla bağlı mən cənab baş nazirə məktub ünvanlamışam və öz təkliflərimi vermişəm. Məktəblərin – bu, təkcə bir məktəbin nümunəsində dedim, çox sayda belə məktəblər var Bakı şəhərində xüsusilə – və bu problem həllini mütləq tapmalıdır.

Məktəblərin həyətində bəzilərində sahələr genişdir, bəzilərində çox sahə balacadır. Müəyyən dərəcədə sahəyə yeri olan məktəblər üçün bizdə, xatırlayırsınızsa, məcburi köçkünlər üçün modul tipli məktəblər qurmuşduq. Eyni zamanda, biz bu prosesi bütün bölgələrdə həyata keçirmişdik.

İndi bu məktəbin layihəsi prezidentlə – ölkə prezidenti həmin məktəbdə olub, bu dərs saatının sıxlığı məsələsinə də toxunub – amma hələ də məktəbdə yeni korpusun tikintisi həyata keçirilməyib. Bu, Zabrat qəsəbəsində olan məktəbdən söhbət gedir.

Mən təklif edirəm ki, nə qədər modul tipli məktəblər var, məktəbin həyətində yer varsa, orada 10-15 sinif otağının salınması bu sıxlığı minimum iki dəfə aşağıya endirə bilər və dərs saatında da, növbəlilik məsələsində də məktəbə köməklik göstərə bilər.

Ona görə də çox ciddi, vacib problem olduğunu nəzərə alaraq burada səsləndirdim, həm də bir deputat sorğusu kimi səslənsin və sürətli şəkildə bu məsələ az xərclərlə həll olunsa, məncə, bu sıxlığı ortadan qaldırmaq mümkün olar, təhsilin keyfiyyətini də artırmaq burada artıq daha yüngül imkanlar ortaya çıxar. Diqqətinizə görə təşəkkür edirəm”.

Günel Elxan