11:00
504.jpg)
Fransa Milli Polisinin rəhbərliyi, bir sıra şəhərlərdə nümayişlərin keçirilməsinə qoyulan qadağalara baxmayaraq, 24 oktyabrda gözlənilən yeni kütləvi çıxışlarla əlaqədar təhlükəsizlik tədbirlərini gücləndirmək üçün polis məktəblərinin kursantlarını cəlb etmək qərarına gəlib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "BFMTV" telekanalı məlumat yayıb.
Məlumata görə, Milli Polisin Baş İdarəsi sıravi heyət hazırlayan təhsil müəssisələrinə müraciət edərək təhsildən məzun olmaq üzrə olan kursantların fəaliyyətdə olan hüquq-mühafizə orqanları əməkdaşlarına köməyə göndərilməsini təklif edib. Artıq bir neçə onlarca şəxs könüllü olaraq müraciət edib.
Telekanalın qeyd etdiyi kimi, kursantlar birbaşa ictimai qaydanın qorunmasına cəlb olunmayacaqlar, çünki 2022-ci ildən bu, qanunla qadağandır. Bunun əvəzinə, daha təcrübəli əməkdaşların etiraz aksiyalarının keçirildiyi ərazilərdə tapşırıqları yerinə yetirməsini təmin etmək üçün kursantlara binaların mühafizəsi və komissarlıqlarda inzibati işlər tapşırılacaq.
"BFMTV" xatırladır ki, analoji təcrübə artıq Parisdəki Olimpiya Oyunları və koronavirus pandemiyası zamanı da tətbiq olunub.
Məryəm Quliyeva