“Türkiyə ərazisinə PUA-ların düşməsi suallar doğurur” Gündəm

“Türkiyə ərazisinə PUA-ların düşməsi suallar doğurur”

“Ötən günlərdə Türkiyə ərazisinə pilotsuz uçuş aparatlarının düşməsi təbii olaraq suallar doğurur. PUA-ların Rusiya mənşəli olması ehtimalı məsələyə sırf texniki insident kimi yox, daha geniş geosiyasi kontekstlə yanaşmağı zəruri edir”.

Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında siyasi şərhçi Alim Nəsirov söyləyib.

O əlavə edib ki, belə hallarda əsas məqam hadisənin məqsədli olub-olmamasıdır: “yəni bu, idarəetmədən çıxmış texniki hadisədirmi, yoxsa siyasi mesaj daşıyan planlı addımdır? Hazırkı regional və qlobal gərginlik fonunda bu cür insidentlərin təxribat xarakteri daşıması ehtimalını tam istisna etmək çətindir. Xüsusilə Rusiya–Qərb qarşıdurmasının dərinləşdiyi, Ukrayna müharibəsinin yeni mərhələlərə keçdiyi bir şəraitdə NATO üzvü olan Türkiyənin ərazisində baş verən hər hansı hərbi-texniki hadisə avtomatik olaraq daha həssas qəbul edilir. Bu cür PUA hadisələri bəzən tərəflər arasında “səbr testi”, bəzən də reaksiyaların ölçülməsi məqsədi daşıya bilər”.

A.Nəsirovun sözlərinə görə, digər tərəfdən, Türkiyə ilə Rusiya arasında mövcud olan mürəkkəb, lakin balanslaşdırılmış münasibətlər də nəzərə alınmalıdır: “Enerji, ticarət və regional təhlükəsizlik məsələlərində əməkdaşlıq edən tərəflər üçün açıq təxribat rasional seçim kimi görünmür. Buna görə də ehtimal variantları arasında texniki nasazlıq, istiqamət azması və ya dolayı eskalasiya ssenariləri daha real görünür. Ancaq istənilən halda, belə hadisələr diqqətlə araşdırılmalı və regional sabitliyə risk yaradan presedentə çevrilməsinə imkan verilməməlidir”.

Röya İsrafilova