Deputat: “Həssas qruplar üçün pulsuz hüquqi yardım mexanizmləri genişləndirilməlidir” Cəmiyyət

Deputat: “Həssas qruplar üçün pulsuz hüquqi yardım mexanizmləri genişləndirilməlidir”

Milli Məclisin deputatı Azər Allahverənov pulsuz hüquqi yardım sistemində həssas qrupların müdafiəsi, hüquqi xidmətlərin əlçatanlığı və operativliyinin təmin olunmasının vacibliyini vurğulayıb.

Deputat bu barədə Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Pulsuz hüquqi yardım haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı çıxış edib.

O bildirib ki, qanun layihəsi pulsuz hüquqi yardım sisteminin təşkilati, institusional və hüquqi əsaslarını formalaşdırır: “Əsas məqsəd hüquqi yardıma ehtiyacı olan aztəminatlı şəxslərin və azyaşlıların real müdafiə imkanlarını təmin etməkdir.
Ötən il Vəkillər Kollegiyası ilə birgə deputatların təmsil etdikləri seçki dairələrində keçirdikləri görüşlər vətəndaşlara ilkin hüquqi yardımın göstərilməsi baxımından uğurlu təcrübə olub.
Bu fəaliyyət davamlı xarakter daşımalıdır.
Biz görürük ki, seçki dairələrimizdə yaşayan çoxsaylı insanların, xüsusilə aztəminatlı və müdafiəyə ehtiyacı olan ailələrin ciddi hüquqi yardıma ehtiyacı var”.
Deputat hesab edir ki, yeni qanunla yanaşı, hüquqi yardımın əlçatanlığı və operativliyi də əsas prioritetlərdən olmalıdır.

O, insan alveri, məişət zorakılığı və əmək istismarı qurbanlarının müraciətlərinə daha sürətli baxılması üçün xüsusi mexanizmlərin yaradılmasını vacib sayıb.

A.Allahverənov əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsinə də diqqət çəkib: “Hüquqi statusundan asılı olmayaraq müdafiəyə ehtiyacı olan həssas əcnəbilərin hüquqi yardıma çıxış imkanları genişləndirilməlidir”.

Deputat pulsuz hüquqi yardımdan yararlana biləcək şəxslərin müəyyənləşdirilməsi zamanı daha çevik sosial meyarların tətbiqinə ehtiyac olduğunu da vurğulayıb.

O, vətəndaş cəmiyyəti institutlarının, hüquq klinikalarının və ixtisaslaşmış ictimai təsisatların prosesə daha geniş cəlb edilməsini təklif edib.

Çıxışında rəqəmsal texnologiyaların imkanlarına da toxunan deputat bildirib ki, rəqəmsal platformalardan geniş istifadə hüquqi yardımın həm keyfiyyətini, həm də əlçatanlığını artıra, müraciətlərə daha operativ baxılmasına şərait yarada bilər.

Sonda A.Allahverənov pulsuz hüquqi yardım sisteminin yalnız ödənişsiz hüquqi xidmət mexanizmi olmadığını, eyni zamanda sosial ədalətin, hüquq bərabərliyinin və insan ləyaqətinin qorunmasının mühüm təminatı olduğunu bildirib və qanun layihəsinə səs verəcəyini açıqlayaraq həmkarlarını da dəstəkləməyə çağırıb.

Günel Elxan