“Belə bir siyasət İranın regiondakı diplomatik təcridini daha da dərinləşdirər” Gündəm

“Belə bir siyasət İranın regiondakı diplomatik təcridini daha da dərinləşdirər”

“İranın region ölkələrindəki strateji obyektləri potensial hədəf kimi göstərməsi hərbi təhdiddən daha çox psixoloji təzyiq və siyasi şantaj vasitəsi kimi də qiymətləndirilə bilər”.

Bunu xalqcebhesi.az-a siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayeva bildirib.

Z.Qarayeva deyib ki, Tehran bununla ABŞ və İsrailə qarşı mümkün qarşıdurmanın iqtisadi və təhlükəsizlik yükünü qonşu dövlətlərin də üzərinə qoymağa çalışır: “Əslində, İranın bu yanaşması onun regional diplomatiyasında ciddi ziddiyyətləri üzə çıxarır. Bir tərəfdən qonşu ölkələrlə münasibətlərin normallaşdırılmasından danışan Tehran, digər tərəfdən həmin dövlətlərin mülki infrastrukturunu mümkün hücum obyektinə çevirərək qarşılıqlı etimadı sarsıdır. Xüsusilə otellərin, ticarət mərkəzlərinin və digər mülki obyektlərin hədəf kimi təqdim olunması beynəlxalq humanitar hüquq baxımından ciddi narahatlıq doğurur”.

Politoloq əlavə edib ki, belə bir siyasət İranın regiondakı diplomatik təcridini daha da dərinləşdirə, ərəb dövlətlərinin təhlükəsizlik məsələlərində ABŞ və İsraillə yaxınlaşmasını sürətləndirə bilər: “Nəticədə Tehran rəqiblərini çəkindirmək əvəzinə, özünə qarşı daha geniş regional təhlükəsizlik koalisiyasının formalaşmasına zəmin yarada bilər”.

Röya İsrafilova