
“1991-ci ildə müstəqilliyini yenidən bərpa edəndə Azərbaycanı ilk tanıyan ölkələrdən biri İsrail oldu. Fələstin – həm HAMAS, həm “Fəth” daim Ermənistanın yanında yer alır”.
APA xəbər verir ki, bunu türkiyəli jurnalist və yazar Yılmaz Özdil özünün “YouTube” kanalında bildirib.
O, Azərbaycan dövlətinin bunu əsla unutmadığını qeyd edib: “Məsələn, fələstinlilərin bizi kürəyimizdən necə bıçaqladığını, fələstinlilərin öz düşərgələrində PKK-çılara necə təlim keçdiklərini, fələstinlilərin ASALA ilə necə birlikdə hərəkət etdiklərini çoxdan unutmuşuq. Fələstinin Yunan Kiprinə necə dəstək verdiyini belə görmək istəmirik. Amma Azərbaycan ona qarşı edilənləri əsla unutmur. Çünki Azərbaycan dünyaya Bakının pəncərəsindən baxır. Azərbaycan Qarabağı İsrail istehsalı silahların hesabına işğaldan azad edib. Həqiqət budur. Əlbəttə, Türkiyənin də töhfəsi var. Azərbaycan Qarabağın işğaldan azad olunması zamanı hərbi əməliyyatlarda istifadə edilən silah-sursatın 70-80 faizini İsraildən alıb. Hətta İsrail həmin müharibə vaxtı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanat yaydı. Azərbaycan silah-sursatla bağlı 2012-ci ildən bəri birbaşa İsraillə əməkdaşlıq edir. AK Partiya iqtidara gələndə, məsələn, 2004-cü ildə Türkiyədə istehsal edilən İsrail silahları Azərbaycana satılırdı. Bəli, AK Partiya iqtidara gələn zaman Türkiyədə istehsal edilən İsrail silahlarını Azərbaycana satılmasını təmin edirdilər. Azərbaycan İsrailin Hava Hücumundan Müdafiə sistemlərindən istifadə edir. Biz 2,5 milyard dollara S-400 aldıq, istifadə belə edə bilmirik. ABŞ-ın qorxusundan başqa bir yerə satmağa çalışırıq. Azərbaycan isə daha ucuz qiymətə İsraildən HHM sistemi alıb”.
Yılmaz Özdil Türkiyədən Azərbaycana PUA satılmasına da münasibət bildirib. Onun sözlərinə görə, Azərbaycan 2009-cu ildən bəri ölkədə İsraillə birgə PUA istehsal edir, Bakının Türkiyə PUA-larına ehtiyacı yoxdur.
“Türkiyə xaric, hamı dünyaya öz paytaxtından baxır. Qəzzada öldürülən uşaqlara, qadınlara görə üzülmək başqa məsələdir, qardaşımız Azərbaycana qarşı çıxmaq isə başqa bir şeydir”, - türkiyəli jurnalist vurğulayıb.
O, “Mustafa Kamalın əsgəriyik”, “Bozqurd” işarəsi – bütün bunların hamısının Azərbaycandan gəldiyini deyib: “Qarabağ Zəfəri 10 noyabra təsadüf edir. Şəxsən Prezident İlham Əliyev tərəfindən bayramın tarixi dəyişdirilib, çünki 10 noyabr Mustafa Kamal Atatürkün ölüm günüdür. Zəfər Günü Azərbaycanda 8 noyabrda qeyd olunur. Atatürkə hörmətsizlik olmasın deyə, Azərbaycan rəsmi Zəfər Gününün belə tarixini dəyişdirib. Belə bir qardaşdan bəhs edirik. İnsan belə bir qardaşla münasibətini pozar heç?”
Yılmaz Özdil 1919-cu ildən 1922-ci ilə qədər də Azərbaycanın Türkiyənin yanında olduğunu, Qurtuluş Savaşında Bakıda Qüvayi-Milliyə ianələr toplandığını, azərbaycanlılardan ibarət alayın Milli Hərəkata qatıldığını xatırladıb.
“Azərbaycan bir yana, dünya bir yana, nə Fələstini?”, - o əlavə edib.