12:36
616
“İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri Əziz Nəsirzadənin Bakıya səfəri rəsmi izahların fövqündə daha geniş siyasi məna daşıyır. Gərgin regional fon, Yaxın Şərqdə müharibə ritorikasının yenidən güclənməsi və Tehranın artan təzyiqlər altında qalması bu səfərin sıradan ikitərəfli təmas olmadığını göstərir”.
Bu fikirləri xalqcebhesi.az-a siyasi şərhçi Alim Nəsirov bildirib.
Siyasi şərhçi qeyd edib ki, Bakı bu mərhələdə İran üçün etibarlı və sakit diplomatik ünvan kimi ön plana çıxır: “Səfərin yüksək səviyyədə təşkili və prezident Pezeşkianın birbaşa göstərişi ilə həyata keçirildiyinin vurğulanması Tehranın Azərbaycanla münasibətləri xüsusi diqqətdə saxladığını ortaya qoyur”.
Onun sözlərinə görə, bu gəliş İranın açıq qarşıdurma yox, riskləri azaltmağa yönəlik xəttə üstünlük verdiyini də göstərir: “Bakı Tehran üçün həm regional sabitliyin qorunması, həm də mümkün eskalasiyaların qarşısının alınması baxımından mühüm əlaqə nöqtəsidir. Azərbaycan tərəfi açıq vasitəçi mövqeyi nümayiş etdirməsə də, səssiz diplomatiya üçün uyğun mühit yarada bilən nadir paytaxtlardan biri kimi qəbul olunur. Bu baxımdan Nəsirzadənin səfəri İranın regional gərginlikləri nəzarətdə saxlamaq və mövcud diplomatik kanalları itirməmək cəhdinin tərkib hissəsi kimi qiymətləndirilə bilər”.
Röya İsrafilova