Hakan Fidan Qətərdə regional təhlükəsizlik məsələlərini müzakirə edəcək Gündəm

Hakan Fidan Qətərdə regional təhlükəsizlik məsələlərini müzakirə edəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan mayın 12-də Qətərə səfər edəcək. Səfər çərçivəsində Hörmüz boğazı ətrafındakı vəziyyət və Yaxın Şərqdəki nizamlanma prosesi müzakirə olunacaq.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, nazir Fidan danışıqlarda Ankaranın Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı gözləntilərini dilə gətirəcək, bu su yolunun regional təhlükəsizlik və iqtisadi sabitlik üçün əhəmiyyətini qeyd edəcək. O, Fars körfəzindəki münaqişənin qəti şəkildə həllinin ən təxirəsalınmaz vəzifə olduğunu bildirəcək və bu istiqamətdə həyata keçirilən diplomatik təşəbbüslər barədə fikir mübadiləsi aparacaq. Fidan, həmçinin regionda baş verən cari hadisələrin hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığın artan əhəmiyyətini bir daha sübut etdiyini vurğulayacaq.

Bundan əlavə, Türkiyə XİN rəhbəri İsrailin Qəzza zolağında və İordan çayının qərb sahilindəki qanunsuz hərəkətlərinə, həmçinin bu hərəkətlərin səbəb olduğu humanitar fəlakətə beynəlxalq birliyin diqqətini cəlb etməyin zəruriliyini qeyd edəcək. Nazir həmçinin vurğulayacaq ki, İsrailin hücumları fonunda Livanın suverenliyinin və ərazi bütövlüyünün qorunması regionda gərginliyin daha da artmasının qarşısını almaq baxımından böyük əhəmiyyət kəsb edir.

Məryəm Quliyeva