
Son dövrlər qlobal müstəvidə cərəyan edən sürətli geosiyasi dəyişikliklər, hibrid təhdidlərin miqyasının genişlənməsi və dövlətlərin daxili sabitliyinə yönələn xarici risklər milli təhlükəsizlik sistemlərinin yenidən qurulmasını zəruri edir. Regionun aparıcı güc mərkəzinə çevrilən, ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən Azərbaycan üçün də bu yeni mərhələdə hüquqi immunitetin gücləndirilməsi və preventiv qanunvericilik bazasının yaradılması strateji prioritetdir. Lakin dövlət aparatının çevikliyini və institusional nəzarəti artırarkən ölkə daxilindəki ən mühüm sütunun - dövlət-vətəndaş birliyinin qorunması idarəetmənin əsas fəlsəfəsini təşkil edir. Hüquqi tənzimləmələrin və cəza mexanizmlərinin sərtləşdirilməsi zərurəti yarandıqda belə, konstitusion prinsiplərdən, xüsusilə vətəndaşların fundamental azadlıqlarından və mülkiyyət toxunulmazlığından kənara çıxılmaması cəmiyyətdə sosial ədalət hissini və dövlətə olan inamı daha da möhkəmləndirir. Məhz bu kontekstdə, güclü dövlət idarəçiliyi ilə fərdin hüquqları arasında qızıl balansın tapılması müasir hüquq sisteminin ən həssas və vacib mövzularından birinə çevrilib. “Xalq Cəbhəsi” mövzunu Milli Məclisin deputatları ilə müzakirə edib.
“Mülkiyyət məsələsində ehtiyatlılıq”
Milli Məclisin deputatı Aydın Mirzəzadə nəzərə çatdırıb ki, qanunlar o vaxt sərtləşdirilir ki, bu və ya digər sahədə problemlər həll edilmək əvəzinə daha da dərinləşir: “Əgər problemi həll etmək, onun artmasının qarşısını almaq mümkün olarsa, həmin sahədə sadəcə hüquqi mexanizmlərin fəaliyyəti kifayət edir. Cəmiyyətin təhlükəsizliyi yalnız qanunlarla deyil, həm də ictimai münasibətlərin sağlam şəkildə formalaşması ilə təmin olunur. Cəmiyyətin təhlükəsizliyi həm hüquqi mexanizmlər, həm də cəmiyyətin daxili quruluşu ilə tənzimlənir. Tarixdən gələn ənənələr, vətəndaş cəmiyyətinin möhkəmlənməsi, dövlət-cəmiyyət münasibətlərinin davamlı şəkildə təkmilləşməsi dövlət idarəçiliyinin səmərəliliyini təmin edən əsas şərtlərdəndir”.
A.Mirzəzadənin sözlərinə görə, qanunvericilik bazasının sərtləşdirilməsi mexaniki xarakter daşımamalı, mütləq şəkildə sosioloji reallıqlara əsaslanmalıdır. Millət vəkili əlavə edib ki, hüquqi mexanizmlərlə yanaşı, cəmiyyətdə ictimai məsuliyyətin artırılması da mühüm əhəmiyyət daşıyır. O qeyd edib ki, vətəndaşların hüquqi şüurunun yüksəldilməsi və qanunlara hörmət hissinin aşılanması dövlətin inzibati resurslarının daha səmərəli idarə olunmasına birbaşa töhfə verir.
Hüququn aliliyi qorunmalıdır
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa isə bildirib ki, bu məsələdə siyasi və hüquqi istiqamətlər üzrə nəzarət mexanizmlərinin gücləndirilməsi dövlətin əsas vəzifələrindən biridir və bu, həm də konstitusion tələbdir.
Deputat qeyd edib ki, dövlətin təhlükəsizlik maraqları hər zaman prioritet olaraq qalır, lakin bu proses fərdlərin fundamental hüquqlarının məhdudlaşdırılması hesabına baş verməməlidir:
“Hüququn aliliyi prinsipi bütün hallarda qorunmalıdır. Lakin mülkiyyət məsələlərində daha ehtiyatlı və həssas yanaşma sərgilənməlidir. Bu ad altında vətəndaşların mülkiyyət hüquqlarına müdaxilə edəcək addımların atılmasına yol verilməməlidir. Siyasi təhlükəsizlik və hüquqi nəzarət mexanizmlərinin gücləndirilməsi vacibdir. Amma digər məsələlərdə hüququn aliliyi prinsipinden kənara çıxmaq olmaz. Vətəndaşın hüquq və azadlıqlarına zərər vura biləcək hər hansı addımın atılması doğru yanaşma deyil”.
Fazil Mustafanın sözlərinə görə, xüsusilə mülkiyyət hüquqları ilə bağlı məsələlərdə balanslı siyasət yürüdülməsi vacibdir: “Qanunvericiliyə edilən hər bir dəyişiklik və ya nəzarət tədbiri cəmiyyətdə narahatlıq yaratmamalı, əksinə, hüquqi təhlükəsizliyi təmin etməlidir. Bu, kifayət qədər həssas mövzudur. Dövlət maraqları qorunmaqla yanaşı, vətəndaşın fundamental hüquqları da təmin edilməlidir. Əsas prinsip məhz bu olmalıdır”.
“Güclü dövlət, effektiv idarəetmə və sabitlik”
Milli Məclisin deputatı Bəhruz Məhərrəmov isə məsələnin milli təhlükəsizlik və dövlət idarəçiliyi aspektlərinə toxunub.
Deputat qeyd edib ki, Milli dövlətçilik maraqlarının və ictimai təhlükəsizliyin qorunması hər bir müstəqil dövlətin mövcudluğunun fundamental əsasını təşkil edir: “Müasir dövrdə qanunvericiliyin sərtləşdirilməsi və institusional nəzarət mexanizmlərinin gücləndirilməsi dövlətin milli təhlükəsizliyi və effektiv idarəçiliyi baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan mürəkkəb geosiyasi şəraitdə və qlobal hibrid təhdidlərin artdıqca bir dövrdə yaşayır. Dövlət maraqlarına qarşı yönələn hər hansı daxili və xarici riskə qarşı hüquqi mexanizmlər çevik və qətiyyətli şəkildə işləməlidir. Qanunvericiliyin balanslı şəkildə sərtləşdirilməsi dövlətin hüquqi immunitetini gücləndirir. Qanunların preventiv funksiyası elə qurulmalıdır ki, dövlətin əleyhinə yönələ biləcək hər hansı destruktiv fəaliyyətin qarşı ilkin mərhələdə alınsın. Hüququn aliliyi və cəzanın qaçılmazlığı prinsipi dövlətin sarsılmazlığının əsas təminatıdır”.
Bəhruz Məhərrəmov vurğulayıb ki, institusional nəzarət mexanizmlərinin gücləndirilməsi dövlət aparatının çevikliyini və effektivliyini artırır, idarəetmədə şəffaflığın təmin olunmasına xidmət edir: “Güclü nəzarət mexanizmləri dövlət orqanlarının fəaliyyətində intizamı artırır, korrupsiya və xaotik idarəetmənin qarşısını alır. Bu isə xalq-dövlət birliyini daha da möhkəmləndirir və vətəndaşların dövlətə inamını artırır”. O, qeyd edib ki, ictimai maraqların müdafiəsi vətəndaşların təhlükəsizliyi, rifahı və daxili sabitliyinin qorunması deməkdir.
Deputat bildirib ki, dövlətin güclənməsi birbaşa vətəndaşın rifahı və təhlükəsizliyi ilə bağlıdır. Azadlıq və demokratiya hüquq çərçivəsində mövcud olmalı, cəmiyyətin ümumi maraqlarına zidd fəaliyyətlərə qarşı qanun çərçivəsində tədbirlər görülməlidir: “Prezident İlham Əliyev rəhbərliyi ilə Azərbaycan regionun aparıcı güc mərkəzlərindən birinə çevrilib, ərazi bütövlüyü və suverenliyi tam təmin olunub. Bu yeni tarixi şərait ölkənin hüquq sisteminin də daha dayanıqlı olmasını tələb edir. Əldə olunan tarihi nailiyyətlərin qorunması üçün hüquqi və institusional sistemin daha da gücləndirilməsi vacibdir”.
Günel Elxan