
Rusiya-Ukrayna müharibəsi artıq beşinci ildir ki, hər iki tərəfin ağır canlı qüvvə və hərbi resurs itkiləri ilə davam edir. 9 May paradından sonra cəbhədə qarşılıqlı hücumların daha da şiddətlənməsi, yaxın gələcəkdə hər hansı bir sülh razılaşmasının əldə olunma ehtimalını minimuma endirir.
Politoloq Elşad Həsənov “Xalq Cəbhəsi”nə açıqlaması zamanı diqqətə çatdırıb ki, artıq beşinci ildir ki, Rusiya-Ukrayna müharibəsi davam edir və bu müddətdə hər iki tərəf ağır itkilər verib: “Müharibə isə dayanmaq əvəzinə, xüsusilə 9 May paradından sonra daha da şiddətlənib. Son günlər Rusiya Ukrayna şəhərlərinə hücumlarını artırıb, Ukrayna isə buna cavab zərbələri endirib.
“Bütün müharibələrin sonu danışıqlar və müqavilələrlə yekunlaşır. Bu qarşıdurmanın da nə vaxtsa siyasi razılaşma ilə bitəcəyi qaçılmazdır. Lakin hazırda tərəflərin mövqeləri üst-üstə düşmür. Rusiya Donbası tam nəzarətə götürmək istəyir, Ukrayna isə buna razılıq vermir”.
Ekspertin sözlərinə görə, müharibənin uzanması Rusiyanın resurslarına da təsirsiz ötüşmür: “Artıq həm iqtisadi, həm də hərbi baxımdan Rusiyanın imkanlarında zəifləmə müşahidə olunur. İnsan resursları da əvvəlki səviyyədə deyil. Buna baxmayaraq, Kreml müharibəni özünü qalib kimi təqdim edə biləcəyi formada başa çatdırmaq istəyir. Moskva Ukrayna ordusunun Donbasdan çıxmasını tələb edir, amma Kiyev buna razılıq vermir”.
Politoloq qeyd edib ki, Ukrayna Prezidenti Volodymyr Zelenskyy işğal olunmuş ərazilərlə bağlı qərarın referendum yolu ilə həll edilməsinin vacibliyini vurğulayır: “Putin də geri addım atmır. Bu səbəbdən müharibənin nə qədər davam edəcəyini dəqiq söyləmək çətindir. Hazırkı vəziyyət göstərir ki, yaxın perspektivdə tərəflər arasında ciddi kompromis gözlənilmir və qarşıdurma hələ bir müddət davam edə bilər”.
“Ukrayna savaşı gələn ilə keçə bilər”
Politoloq Cavanşir Abbaslı diqqətə çatdırıb ki, Rusiya-Ukrayna müharibəsi artıq uzunmüddətli savaş kimi tarixə düşüb: “Bu gün bitsə belə, yenə də illərlə davam edən qarşıdurma kimi xatırlanacaq. Çünki artıq 4 ildən çoxdur davam edən ağır bir müharibədən söhbət gedir. Hazırkı mərhələdə müharibənin yaxın aylarda yekunlaşacağı real görünmür. Hər iki tərəf beynəlxalq ictimaiyyətə müharibənin davamında maraqlı olmadığını göstərməyə çalışır. Amma proseslər göstərir ki, xüsusilə Rusiya tərəfi hələ də hərbi üstünlük əldə etmək niyyətindədir. Ukrayna isə müəyyən üstünlüklərə baxmayaraq, geri çəkilmək və ərazi güzəştlərinə getmək istəmir”.
Ekspert bildirib ki, müharibənin taleyi böyük dövlətlərin siyasi razılaşmalarından asılı olacaq: “ABŞ Prezidenti Donald Trumpin Pekinə səfəri, eyni zamanda Rusiya Prezidenti Vladimir Putinin Çinlə intensiv təmasları göstərir ki, dünya gücləri arasında ciddi geosiyasi müzakirələr aparılır. Bu görüşlərdə Ukrayna müharibəsinin gələcəyi ilə bağlı məsələlərin də müzakirə olunduğu istisna deyil”.
Politoloq hesab edir ki, Ukrayna və İran ətrafında baş verən hadisələr bir-biri ilə əlaqəlidir: “İran ətrafında artan gərginlik və Ukrayna cəbhəsindəki savaş paralel proseslərdir. Böyük güclər arasında hər iki istiqamət üzrə ortaq razılaşmalar əldə olunmadan bu müharibələrin bitməsi çətin görünür. Hazırkı vəziyyət onu göstərir ki, həm Ukrayna, həm də Yaxın Şərqdəki gərginlik gələn ilə qədər davam edə bilər”.
Günel Elxan