
Dünyanın ən mötəbər tədbirlərindən biri – Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) mayın 17-də Bakıda açılışı olub. Dünyanın müxtəlif ölkələrindən minlərlə iştirakçısı olan Forumda dünya şəhərlərinin gələcəyi müzakirə olunur və eləcə də şəhərsalmada Azərbaycan təcrübəsi qeyd edilir.
Prezident İlham Əliyev Forumun açılış mərasimində çıxış edib. Prezident çıxışında Azərbaycanın şəhərsalma fəaliyyətindən bəhs edib, həmçinin işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma prosesindən danışıb.
Qeyd edək ki, Forum mayın 22-də yekunlaşacaq.
Millət vəkilləri “Xalq Cəbhəsi”nə Prezidentin çıxışında toxunduğu əsas məsələlərdən, Azərbaycanın WUF13 kimi önəmli tədbirlərə ev sahibliyi etməsindən və tədbirin əhəmiyyətindən danışıblar.
“Prezident dünyaya mesaj verdi”
Milli Məclisin deputatı Elnarə Akimova söyləyib ki, Prezident İlham Əliyevin Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasındakı (WUF13) çıxışı, əslində, Azərbaycanın keçmişi, bu günü və gələcəyi haqqında dünyaya ünvanlanan siyasi, mədəni və strateji mesaj idi: “Çünki burada söhbət yalnız şəhərlərin tikilməsindən yox, dövlətin necə qurulmasından, xalqın hansı sivilizasiya ənənəsinə malik olmasından və gələcəyə hansı baxışla irəliləməsindən gedirdi. Prezidentin “Azərbaycan xalqı şəhəryaradan xalqdır” fikri xüsusi diqqət çəkdi. Qəbələ, Gəncə, Naxçıvan, Şamaxı kimi qədim şəhərlərin nümunə göstərilməsi təsadüfi deyildi. Bununla dünyaya mesaj verildi ki, Azərbaycan təsadüfi coğrafi məkan deyil, minilliklər boyu şəhər mədəniyyəti formalaşdırmış, dövlətçilik və urban həyat ənənəsi yaratmış qədim sivilizasiya məkanıdır. Bu yanaşma Azərbaycanın beynəlxalq imicini daha da dərinləşdirir. Çünki müasir dünyada güclü dövlət olmaq yalnız iqtisadi və hərbi imkanlarla ölçülmür; tarixi-mədəni köklər, şəhər mədəniyyəti və sivilizasiya yaddaşı da mühüm amildir”.
Yeni inkişaf fəlsəfəsi
Deputat bildirib ki, çıxışda dövlət rəhbərliyinin şəhərsalma siyasətinə xüsusi diqqət göstərməsinin vurğulanması da mühüm siyasi mesaj idi: “Bu, urbanizasiya məsələsinin təsadüfi və lokal təşəbbüs deyil, dövlət strategiyasının əsas istiqamətlərindən biri olduğunu nümayiş etdirdi. Şəhərlərin inkişafı, yolların çəkilməsi, infrastrukturun yenilənməsi, parkların, sosial obyektlərin yaradılması Azərbaycanda uzunmüddətli inkişaf siyasətinin tərkib hissəsi kimi təqdim olundu. Burada əsas məqam ondan ibarətdir ki, dövlət urbanizasiya prosesinə yalnız tikinti prizmasından baxmır; insan həyatı, sosial rifah, ekoloji balans və milli memarlıq düşüncəsi birlikdə nəzərə alınır. Ən təsirli məqamlardan biri isə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən yenidənqurma siyasətinin təqdimatı idi. Prezident faktiki olaraq dünyaya göstərdi ki, Azərbaycan dağıntıları sadəcə bərpa etmir, yeni inkişaf fəlsəfəsi yaradır. Qarabağ və Şərqi Zəngəzur bu gün dünyanın diqqətlə izlədiyi böyük şəhərsalma və dayanıqlı inkişaf layihəsinə çevrilib. “Ağıllı şəhər”, “ağıllı kənd”, yaşıl enerji zonası, müasir infrastruktur, ekoloji yanaşma — bütün bunlar Azərbaycanın postmünaqişə dövründə necə strateji və uzaqgörən siyasət həyata keçirdiyini nümayiş etdirir. Dünyada bir çox ölkələr müharibədən sonra xaos və qeyri-müəyyənlik yaşayarkən, Azərbaycan azad edilmiş torpaqlarda sistemli və planlı quruculuq modeli ortaya qoyur. Bu isə ölkənin beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə artırır”.
E.Akimova həmçinin deyib ki, Prezidentin çıxışında xüsusi vurğulanan digər məqam Azərbaycanın qlobal tədbirlərə uğurla ev sahibliyi etməsi idi: “COP29 və WUF13 kimi mühüm beynəlxalq platformaların Azərbaycanda keçirilməsi artıq ölkənin yalnız regional deyil, qlobal miqyasda etibarlı tərəfdaş kimi qəbul olunduğunu göstərir. Dünyada müharibələrin, siyasi böhranların və təhlükəsizlik risklərinin artdığı bir dövrdə Azərbaycanın beynəlxalq dialoq üçün təhlükəsiz məkan kimi seçilməsi böyük siyasi etimadın göstəricisidir. Bu, həm də onu göstərir ki, Azərbaycan artıq qlobal gündəlik formalaşdıran məsələlərin müzakirəsində fəal iştirak edən ölkəyə çevrilib”.
“Azərbaycan üçün şəhərsalma milli kimliyin gələcəyə daşınmasıdır”
Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Günay Ağamalı qeyd edib ki, Prezident İlham Əliyevin WUF13 çərçivəsində səsləndirdiyi fikirlər bir daha göstərdi ki, Azərbaycan üçün şəhərsalma milli kimliyin, tarixi yaddaşın və dövlət fəlsəfəsinin qorunaraq gələcəyə daşınmasıdır: “Azərbaycan xalqı tarix boyu şəhəryaradan xalq kimi tanınıb. Qədim Qəbələ, Gəncə, Naxçıvan, Şamaxı kimi şəhərlərimiz sivilizasiya mərkəzləri olub. XIX əsrin ikinci yarısından başlayaraq Azərbaycanda urbanizasiya prosesinin yeni mərhələsi formalaşdı. Neft sənayesinin inkişafı ilə yanaşı şəhərlərin siması dəyişdi, müasirlik elementləri meydana çıxdı. Ölkəmizin öz tarixi-mədəni irsini qoruması ən önəmli məqam idi. Tarixi qorumaqla müasirləşmək Azərbaycanın şəhərsalma modelinin əsas xəttinə çevrilib. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhərsalma məsələlərinə göstərdikləri xüsusi diqqət sözügedən sahədə həyata keçirilən siyasətin ardıcıl və məqsədyönlü xarakterini aydın nümayiş etdirir”.
“Ölkəmiz dağıdılmış ərazilərdə gələcəyin şəhərlərini qurur”
G.Ağamalı vurğulayıb ki, ölkəmizdə həyata keçirilən layihələr göstərir ki, şəhərsalma Azərbaycanda dövlət siyasətinin strateji istiqamətlərindəndir: “İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işləri bu siyasətin ən parlaq nümunəsidir. Qarabağ və Şərqi Zəngəzurda “ağıllı şəhər”, “ağıllı kənd”, yaşıl enerji və müasir infrastruktur konsepsiyalarının tətbiqi dünyada nadir rast gəlinən yanaşmadır. Azərbaycan dağıdılmış ərazilərdə gələcəyin şəhərlərini qurur. Dünyada münaqişələrin, müharibələrin və təhlükəsizlik risklərinin artdığı bir dövrdə Azərbaycanın COP29, WUF13 kimi mötəbər beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsi xüsusi məna daşıyır. Bütün bunlar Azərbaycanın sabitlik, təhlükəsizlik və beynəlxalq dialoq məkanı kimi nüfuzunun göstəricisidir. Ölkəmiz qlobal məsələlərin müzakirə olunduğu etibarlı platformaya çevrilib. Ölkəmizin əldə etdiyi bütün uğurların əsasında Prezident İlham Əliyevin uzaqgörən siyasəti, qətiyyəti və milli maraqlara söykənən dövlətçilik yanaşması dayanır. Məhz cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionun lider dövlətinə, beynəlxalq miqyasda söz sahibi olan güclü və etibarlı tərəfdaşa çevrilib”.
“Bu, Azərbaycan şəhərsalmasının əsas fəlsəfəsini təşkil edir”
Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib ki, Forumda Avropa ilə Asiya arasında yerləşən Azərbaycanın həmişə Şərqlə Qərbin qovuşduğu məkan olduğunu vurğulayan Prezident bu xüsusiyyətin ölkənin memarlığında da öz izini qoyduğunu bildirdi: "Əgər siz Bakıda İçərişəhərin qədim divarları arasında gəzsəniz, sonra bircə küçəni keçsəniz, özünüzü tamamilə müasir mühitdə hiss edəcəksiniz" — deyən Prezident Əliyev Bakı Bulvarının vaxtilə üç kilometr olduğunu, indi isə 15 kilometrdən artıq tanınmış dənizkənarı məkan kimi dünyaya tanındığını xatırlatdı. Bu bütövlük — qədimliklə yenilik, tarixi irsin qorunması ilə müasirləşmə zərurəti arasındakı tarazlıq — Azərbaycan şəhərsalmasının əsas fəlsəfəsini təşkil edir. Prezident bu ili "Şəhərsalma və Memarlıq İli" elan etdiklərini xatırladaraq BMT-nin Məskunlaşma Proqramı ilə birgə 2022-ci ildən etibarən uzun illər işğal altında olmuş şəhərlərdə — Ağdamda, Zəngilanda və Xankəndidə üç milli şəhərsalma forumu keçirdiklərini vurğuladı. Prezident Əliyev çıxışında Azərbaycanın yalnız Bakıdan ibarət olmadığını, ölkənin bir çox şəhərinin öz memarlığı ilə dünyaya meydan oxuduğunu xüsusi olaraq qeyd etdi”.
“Cəmi beş ildə görülən işlər heyrətamizdir”
N.Həmzəyev eləcə də əlavə edib ki, Prezidentin çıxışının ən güclü hissəsi işğaldan azad edilmiş Qarabağın yenidən qurulmasına həsr olundu: “30 il erməni işğalı altında qalan bu ərazinin tamamilə məhv edildiyini xatırladan Prezident Əliyev beynəlxalq müşahidəçilərin Ağdamı "Qafqazın Xirosiması" adlandırdığını bildirdi. Lakin bu viran mənzərə atom bombasından deyil, 30 illik sistematik dağıntı siyasətinin nəticəsi idi — binalar, tarixi tikililər, evlər bir-bir sökülüb dağıdılmışdı. Bugün isə mənzərə tamamilə dəyişib. Cəmi beş ildə görülən işlər heyrətamizdir: 70 kilometr tunel qazılıb, 500 körpüdən 435-i inşa edilib, elektrik stansiyaları, su kəmərləri, su anbarları istifadəyə verilib, evlər, məktəblər, xəstəxanalar tikilib, üç beynəlxalq hava limanı açılıb, dəmir yolları çəkilib. Artıq 85 mindən artıq azərbaycanlı keçmiş işğal altında olmuş ərazilərdə yaşayır. Böyük Qayıdış Proqramı çərçivəsində şəhər və kəndlərin baş planları hazırlanır, minalardan təmizləmə davam edir, sənaye zonaları salınır. Prezidentin sözləri ilə desək: "Yalnız dağıtmaq, məhv etmək və əziyyətlər vermək üçün gələnlərdən fərqli olaraq, məhz torpağın yiyələri bu cür davranırlar”.
Deputat onu da diqqətə çatdırıb ki, Prezident Əliyev çıxışını ümidverici bir mesajla tamamladı: “O, BMT-dən olan mütəxəssislərin və dünya şəhərlərindən gələn qonaqların ekspert bilikləri ilə Azərbaycanın öz təcrübəsinin birlikdə daha gözəl nəticələr verəcəyinə inanır. "Şəhərsalma prosesində çox səhvlər olub və düşünürəm ki, həmin dövr artıq keçmişdə qaldı" — deyən Prezident bu sözlərlə həm öz ölkəsinin keçdiyi çətin yolu etiraf etdi, həm də gələcəyə olan inamı ifadə etdi. Forumun 13-ci sessiyası bir həqiqəti bir daha sübut etdi: Bakı artıq yalnız neftin şəhəri deyil — o, qədimliklə müasirliyi, dağıntıdan yaradıcılığa keçişi, Şərqlə Qərbi bir arada yaşadan, dünyaya öyrədəcək nümunəsi olan bir şəhərə çevrilib”.
Röya İsrafilova