ABŞ-İran düyünü: bölgəni nə gözləyir? Gündəm

ABŞ-İran düyünü: bölgəni nə gözləyir?

ABŞ-İran müharibəsinin bitirilməsi üçün bir neçə dəfə baş tutan danışıqlar nəticəsiz qalsa da, amma səylər davam edir.

Son günlər isə ABŞ İranla danışıqlar üçün özünün 5 əsas şərtini açıqlayıb. Ekspertlərin əksəriyyəti İranın ABŞ-nin tələbləri ilə razılaşacağının mümkünsüz olduğunu irəli sürürlər.

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens isə İran danışıqlarında bir sıra məsələlərdə əhəmiyyətli irəliləyiş olduğunu diqqətə çatdırıb.

Belə olan halda proses nə vəd edir? İran ABŞ-nin şərtlərini qəbul edəcək, yoxsa bölgə yeni müharibəyə hazırlaşmalıdır?

“Xalq Cəbhəsi” mövzunu politoloqlarla müzakirə edib.

Politoloq Elman Telmanoğlu deyib ki, ABŞ-nin İranla danışıqlar çərçivəsində irəli sürdüyü 5 əsas şərtin qəbul olunub-olunmayacağı məsələsi tərəflərin strateji maraqları ilə birbaşa bağlıdır: “İranın bu şərtləri tam şəkildə qəbul etməsi hazırkı siyasi reallıqda yüksək ehtimal kimi görünmür. Çünki Tehran uzun illərdir öz xarici siyasətində suverenlik, regional təsir imkanları və təhlükəsizlik məsələlərini əsas prioritetlərdən biri hesab edir. ABŞ tərəfindən irəli sürülən tələblər İranın nüvə proqramı, regional fəaliyyəti və təhlükəsizlik siyasəti ilə bağlı məhdudiyyətləri əhatə edirsə, Tehran bunları birbaşa milli maraqlara təsir edən məsələlər kimi qiymətləndirə bilər”.

“Tərəflər müəyyən istiqamətlər üzrə anlaşmaya nail ola bilər”

E.Telmanoğlu bildirib ki, bununla yanaşı, İranın şərtlərin müəyyən hissəsi ilə bağlı kompromisə getmək ehtimalı tam istisna edilmir: “Xüsusilə iqtisadi sanksiyaların yumşaldılması və beynəlxalq iqtisadi münasibətlərin genişləndirilməsi perspektivi İran üçün mühüm stimul ola bilər. Ölkənin iqtisadi vəziyyəti, daxili sosial-iqtisadi çağırışlar və regional geosiyasi balans da qərarların qəbulunda təsirli amillərdən hesab edilir. Prosesin inkişafı ilə bağlı bir neçə mümkün ssenari mövcuddur. Birinci ssenari məhdud razılaşma modelidir, tərəflər bütün məsələlər üzrə deyil, yalnız müəyyən istiqamətlər üzrə anlaşmaya nail ola bilərlər. İkinci ssenari uzunmüddətli və mərhələli danışıqlar prosesidir. Bu halda tərəflər qarşılıqlı güzəştlər əsasında addım-addım irəliləməyə çalışa bilərlər. Üçüncü və daha mürəkkəb ssenari isə danışıqların nəticəsiz qalması və tərəflər arasında gərginliyin artmasıdır”.

“Tam normallaşma real görünmür”

O əlavə edib ki, hazırkı geosiyasi vəziyyət göstərir ki, ABŞ və İran münasibətlərində tam normallaşma qısa müddətdə real görünmür: “Lakin tərəflərin açıq qarşıdurma riskini azaltmaq üçün dialoqu davam etdirməsi daha ehtimal olunan istiqamət hesab edilə bilər. Nəticə etibarilə prosesin taleyi yalnız irəli sürülən şərtlərdən deyil, həm də regional hadisələrin inkişafından və beynəlxalq güclərin mövqeyindən asılı olacaq. Bu isə ABŞ-İran siyasi qarşıdurmasının yaxın gələcəkdə həllinin görsənmədiyinə dəlalət edir”.

“Ciddi intensiv diplomatiya aparılır”

Politoloq Samir Hümbətov qeyd edib ki, son günlər çox ciddi bir intensiv diplomatiyanın aparıldığı məlumdur: “ABŞ Prezidenti Donald Tramp Çin səfərindən sonra İrana 5 şərt irəli sürüb. Görünür ki, Çinlə hansısa məsələlərdə razılığa gəliblər və bu razılıq var deyə İrana 5 şərt irəli sürülüb. Məlum məsələdir ki, İranın əsas dəstək verən qüvvəsi Çindir. Trampın Çinə səfərindən sonra bu cür amillərin irəli sürülməsi təbiidir və görünən odur ki, hansısa məsələlərdə razılıqlar var və ya razılığa yaxın bir hal qeydə alına bilər. Ona görə düşünürəm ki, ABŞ-nin irəli sürdüyü bu şərtlər İranı hansısa formada Fars körfəzində yaratdığı vəziyyəti aradan qaldırmağa yönəldiblər. Məsələn, Fars körfəzində bloklanmanın aradan götürülməsi, dənizin minalardan təmizlənməsi, gəmilərin rahat hərəkət etməsi və s. Çünki Avropada ciddi bir dərman qıtlığı yaranmaqdadır və bu, ciddi bir böhrandır”.

“İranın bütün şərtləri qəbul etməsini demək çətin məsələdir”

S.Hümbətovun fikirlərinə görə, belə olan halda Avropa da, ABŞ də ciddi bir narazılıq və narahatlığa səbəb ola biləcək etirazlarla qarşılaşa bilər: “Ona görə də düşünürəm ki, İran hökuməti də öz vəziyyətindən xəbərdardır və bilir ki, bu cür halların davam etməsi onun təkcə hərbi deyil, həm də iqtisadi vəziyyətini ağırlaşdırır, daxildə narazı kütləni daha da genişləndirə bilər. Onun üçün də mən düşünürəm ki, İran da razılaşmağa məcbur olacaq. Ancaq İranın bütün şərtləri istisnasız qəbul etməsini demək çətin məsələdir. Bəlkə də müəyyən bir konsensus ola bilər”.

“ABŞ rəsmiləri İranın son təklifini yetərli saymayıb”

Siyasi şərhçi Alim Nəsirov diqqətə çatdırıb ki, ABŞ-nin 5 şərti əsasən İranın nüvə proqramının məhdudlaşdırılması, regional hərbi fəaliyyətlərinin zəiflədilməsi, sanksiyalarla bağlı mərhələli mexanizm, Hörmüz boğazı və təhlükəsizlik təminatları ətrafında formalaşır: “İranın bu şərtləri tam şəkildə qəbul etməsi real görünmür, çünki Tehran nüvə proqramını və Hörmüz üzərində təsir imkanını strateji təhlükəsizlik aləti sayır. Amma İranın tam imtina etməsi də ehtimal deyil. Çünki sanksiyalar, iqtisadi təzyiq və hərbi eskalasiya riski Tehranı müəyyən güzəştlərə məcbur edir. ABŞ rəsmiləri İranın son təklifini yetərli saymayıblar, amma Tramp nüvə sazişi üçün “yaxşı şans” olduğunu da bildirib.

“Məhdud razılaşma ehtimalı daha yüksəkdir”

A.Nəsirovun sözlərinə görə, proses böyük ehtimalla “ya tam razılaşma, ya müharibə” xətti ilə deyil, mərhələli danışıqlar yolu ilə inkişaf edəcək: “İran əvvəlcə sanksiyaların yumşaldılması, dondurulmuş vəsaitlərin açılması və hərbi təzyiqin azalmasını istəyəcək. ABŞ isə bunun qarşılığında nüvə fəaliyyətinə nəzarət, zənginləşdirmə səviyyəsinin məhdudlaşdırılması və regional gərginliyin azaldılmasını tələb edəcək. Əsas düyün odur ki, tərəflər eyni anda həm güzəşt almaq, həm də güzəşt vermiş kimi görünməmək istəyirlər. Ona görə yaxın mərhələdə böyük sazişdən çox, müvəqqəti atəşkəsin qorunması, dolayı danışıqların davamı və məhdud razılaşma ehtimalı daha yüksəkdir”.

Röya İsrafilova