BŞİH-də müşavirə keçirilib, tapşırıqlar verilib Siyasət

BŞİH-də müşavirə keçirilib, tapşırıqlar verilib

Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın bütün xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə qış mövsümünə hazırlıq məsələlərinə həsr olunmuş geniş müşavirə keçirilib.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib.

Müşavirədə çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bu gün Prezident İlham Əliyevin son tarixi çıxışlarının yaratdığı təəssürat altında olduqlarını vurğulayıb. O qeyd edib ki, dövlət başçısının bu çıxışlarını sadəcə bəyanatlar kimi qiymətləndirmək olmaz:

"Çünki mahiyyət etibarilə həmin çıxışlar dünənin və bugünün reallıqlarını özündə əks etdirən, gələcəyə ünvanlanmış mühüm tarixi mesajlardır. Bu çıxışlarda Qarabağ məsələsinin Azərbaycan xalqı tərəfindən müstəqil şəkildə həll edildiyi birmənalı olaraq bəyan olundu. Azərbaycan kimi bir dövlətin tam müstəqil siyasi kurs həyata keçirməsi bütün dünyaya əyani şəkildə göstərildi. Bu da tarixi nöqteyi nəzərdən çox vacibdir. Əminəm ki, bu çıxışlar elmi dərinlik baxımından gələcəkdə saysız tarixi-elmi dissertasiyaya mövzu olacaq", – Eldar Əzizov qeyd edib.

Müşavirə zamanı paytaxtda aparılan abadlıq-quruculuq işləri, kommunal xidmətlərin fəaliyyəti, sanitar-təmizlik vəziyyəti və yaşıllaşdırma ilə bağlı cari məsələlər də müzakirə olunub.

Həmçinin kommunal xidmət sahələrinin rəhbərlərinin qış mövsümünə hazırlıq işlərinin gedişi barədə hesabatları dinlənilib.

Müşavirənin yekununda görülən işlərin sürətləndirilməsi və qarşıya qoyulan vəzifələrin vaxtında yerinə yetirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.