12:05
889
Fələstin Dövləti bir sıra ərəb və İslam ölkələrinin xarici işlər nazirlərinin Qəzzaya doğru hərəkət edən flotiliyanın iştirakçılarına qarşı israilli ifratçı nazir İtamar Ben-Qvir tərəfindən törədilmiş dəhşətli və alçaldıcı hərəkətləri pisləyən bəyanatını dəstəkləyir.
Fələstin Dövlətinin Azərbaycandakı səfirliyindən xalqcebhesi.az-a daxil olan bəyanatda belə deyilir.
Qeyd olunub ki, Səudiyyə Ərəbistanı Krallığının, İordaniya Haşimilər Krallığının, Birləşmiş Ərəb Əmirlikləri Dövlətinin, İndoneziya Respublikasının, Pakistan İslam Respublikasının, Türkiyə Respublikasının, Qətər Dövlətinin və Misir Ərəb Respublikasının xarici işlər nazirləri İsrail tərəfindən saxlanılma zamanı Qəzzaya doğru hərəkət edən flotiliyanın iştirakçılarına qarşı israilli ifratçı nazir İtamar Ben-Qvir tərəfindən törədilmiş dəhşətli, alçaldıcı və qəbuledilməz hərəkətləri ən sərt formada pisləyirlər.
Nazirlər Ben-Qvirin saxlanılan şəxslərə qarşı qəsdən və açıq şəkildə həyata keçirdiyi alçaltmanın insan ləyaqətinə qarşı rüsvayedici hücum olduğunu və İsrailin beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq və beynəlxalq insan hüquqları hüququ üzrə öhdəliklərinin açıq şəkildə pozulması demək olduğunu təsdiq edirlər.
Həmçinin nazirlər Ben-Qvirin və digər İsrail rəsmilərinin işğal olunmuş Fələstin ərazisində fələstinlilərə qarşı törətdikləri qanunsuz və ekstremist təhrikçilik və zorakılıq aktlarını ən sərt formada pisləyir və qınayırlar.
Nazirlər xəbərdarlıq edirlər ki, Ben-Qvirin təxribat xarakterli hərəkətləri nifrət və ekstremizmi alovlandırır, iki dövlətli həll əsasında ədalətli və davamlı sülhə nail olunmasına yönəlmiş səylərə mane olur.
Nazirlər Ben-Qvirin öz əməllərinə görə məsuliyyətə cəlb edilməsini tələb edir, onun təxribatlarına, təhrikçiliyinə və təkrarlanan pozuntularına son qoymaq, hədələrini davam etdirməsinin qarşısını almaq, bu cür hərəkətlərə dözümlülük göstərilməməsini və onların təkrar olunmamasını təmin etmək üçün konkret tədbirlər görülməsinə çağırırlar. Eyni zamanda bütün saxlanılan şəxslərin insan hüquqlarının qorunmasının və ləyaqətinin təmin edilməsinin, onlarla humanist rəftar olunmasının, eləcə də işğal olunmuş Fələstin ərazisində beynəlxalq hüquqa tam riayət edilməsinin zəruriliyini vurğulayırlar.
Cavid