İranın nüvə proqramı ətrafında diplomatik oyun: tərəflər nəyə nail olmaq istəyir? Gündəm

İranın nüvə proqramı ətrafında diplomatik oyun: tərəflər nəyə nail olmaq istəyir?

Yaxın Şərqdə nüvə proqramı ilə bağlı gərginlik yeni bir mərhələyə qədəm qoyub. Hərbi əməliyyatların heç bir tərəfə qəti strateji üstünlük qazandırmadığı bir şəraitdə, Vaşinqton və Tehran arasında mübarizə meydandan diplomatik masaya keçib. Lakin ekspertlər bu prosesi sadəcə sülhə gedən yol kimi deyil, tərəflərin öz siyasi mövqelərini qorumaq və vaxt udmaq üçün istifadə etdiyi çoxşaxəli bir "informasiya savaşı" kimi qiymətləndirirlər. Politoloqlar Şəbnəm Həsənova və Şakir Ağayev İranın nüvə potensialı, ABŞ-ın tələbləri və bölgədəki regional aktorların, xüsusilə də İsrailin mövqeyi fonunda prosesin pərdəarxası məqamlarını və mümkün ssenariləri təhlil ediblər.
“Xalq Cəbhəsi”nə danışan siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova diqqətə çatdırıb ki, ABŞ və İran arasında yeni diplomatik proses yaranıb. Hərbi əməliyyatlar tərəflərdən heç birinə qəti strateji üstünlük vermir: “ABŞ və İsrail İranın nüvə infrastrukturuna ciddi zərbələr endirsələr də əsas problem yüksək zənginləşdirilmiş uran ehtiyatlarının tamamilə məhv edilməsidir ki, tərəflər buna hələ də nail bilməyiblər. Bu isə danışıqlar masasında Tehranın rıçaqlarını hələ də qoruduğunu göstərir.Vaşinqtonun məqsədi ondan ibarətdir ki, İranın nüvə silahı əldə etmək potensialı minimallaşdırılsın. Bundan ötrü ABŞ 60%-lik İran ehtiyatlarının ya ölkədən çıxarılmasını, ya da tamamilə məhv edilməsini istəyir. Habelə, Tehran üçün bu, milli təhlükəsizlik və suverenlik məsələsidir. Bu baxımdan da İran nüvə proqramından tam imtina etməyə hazır görünmür. İndiki durumda ən real ssenari ondan ibarətdir ki, tərəflər qarşılıqlı güzəştlərə əsaslanan mərhələli razılaşmaya keçsinlər. İran uran ehtiyatlarının bir qismini beynəlxalq nəzərət altında məhdudlaşdırmağa razılaşa bilərsə, ABŞ-da öz növbəsində bəzi iqtisadi sanksiyaları yumşalda bilər”.
Ş. Həsənova vurğulayıb ki, prosesdə İsrailin mövqeyi xüsusi əhəmiyyət kəsb edir: “İsrail İranın istənilən səviyyədə zənginləşdirilmə imkanını öz milli təhlükəsizliyi üçün ciddi təhdid kimi görür və bu baxımdan daha qəti məhdudiyyətlərin tətbiqində israrlıdır. İsrailin təhlükəsizlik narahatlıqları nəzərə alınmadan uzunmüddətli və yaxud da dayanıqlı razılaşmanın əldə edilməsi son dərəcə müşkül görünür.
Nəticə etibarilə, indiki mərhələdə əsas mübarizə hərbi meydandan diplomatik masaya keçib. Tərəflər arasında etimadın da son dərəcə aşağı olduğunu nəzərə alsaq, istənilən razılaşmanın davamlılığı onun icrasına beynəlxalq nəzarət və qarşıqlı öhdəliklərin yerinə yetirilməsindən asılı olacaq”.

İnformasiya savaşı

Politoloq Şakir Ağayev deyib ki, İran və ABŞ arasında aparılan danışıqların hazırkı mərhələsi daha çox tərəflərin öz siyasi mövqelərini nümayiş etdirməsinə və informasiya mübarizəsinə bənzəyir: “Həm Vaşinqton, həm də Tehran danışıqlar prosesində özünü üstün tərəf kimi təqdim etməyə çalışır. ABŞ istəyir ki, beynəlxalq ictimaiyyətə onun irəli sürdüyü tələblərin qəbul edildiyini göstərsin. İran isə əksinə, milli maraqlarını qoruduğunu və heç bir ciddi güzəştə getmədiyini nümayiş etdirməyə çalışır. Buna görə də tərəflərin verdiyi açıqlamalar arasında ciddi fərqlər müşahidə olunur. Bir gün ABŞ rəsmiləri İranın uranın zənginləşdirilməsindən imtina etməyə yaxın olduğunu bildirir, növbəti gün İran tərəfi bunun həqiqəti əks etdirmədiyini bəyan edir”.
Politoloq qeyd edib ki, hazırkı mərhələdə danışıqların əsas məqsədlərindən biri vaxt qazanmaqdır: “İran mövcud vəziyyətdən istifadə edərək iqtisadi və hərbi potensialını bərpa etməyə çalışır. ABŞ isə daxili siyasi amilləri nəzərə alaraq yeni hərbi qarşıdurmaya getmək istəmir. Bu səbəbdən tərəflər daha çox diplomatik manevrlərə üstünlük verir və prosesin uzanmasında maraqlı görünürlər”.
Ş.Ağayev bildirib ki, İsrailin mövqeyi isə fərqli xarakter daşıyır: “İsrail, xüsusilə Baş nazir Benyamin Netanyahu bölgədə gərginliyin tam aradan qalxmasında maraqlı görünmür. Çünki mövcud müharibə şəraiti onun siyasi mövqeyini qorumasına imkan verir. İsraildə Netanyahu ilə bağlı davam edən hüquqi və siyasi proseslər də bu məsələdə mühüm rol oynayır”.
Politoloqun sözlərinə görə, Livanda baş verən son hadisələr də regionda sabitliyin hələ tam təmin olunmadığını göstərir:
“Bir tərəfdən atəşkəs və diplomatik razılaşmalardan danışılır, digər tərəfdən isə hərbi əməliyyatlar davam edir. Bu da onu göstərir ki, regionda maraqlar toqquşur və tərəflər arasında yekun razılığın əldə olunması üçün hələ müəyyən zaman tələb olunur”.

Günel Elxan