Ermənistan geosiyasi yolayrıcında: Qərb xətti və fərqli strategiya Dünya

Ermənistan  geosiyasi yolayrıcında: Qərb xətti və fərqli strategiya

Ermənistan hazırda xarici siyasətində kritik bir dönüş nöqtəsindən keçir. Ölkədə yaxınlaşan siyasi proseslər sadəcə hakimiyyət uğrunda mübarizə kimi deyil, daha geniş mənada dövlətin gələcək inkişaf vektorunun müəyyənləşdirilməsi kimi qəbul edilir. İrəvanın ənənəvi təsir dairələrindən uzaqlaşaraq Avropa və Qərb institutlarına inteqrasiya istiqamətində atdığı addımlar, ölkənin təhlükəsizlik arxitekturasını yenidən formalaşdırmaq cəhdi kimi qiymətləndirilir. Bu strateji seçimin, xüsusilə Azərbaycanla sülh müqaviləsi və regiondakı qüvvələr balansına necə təsir edəcəyi isə qarşıdakı dövrün əsas suallarından biri olaraq qalır.
Millət vəkili Fazil Mustafa qeyd edib ki, Ermənistanın son dövrlərdə Avropa İttifaqı ilə münasibətləri genişləndirməsi və Qərbə inteqrasiya istiqamətində addımlar atması ölkənin təhlükəsizlik və xarici siyasət prioritetləri ilə bağlıdır: “Baş verənləri Ermənistanın eyni vaxtda fərqli geosiyasi mərkəzlər arasında manevr etməsi kimi qiymətləndirmək düzgün olmaz. Burada söhbət hansısa iki stulda oturmaq siyasətindən getmir. Hər bir dövlət kimi Ermənistan da öz təhlükəsizliyini təmin etməyə çalışır. Əvvəllər bu təhlükəsizlik təminatını daha çox Rusiyada görürdüsə, indi Avropa İttifaqına yaxınlaşma xəttini seçib. Bu da onların dövlət maraqları və təhlükəsizlik hesablamaları ilə bağlı məsələdir.
Ermənistanın xarici siyasətdəki bu kursu sülh danışıqlarına mənfi deyil, əksinə, müəyyən mənada müsbət təsir göstərə bilər.
Hazırkı açıqlamalar göstərir ki, Ermənistan hakimiyyəti sülh danışıqlarının davam etdirilməsində maraqlıdır və bu istiqamətdə addımlar atmaq niyyətini nümayiş etdirir. Ona görə də indiki mərhələdə proseslərə emosional deyil, siyasi reallıqlar prizmasından yanaşmaq lazımdır”.
Deputat bildirib ki, Ermənistan daxilində gedən siyasi proseslərin yekunlaşmasını gözləmək daha məqsədəuyğundur: “Seçkilərdən sonra veriləcək açıqlamalar və atılacaq addımlar daha ciddi əhəmiyyət daşıyacaq. Əgər bu günə qədər sülh prosesindən geri çəkilməyə yönəlmiş əks mövqelər səsləndirilməyibsə, fərqli nəticələr çıxarmağa əsas yoxdur. Ermənistan rəhbərliyinin seçkilərdən sonrakı davranışı və bəyanatları proseslərin hansı istiqamətdə inkişaf edəcəyini daha aydın göstərəcək”.

Yeni strateji hədəf

Milli Məclisin deputatı Ceyhun Məmmədov diqqətə çatdırıb ki, son dövrlərdə baş verən siyasi proseslər Ermənistanın xarici siyasətdə yeni kurs müəyyənləşdirdiyini göstərir.
Onun sözlərinə görə, İrəvan tədricən Rusiyanın təsir dairəsindən uzaqlaşaraq Qərbə inteqrasiya istiqamətində addımlar atır: “Proseslərin təhlili onu göstərir ki, Ermənistanın əsas məqsədi Qərblə münasibətləri daha da inkişaf etdirmək və bu istiqamətdə inteqrasiyanı gücləndirməkdir. Son dövrlərdə verilən qərarlar və həyata keçirilən siyasət də bunu deməyə əsas verir.
Hazırkı mərhələdə Ermənistan rəhbərliyi daxili siyasi prosesləri prioritet hesab edir və sülh müqaviləsinin imzalanması məsələsinə də bu prizmadan yanaşır. Paşinyan hakimiyyəti ilk növbədə ölkədaxili siyasi proseslərdən uğurla çıxmağa çalışır. Hesab olunur ki, bundan sonra Azərbaycanla sülh müqaviləsinin imzalanması üçün daha əlverişli şərait yaranacaq”.
C.Məmmədov vurğulayıb ki, Ermənistanda keçiriləcək siyasi proseslərdən sonra regionda yeni mərhələnin başlanacağı gözlənilir:
“Ehtimal etmək olar ki, həmin mərhələdə Ermənistan Azərbaycanla sülh müqaviləsini imzalayacaq. Paralel olaraq isə Qərblə siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığını daha da genişləndirəcək. Bu gün Ermənistanın həyata keçirdiyi siyasətin əsas strateji hədəfi məhz budur”.

Günel Elxan