
Son günlər müşahidə olunan kəskin iqlim tərəddüdləri və qeyri-sabit hava şəraiti orqanizmin uyğunlaşma mexanizmlərini ciddi sınağa çəkir. Atmosfer təzyiqinin enib-qalxması, rütubətin dəyişməsi və temperatur fərqləri bəzi insanlar üçün sadəcə narahatlıq deyil, həm də mövcud xəstəliklərin kəskinləşməsi üçün bir "tətik" rolunu oynayır. “Xalq Cəbhəsi”nə açıqlamalarında həkim-terapevtlər Şahvələd Məmmədov, Etibar Süleymanov və Sübhan Hacıyev meteohəssaslığın fizioloji və psixoloji tərəflərini izah edərək, bu dəyişkən hava şəraitində sağlamlığı qorumağın praktiki yollarını açıqlayıblar.
“Hava niyə sağlamlığımıza təsir edir?”
Mövzu ilə bağlı “Xalq Cəbhəsi”nə açıqlamasında həkim-terapevt Şahvələd Məmmədov bildirib verib ki, meteohəssaslıq ayrıca xəstəlik hesab edilmir, hava şəraitində baş verən dəyişikliklərə orqanizmin verdiyi reaksiyalar toplusudur: “İqlim dəyişiklikləri, fəsillərin dəyişməsi, güclü külək, yağış, qasırğa və ya kəskin isti hava şəraiti bəzi insanlarda sağlamlıq problemlərinin artmasına səbəb ola bilir.
Meteohəssaslıq sindromu deyilən ayrıca bir xəstəlik yoxdur. Bu, sadəcə olaraq müəyyən simptomlar kompleksidir. Hava şəraitindəki kəskin dəyişikliklər bəzi insanlarda müxtəlif narahatlıqlar yarada bilər.
Meteohəssaslıq daha çox miqren xəstələrində, ürək-damar sistemi xəstəliklərindən əziyyət çəkənlərdə, oynaq problemləri olan şəxslərdə müşahidə olunur.
Havanın qeyri-sabit olduğu dövrlərdə bu xəstələrdə mövcud xəstəliklərin kəskinləşməsi halları baş verə bilər. Temperaturun, küləyin və digər meteoroloji amillərin dəyişməsi insanın həm fizioloji, həm də psixoloji vəziyyətinə təsir göstərir”.
Həkim bildirib ki, meteohəssas insanlar hava şəraitində gözlənilən dəyişikliklər zamanı daha diqqətli olmalıdırlar: “Xroniki xəstəlikləri olan şəxslərə istifadə etdikləri dərman preparatlarını, o cümlədən ürək, təzyiq, miqren və oynaq ağrılarına qarşı qəbul etdikləri dərmanları özləri ilə gəzdirmələri tövsiyə olunur. Hava şəraitində kəskin dəyişiklik gözlənildiyi zaman sağlamlıq vəziyyətinə nəzarət etmək və ehtiyatlı davranmaq vacibdir”.
“Meteohəssas insanlar nələrə diqqət etməlidir?”
Həkim-terapevt Etibar Süleymanov deyib ki, son günlər müşahidə olunan qeyri-sabit hava şəraiti bəzi insanlarda müxtəlif sağlamlıq problemlərinin yaranmasına səbəb ola bilər: “Hava şəraitinin tez-tez dəyişməsi xüsusilə meteohəssas insanlar üçün müəyyən risklər yaradır. Hazırda hava şəraiti gün ərzində belə kəskin dəyişə bilir. Bir müddət isti hava müşahidə olunur, sonra temperatur aşağı düşür və ya yağıntılı hava şəraiti yaranır. Belə dəyişikliklər sağlam insanlarda ciddi problem yaratmasa da, meteohəssas şəxslər, allergik xəstəliklərdən əziyyət çəkənlər, mövsümi xəstəlikləri olanlar və immun sistemi zəif olan insanlar üçün müəyyən fəsadlara səbəb ola bilər.
Xüsusilə arterial təzyiqdən əziyyət çəkən şəxslərdə atmosfer təzyiqinin dəyişməsi nəticəsində qan təzyiqinin enib-qalxması, baş ağrıları, ürəkdöyünmə və ümumi halsızlıq kimi hallar müşahidə edilə bilər. Havanın qeyri-sabit keçməsi düzgün geyim seçimini də çətinləşdirir ki, bu da soyuqdəymə və müxtəlif virus infeksiyalarına yoluxma riskini artırır”.
Həkim bildirib ki, bu cür hallardan qorunmaq üçün hava proqnozlarını mütəmadi izləmək, hava şəraitinə uyğun geyinmək və immun sistemini gücləndirmək vacibdir: “İnsanlar qidalanmalarına diqqət yetirməli, vitaminlərlə zəngin məhsullardan istifadə etməli, fiziki aktivliyi qoruyub saxlamalıdırlar. Meteohəssas şəxslər isə hava dəyişiklikləri və maqnit qasırğaları ilə bağlı yayılan məlumatları izləməli, zərurət olduqda həkim məsləhətlərinə əməl etməlidirlər.
"Atmosfer təzyiqinin qəfil dəyişməsi...”
Həkim-terapevt Sübhan Hacıyev diqqətə çatdırıb ki, hava şəraitində baş verən kəskin dəyişikliklər insan sağlamlığına birbaşa təsir göstərə bilər:
“Atmosfer təzyiqinin qəfil dəyişməsi damarların tonusuna təsir edərək arterial təzyiqdə dalğalanmalara, baş ağrısı, başgicəllənmə və ümumi halsızlıq kimi halların yaranmasına səbəb olur.
Xüsusilə ürək-damar xəstəlikləri, hipertoniya, miqren və revmatoloji problemlərdən əziyyət çəkən şəxslər hava dəyişikliklərini daha həssas şəkildə hiss edirlər. Atmosfer təzyiqindəki dəyişikliklər onların sağlamlıq vəziyyətinə mənfi təsir göstərə bilər”.
S.Hacıyev qeyd edib ki, havada rütubətin artması da bəzi xəstəliklərin əlamətlərini gücləndirir: “Yüksək rütubət nəfəsalma prosesini çətinləşdirə bilər. Bronxial astma və xroniki ağciyər xəstəlikləri olan insanlarda nəfəs darlığı və digər şikayətlər daha qabarıq şəkildə özünü göstərə bilər. Eyni zamanda temperaturun qısa müddətdə kəskin dəyişməsi orqanizmin uyğunlaşma mexanizmlərinə əlavə yük yaradır. Bu isə yorğunluq, yuxululuq, diqqətin azalması və əmək qabiliyyətinin zəifləməsi ilə nəticələnə bilər”.
Həkim-terapevt vurğulayıb ki, meteoroloji dəyişikliklər insanların psixoloji vəziyyətinə də təsirsiz ötüşmür: “Bəzi insanlarda əsəbilik, narahatlıq, əhval-ruhiyyənin aşağı düşməsi, yuxu pozğunluqları və konsentrasiya problemləri müşahidə olunur. Bu hallar beyində qan dövranı və hormonal balansda baş verən müvəqqəti dəyişikliklərlə əlaqədardır”.
Mütəxəssis hava dəyişikliklərinin mənfi təsirlərini azaltmaq üçün vətəndaşlara kifayət qədər maye qəbul etməyi, yuxu rejiminə əməl etməyi və sağlam həyat tərzini qorumağı tövsiyə edib: “Xüsusilə yaşlı insanlar, hamilə qadınlar, xroniki xəstəliklərdən əziyyət çəkən şəxslər və meteohəssas insanlar daha diqqətli olmalıdırlar. Əgər baş ağrıları, təzyiq dəyişiklikləri, ürəkdöyünmə və ya nəfəs darlığı tez-tez təkrarlanırsa, bunu yalnız hava şəraiti ilə əlaqələndirmək düzgün deyil. Belə hallarda mütləq həkim müayinəsindən keçmək lazımdır".
Günel Elxan