“Məcburi köçkün” kimi təqdim olunan Azərbaycan vətəndaşları bu gündən yeni hüquqi kimlik qazanırlar” Gündəm

“Məcburi köçkün” kimi təqdim olunan Azərbaycan vətəndaşları bu gündən yeni hüquqi kimlik qazanırlar”

“Milli Məclisin müstəqillikdən keçən 35 il ərzində qəbul etdiyi qaçqınlıq və köçkünlük aktları artıq tarixə qovuşur, yeni Böyük Qayıdış qanunları yazılır. Parlament həyatında müstəsna yer tutan hazırkı akt gələcəkdə millətimizin və dövlətimizin tarixində şanlı səhifəyə çevriləcək. Çünki Böyük Qayıdış qanunları məğlubiyyət, işğal və köçkünlük dövrünün bitdiyini, qalib Yüz İlin başlandığını göstərən əsas milli ideyadır”.
Bunu Milli Məclisin Əmək və sosial siyasət, İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında komitə sədri Zahid Oruc deyib.
O bildirib ki, Mənzil Məcəlləsinə edilən dəyişikliklə yaradılacaq “İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşdırma Fondu”na daxil olan yaşayış sahələri vətəndaşlara artıq icarə müqaviləsi əsasında deyil, mülkiyyət hüququ əsasında veriləcək: “Qaçqınların və məcburi köçkünlərin statusu haqqında” Qanuna edilən dəyişikliklə şəxs işğaldan azad edilən ərazidə əvvəlki yaşayış yerinin əvəzinə yeni yaşayış sahəsi aldıqda və ya imkandan imtina etdikdə statusun itirilməsi hüquqi baxımdan dəqiq müəyyən olunur.
“Məcburi köçkünlərin sosial müdafiəsi haqqında” Qanuna edilən dəyişiklik isə sosial müdafiə tədbirlərinin 3 il müddətində davam etməsini dəqiqləşdirir. Bu müddətin hesablanması statusun itirildiyi gündən başlanacaq. Keçid müddəaları da vacibdir. Qanun qüvvəyə minənədək artıq yeni ərazilərdə mənzil almış məcburi köçkünlər də təklif olunan hüquqi imtiyazlardan yararlana biləcəklər. Yurd yaddaşını, sosial müdafiəni, iqtisadi inkişafı və milli bərpanı vahid hüquqi çərçivədə birləşdirir”.
Komitə sədri qeyd edib ki, otuz il ərzində dünyanın müxtəlif tribunalarından "qaçqınlar", "məcburi köçkünlər", "didərginlər" kimi təqdim olunan Azərbaycan vətəndaşları bu gündən etibarən yeni hüquqi kimlik qazanırlar. Onlar artıq yardım alan insanlar deyil, öz torpağının, evinin və gələcəyinin sahibi olan qalib xalqın nümayəndələridir.

Avropa İttifaqında veto hüququ mübahisəsi: müsbət və mənfi məqamlar

Avropa İttifaqında veto hüququnun məhdudlaşdırılması ilə bağlı müzakirələr gedir. Bu, ittifaqın gələcək inkişafına təsir edir. Bəziləri qeyd edir ki, veto ittifaqın genişlənməsini ləngidir. Veto hüququnun məhdudlaşdırılması isə xüsusilə Macarıstanın son illərdə ittifaqın qərarlarını bloklamasından sonra aktuallaşıb. Müzakirələr Ukrayna, Moldova və Qərbi Balkan ölkələrinin üzvlük perspektivlərinə də təsir edir.
Avropa İttifaqında veto hüququnun məhdudlaşdırılması ittifaqı gücləndirəcək, yoxsa parçalanmalara yol açacaq?
“Xalq Cəbhəsi” sual ətrafında politoloqların fikirlərini öyrənib.
Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayeva qeyd edib ki, Avropa İttifaqında yeni üzv ölkələrin müəyyən müddət veto hüququndan məhrum edilməsi ilə bağlı müzakirələr, əslində, ittifaqın gələcək idarəetmə modelinə dair daha geniş debatın tərkib hissəsidir: “Ukrayna, Moldova və Qərbi Balkan ölkələrinin üzvlük perspektivinin aktuallaşdığı bir vaxtda Brüssel qərarların daha operativ qəbul edilməsini istəyir. Son illərdə bəzi üzv dövlətlərin, xüsusilə Macarıstanın müxtəlif məsələlər üzrə bloklayıcı mövqeyi Avropa İttifaqında yekdillik prinsipinin effektivliyi barədə sualları artırıb. Bu baxımdan bəzi dairələr hesab edir ki, genişlənən ittifaqın daha çevik qərarvermə mexanizmlərinə ehtiyacı var”.
“Kiçik dövlətlər hesab edirlər ki...”
Z.Qarayevanın fikirlərinə görə, digər tərəfdən, veto hüququnun məhdudlaşdırılması Avropa İttifaqı daxilində siyasi bərabərlik prinsipinə dair narahatlıqları da gücləndirir: “Xüsusilə kiçik dövlətlər hesab edirlər ki, veto hüququ onların milli maraqlarını qoruyan əsas mexanizmlərdən biridir. Yeni üzvlərin müəyyən müddət bu hüquqdan məhrum edilməsi isə onların ikinci dərəcəli üzv kimi qəbul edilməsi təəssüratı yarada bilər. Buna görə də məsələ yalnız genişlənmə ilə bağlı deyil, həm də Avropa İttifaqının gələcəkdə daha mərkəzləşdirilmiş, yoxsa üzv dövlətlərin səlahiyyətlərini qoruyan model üzrə inkişaf edəcəyi ilə bağlı strateji müzakirə kimi qiymətləndirilir”.
Politoloq Turan Rzayev bildirib ki, Avropa İttifaqı faktiki olaraq sərhədlərini tam olaraq nəzərdə tutulan sərhəd boyunca genişləndirməyi bacarıb: “Yəni buradakı ölkələr hazırda Mərkəzi Avropa ölkələrdir və Sovet İttifaqının süqutundan sonra Şərqi Avropa ölkələri idi ki, bu ölkələr də Avropa İttifaqının üzvləridir. Əslində, qeyd olunduğu kimi, hazırda Ukrayna, Moldova, Balkan ölkələri, hətta və hətta Gürcüstanı da əlavə etsək, təbii olaraq bu ölkələr postsovet ölkələri sayılırlar və Rusiya ilə yaxınlığı ilə seçilən ölkələrdir”.
Məntiqli yanaşma
T.Rzayev qeyd edib ki, Avropa İttifaqı bu qərarı verərək gələcəkdə Avropa İttifaqına daxil olacaq bu ölkələrdə Rusiyayönümlü qüvvələrinin yenidən hakimiyyətə gəlməsi və bundan da doğacaq nəticə kimi Rusiya əleyhinə verəcək qərarların veto ediləcəyi düşünülür. Yəni əslində məntiqli bir yanaşmadır, amma əlbəttə ki, birmənalı da qəbul edilməyəcək. Çünki Avropa İttifaqı belə bir qaydanı bu günə qədər tətbiq etməyib. Amma məhz indi tətbiq etməsi istənilən halda üzvlərin özü ilə bağlı problem yaradacaq. Ən azından çox rahat şəkildə Avropa İttifaqı daxilində etimadsızlıq yaranacaq. Yəni bir növ bizə ikinci sinif üzv kimi baxırsınız düşünücəsi formalaşacaq”.
“Təcrübə göstərir ki...”
Politoloq amma burada qeyri-adi heç nə görmədiyini vurğulayıb: “Mənə görə kifayət qədər məntiqli bir adımdır. Çünki təcrübə göstərir ki, Ukraynada Qərb və Rusiyanın hakimiyyət dəyişiklikləri yaxın tarixdə baş verib. Bu, Gürcüstanda da olub. Moldovanın özündə isə hələ də İqor Dodon kimi bir problem qalmaqdadır və həmin Moldovadır ki, bu gün Rumıniya ilə birləşmək qərarı alır. Yəni bütün bunlar hamısı eyni məntiqə sığır və deyə bilərik ki, bu qərar qabaqlayıcı və tədbir məqsədlidir, qeyri-adi bir şey yoxdur. Ancaq yeni bir üzv olmaq istəyən ölkələrin təşviqinə, eyni zamanda, onların etimadına müəyyən qədər zərər dəymiş ola bilər”.
Yeni yanaşma perspektivi
Siyasi şərhçi Alim Nəsirov söyləyib ki, Avropa İttifaqında veto hüququ ilə bağlı müzakirələr təkcə qərarqəbuletmə mexanizmlərinin təkmilləşdirilməsi məsələsi deyil, eyni zamanda, Aİ-nin siyasi kimliyinin necə formalaşacağı ilə bağlı debatdır: “Əgər yeni üzv ölkələr müəyyən müddət veto hüququndan məhrum edilərsə, bu, faktiki olaraq ittifaq daxilində müxtəlif statuslu üzvlük modelinin yaranmasına gətirib çıxara bilər. Belə yanaşma qısamüddətli perspektivdə qərarların qəbulunu asanlaşdırsa da, uzunmüddətli perspektivdə yeni üzvlərin Aİ-yə inteqrasiyasını çətinləşdirə və onların siyasi narazılıqlarını artıra bilər. Xüsusilə Ukrayna kimi namizəd ölkələr üçün tamhüquqlu üzvlük təkcə iqtisadi deyil, həm də siyasi bərabərlik məsələsidir. Buna görə də veto hüququnun məhdudlaşdırılması gələcəkdə Aİ daxilində mərkəz və periferiya bölgüsünü daha da dərinləşdirə bilər”.
A.Nəsirov əlavə edib ki, bu baxımdan müzakirə olunan məsələ yalnız idarəetmə islahatı deyil, Avropa İttifaqının gələcək siyasi arxitekturasının necə olacağına dair strateji seçim kimi qiymətləndirilməlidir.

Röya İsrafilova