“ABŞ rəsmilərinin son açıqlamalarında maraqlı məqamlar var” Gündəm

“ABŞ rəsmilərinin son açıqlamalarında maraqlı məqamlar var”

Əli Zülfüqaroğlu: “Vəziyyətin bu cür davam etməsi respublikaçıların konqresə seçkiləri uduzması deməkdir”

ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığında onun Yaxın Şərqdəki (əsas da Livan ərazisində) fəaliyyətini kəskin tənqid edib. Tramp-Netanyahu münasibətlərində soyuqluq yaranıb?
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu Ajans.az-a bildirib ki, Netanyahu hökumətinin Livanla bağlı addımları bölgədə gərginliyin davam etməsinə hesablanıb.
Onun fikrincə, Trampın məqsədi İranla razılaşmanın əldə edilməsi və bunun qələbə kimi elan olunmasıdır: “Bunun üçün ciddi təzyiq edilir ki, İran güzəştə getsin. ABŞ rəsmilərinin son açıqlamalarında maraqlı məqamlar var. ABŞ indiyə qədər zənginləşdirilmiş uranın İrandan çıxarılmasını əsas tələb kimi irəli sürürdü. Amma son günlər ABŞ rəsmiləri tərəfindən verilən “İran nüvə silahı istehsal etməyəcəyi və digər ölkələrdən almayacağı ilə bağlı razılıq verib”, - açıqlaması diqqət çəkir. Ümumi vəziyyət belədir ki, hər keçən gün ABŞ hökumətinin əleyhinə işləyir. Tramp may ayına qədər problemin həllinə nail ola bilmədi. Noyabrda isə aralıq seçkiləri keçiriləcək. Vəziyyətin bu cür davam etməsi isə respublikaçıların konqresə seçkiləri uduzması deməkdir”.
O bildirib ki, İrana quru əməliyyatlarının başladılması ilə bağlı ABŞ hökuməti daxilində ciddi fikir ayrılıqları var: “Bunun hökumət üçün ciddi risk daşıması hər kəsə bəllidir. Çünki burada hər hansı uğursuzluq hökumətin sonunu gətirə bilər. Ona görə də növbəti eskalasiya baş verərsə, yalnız hava hücumları ilə İranın mülki obyektləri, xüsusilə enerji infrastrukturu hədəf alına bilər. Təbii ki, bu da ABŞ üçün ciddi risk yaradır. Çünki bu baş verərsə, İran tərəfindən körfəz ölkələrinin bütün infrastrukturu hədəf alınacaq ki, bu da həmin ölkələr üçün fəlakət deməkdir. Eyni zamanda bu ssenari qlobal neft qiymətlərinin kəskin yüksəlməsinə və dünya iqtisadiyyatında fəlakətə səbəb olacaq, geosiyasi böhranı dərinləşdirəcək. Bu vəziyyət də ABŞ üçün arzuolunmazdır. Ona görə də Tramp hökuməti zənginləşdirilmiş uranın İrandan çıxarılması tələbinin əvəzinə, İranın nüvə silahı istehsal və əldə etməyəcəyinin zəmanətini əsas götürə bilər. Təbii ki, bununla bağlı da hökumət daxilində ciddi fikir ayrılıqları var və bir-birini təkzib edən açıqlamalar bundan qaynaqlanır”.
Onun sözlərinə görə, İranın əsas şərtlərindən biri də atəşkəsin bütün cəbhələrə, o cümlədən Livana da şamil olunmasıdır: “Əgər İranın nüvə silahı istehsal etməməsi ilə bağlı razılıq önə sürülsə, halbuki İran müharibədən öncə də bu fikirdə olmadığını açılayıb, o zaman Vaşinqton Təl-Əvivin əlindən bu arqumenti almış olacaq. Netanyahuya isə bölgədə müharibənin davam etməsi və ABŞ-İran danışıqlarının pozulması lazımdır. Buna görə də İsrail Livana hücumlarını genişləndirməklə İranın ABŞ qarşısında proksilərlə bağlı qoyduğu şərti pozmağa, beləliklə də danışıqlar prosesini zərbə altına salmağa çalışır. Hazırda Trampla Netanyahu arasında olan gərginliyin əsas səbəbi budur. Amma bu gərginliyin İsrail-ABŞ münasibətlərinə ciddi təsir edəcəyi ehtimalı demək olar ki, yoxdur. Digər tərəfdən Yaxın Şərqdə sabitliyin bərpasını sionizmin hədəflərinə təhdid hesab edən ABŞ-dəki lobbinin ciddi təzyiq rıçaqları var. Bu baxaımdan istər Epşteyn məsələsi daxil olmaqla ictimai rəyin manipulyasiyası, istərsə də güclü iqtisadi, siyasi təzyiq alətlərinin mövcudluğu Vaşinqtonu İranla bağlı yenidən öz maraqlarına qarşı addımlara məcbur edə bilər”.