
Asif Nərimanlı: “Bu da o deməkdir ki, qarşıdurma kartına əl ata bilərlər”
Seçki yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır. Eyni zamanda prosesi öz lehinə çevirməyə çalşan kənar qüvvələr daxildəki rıçaqlarına dəstəyi artırıblar. Kilsə və revanşistlər isə maksimum prosesi pozmaq üçün səy göstəririlər. Ümumi vəziyyət necədir, proses nə vəd edir, ehtimallar nədən ibarətdir?
”Xalq Cəbhəsi” bu suallara analitik Asif Nərimanlı ilə cavab tapmağa çalışıb:
- Ermənistandakı seçki kampaniyasının gərginliyi səsvermə günü və sonrasında kəskin qarşıdurma gözləntilərini artırır. Qüvvələr nisbətində baxdıqda Paşinyan komandasının mövqeləri üstün görünür, rəy sorğuları da hakim partiyanın qələbəsi yönündədir. Digər tərəfdən, müxalifətin parçalanmış vəziyyətdə seçkiyə getməsi hakimiyyətə üstünlük qazandıran məqamlardandır. Müxalifətin birlik təşkil edə bilməməsi həm daxili qarşıdurmadan qaynaqlanır, həm də Samvel Karapetyan kimi yeni siyasi qüvvələr Koçaryan və digər köhnə qüvvələrlə birlikdə olmaqla seçici sayının itirə biləcəyini düşünürlər. Lakin bu qüvvələrin seçkidən sonra parlamentə düşəcəkləri təqdirdə, hakimiyyətə qarşı birləşməsi də mümkün ssenarilərdəndir. Paşinyanın isə çalışır ki, 50+1 mandat qazanaraq, hökuməti təkbaşına formalaşdıra bilsin. Eyni zamanda, köhnə müxalifəti, daha dəqiq desək, Rusiyaya bağlı qüvvələrin parlamentdəki mövqelərini zəiflətsin. Seçkiyə çoxsaylı partiyanın qatılması bu imkanları yarada bilər.
- Rusiya-Ermənistan münasibətləri fonunda Moskvanıən prosesə təsir imkanlarını necə qiymətləndirmək olar?
- Rusiya seçkidə Paşinyan hakimiyyətinin qələbə qazanmaq ehtimalının yüksək olduğunu anlayır, xüsusilə Qərbdən verilən dəstək də hakimiyyətin əlini gücləndirən amillərdəndir. Moskva seçki öncəsi Paşinyan hakimiyyətinə maksimum təzyiq etməklə iki hədəfinə nail olmağa çalışır.
Birincisi, seçicilərin rəyinə təsir etməklə Paşinyanın hökuməti təkbaşına formalaşdıracaq səs qazanmasına imkan verməməklə, özünün dəstəklədiyi siyasi qüvvələrin parlamentdə əvvəlki dövrlə müqayisədə daha da güclənməsinə nail olmaqdır. İqtisadi rıçaqların işə salınması da buna hesablanıb. Rusiya ermənilərə göstərir ki, Paşinyanı seçsələr sosial-iqtisadi sferada ağır nəticələri olacaq. Moskva buna – hökuməti təkbaşına formalaşdırmaq imkanlarının qarşısını almağa və ona bağlı qüvvələrin mandat sayının çoxaltmağa nail olsa, seçkidən sonra Paşinyan hakimiyyəti üzərində siyasi təzyiq rıçaqlarını gücləndirəcək.
İkincisi, seçkidən sonra Rusiyanın Ermənistandakı maraqlarının hakimiyyət tərəfindən nəzərə alınmasıdır. Moskva İrəvana mesaj verir ki, onun mövqeləri nəzərə alınmasa, itkiləri böyük olacaq. Fikrimcə, Paşinyan qalib gəlsə, Rusiyanın təzyiqi müəyyən qədər yenə davam edəcək, lakin yumşalacaq. Çünki Rusiya Cənubi Qafqazı itirmək istəmir və Ermənistanı hələ də forpost olaraq görürlər.
- Rusiyanın Avrasiya İqtisadi İttifaqı tələbinin arxasında hansı məqsəd var? Paşinyanın bununla bağlı rferendum mesajı nəyə hesablanıb?
- Avrasiya İqtisadi İttifaqı ilə bağlı seçim tələbi də seçkiyə hesablanıb. Əslində Ermənistanın Avropa İttifaqına üzvlüyü qeyri-müyyəndir, hətta yekunda qəbul edilib-edilməməsi də sual altındadır. Buna baxmayaraq, Moskva İrəvanın Avrasiya İqtisadi İttifaqı ilə bağlı seçimi indi etməsini gündəmə gətirməklə təzyiq edir. Məqsəd ermənilərə göstərməkdir ki, Paşinyanın Avropa İttiafqı kursu onlara sosial problemlər yaradacaq, erməni biznesmenlərə də Rusiya, ümumilikdə Avrasiya İqtisadi İttifaqı bazarını itirəcəkləri mesajını verir. Erməni mallarına qadağaların qoyulması da bu mesajın praktiki nəticələrini təqdim etməyə hesablanıb. Nəticə etibarilə, Rusiya seçkidə Paşinyanın səs itirməsinə, hətta müxalifət qalib gəlməsə belə hakimiyyətin hökuməti təkbaşına formalaşdırmasının qarşısını almağa çalışır. Paşinyan da buna qarşı əks-həmlələrlə vəziyyətdən çıxmaq istiqamətində çalışır. Referendumla bağlı dedikləri də Putinin mesajına cavabdır. Putin Avropa İttifaqı və Avrasiya İqtisadi İttifaqı arasında seçimin edilməsi üçün Ermənistanda referendumun keçirilməsini təklif etdi. Bununla Rusiyanın niyyətinin erməni əhalisinə zərər vurmaq olmadığını, baş verənlərə görə hakimiyyətin məsuliyyət daşıdığını göstərmək istəyirlər. Paşinyan da bəyan etdi ki, Avrasiya İqtisadi İttifaqına üzvlük məsələsi praktiki nəticə verərsə, referendum keçirə bilərlər. Bu, bir tərəfdən Avropa İttiafqına inteqrasiya xəttini saxladığını göstərmək, digər tərəfdən, Avrasiya İqtisadi İttifaqından çıxmaq istəmədikləri, Rusiyanın Ermənistanı çıxarmaq istədiyi mesajını verməyə hesablanıb. Fikrimcə, Avropa İttifaqı və Avrasiya İqtisadi İttifaqı arasında seçim tələbi Rusiyanın Ermənistana təzyiq vasitəsi olaraq davam edəcək.
- Rusiyanın iqtisadi rıçaqlarını işə salması fonunda Paşinyanın çıxış yolu axtarışları diqqət çəkir. Bu kontektsdə xüsusilə erməni baş nazirin Ərdoğanla telefon söhbəti, həmçinin, erməni məhsullarının Avropa bazarına çıxışına güzəştlərin tətbiq ediləcəyi haqda yayılan məlumat maraqlıdır…
- Rusiyanın təzyiqi Ermənistanı alternativ imkanlar axtarışına məcbur edir. İrəvanın xilası Avropa bazarına çıxış və Qərb investisiyasının axınını təmin etməkdir, hərçənd, Azərbaycanla sülh müqaviləsi imzalanmadan, Türkiyə ilə sərhədləri açmadan buna tam nail olmaq qeyri-mümkündür. Bu reallığı anlayan Ermənistan hakimiyyəti mövcud vəziyyətdə Bakı və Ankaranın timsalında regional alternativin yaradılması istiqamətində çalışır, xüsusilə Rusiyanın idxal qadağası qoyduğu məhsulların satışını müəyyən qədər də olsa, kompensasiya etmək baxımından. Çünki Rusiyanın erməni məhsullarına idxal qadağası qoyması Paşinyanı dəstəkləyən iş adamlarını tərəddüdə salıb, onlar eyni vəziyyətin seçkidən sonra da davam edəcəyindən narahatdırlar. Paşinyan iş adamlarının narahatlığını azaltmaq və seçki prosesində mümkün mövqe dəyişikliyini aradan qaldırmaq üçün Rusiyaya alternativ kimi Türkiyə bazarının açılacağını göstərir. Bununla yanaşı, Avropa Komisiyyasının erməni məhsullarının Avropa bazarına güzəştli çıxışını təmin edə biləcəyi deyilir. İstisna deyil ki, Paşinyan Ərdoğandan sərhəd bağlı olsa da, məhsulların Avropaya çıxışına şərait yaratmasını istəyib.
- Kilsə, Lobbi və revanşistlərin atacağı addımlarla bağlı ehtimallar nələrdir, bu qrupun ictimai dəstək səviyyəsi nə qədədir?
- Kilsə, erməni lobbisi və revanşistlər eyni cəbhədən çıxış edirlər. Ermənistan müxalifəti nə qədər parçalanmış vəziyyətdə seçkiyə getsə də, ümumi hədəf, xüsusilə revanşistlərin istəyi mümkün olsa Paşinyanı devirmək, mümkün olmasa, parlamentdə daha çox mandat əldə etməkdir. Kilsə bu prosesdə kurator rolunu oynayır. Kilsənin seçici fəallığı ilə bağlı çağırışı da buna hesablanıb, çünki proqnozlaşdırılır ki, seçici fəallığı çox olarsa, hakimiyyət təkbaşına hökuməti formalaşdıracaq qədər səs qazanmaya bilər. Digər tərəfdən, kilsə erməni diasporu və lobbisinin Paşinyan əleyhinə fəaliyyətini koordinasiya etmək işini də həyata keçirir. Revanşistlərin ictimai dəstəyi çox deyil, lakin kilsənin nüfuzu hələ də qalır. Bu baxımdan, kilsənin mövqeyi revanşistərin ictimai dəstəyinin güclənməsinə zəmin yarada bilər.
- Seçkisonrası vəziyyəti necə proqnozlaşdırmaq olar, gərginlik və ya qarşıdurma mükündürmü?
- Seçkidən sonra qarşıdurmanın olacağı ehtimalı yüksəkdir. Çünki bu seçki həm Ermənistan daxilindəki qüvvələr, həm də regionda maraqları olan qüvvələr üçün həlledicidir. Ermənistan müxalifəti – Rusiyanın dəstəklədiyi revanşistlər anlayır ki, bu seçkidə istədiklərini ala bilməsələr, ən azından, hakimiyyətin 50+1 səs qazanması baş versə, onların siyasi gələcəyi sual altında düşəcək. Digər tərəfdən, effektsiz fəaliyyətlərinə görə Rusiyadan aldıqları dəstək azalacaq. Regionda maraqları olan qüvvələr Rusiya və Qərb seçkini geosiyasi mübarizə olaraq görürlər. Paşinyanın mütləq qələbəsi Rusiyanın Ermənistanda onsuz da zəifləyən mövqelərini tədricən sıradan çıxması perspektivini yaradacaq və bu, ümumilikdə Moskvanın bölgədəki mövqelərinə ciddi risklər yaradır. Avropa İttifaqı da Gürcüstanda zəiflədikdən sonra Ermənistanı regiondakı əsas pltforması olaraq görür. ABŞ üçün isə bu seçki Cənubi Qafqazda TRİPP başda olmaqla, layihələrinin gələcəyini təmin etmək deməkdir. Bu vəziyyət seçkini geosiyasi toqquşmanın mərkəzinə çevirib. Bu da o deməkdir ki, seçkidə istənilən nəticə - Paşinyanın, yaxud müxalifətin qələbəsi digər tərəfi qane etməyəcək və buna təsir etmək üçün seçkidən sonra qarşıdurma kartına əl ata bilərlər.