
“21-ci əsrdə təhlükəsizlik məsələsi sadəcə dövlətlərin quru, su və hava məkanlarını əhatə etmir. Artıq bütün bu məkanları aşan - kiberməkan, rəqəmsal dünya formalaşıb və bu yeni reallıq dövlətləri təhlükəsizlik strategiyalarına yeni yanaşmalar gətirməyə səsləyir. Xüsusilə süni intellektin, sosial şəbəkələrdə alqoritmik tövsiyə sisteminin inkişafı göstərir ki, informasiya məkanında təhlükəsizlik və nəzarət qaydaları formalaşmazsa, bu, insanların davranışlarını qeyri-konstruktiv formada dəyişdirəcək. Düşünə bilən insanı xarici düşüncə mərkəzlərinin yönləndirdiyi düşünə bilməyən insanların əvəzləməsi - bu bir cəmiyyətin faciəsi, sağlam cəmiyyətin, sağlam ideyaların itirilməsi deməkdir. Burada beyni, düşüncəsi formalaşma mərhələsində olan uşaqların və yeniyetmələrin qorunması xüsusilə əhəmiyyət kəsb edir”.
Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında siyasi şərhçi Şəhla Cəlilzadə bildirib.
O deyib ki, sosial şəbəkələr artıq çoxdan sadə ünsiyyət vasitəsi olmaqdan çıxıb: “Odur ki, informasiya suverenliyinin, insanların düşünmə qabiliyyətinin qorunması üçün dövlətlər son bir neçə ildir ki, önləyici, müdafiə tədbirləri görməyə başlayıblar. Bu məsələdə Qərbdə də artıq bir konsensus yaranıb. Burada fərqli səviyyələrdə məhdudlaşdırıcı tətbiqlər qeyd oluna bilər. Məsələn, Fransada 2023-cü ildən bəri 13 yaşdan aşağı uşaqların sosial şəbəkələrdə hesab yaratması üçün valideynlərinin icazəsi alınmağa başlanılıb. Dünyada ilk olaraq Avstraliya 2024-cü ildə 16 yaşdan aşağı uşaqların sosial şəbəkə profili yaratmasını qadağa edən qanun qəbul etdi. Qanuna əsasən müvafiq qaydalara əməl etməyən provayderlərə 49,5 milyon dollar cərimə tətbiqi nəzərdə tutulub. Bu, qeyri-adi dərəcədə sərt görünə bilər, lakin yeni dövrün çağırışlarına sərt cavab tədbirləri cəmiyyəti qorumağın yeganə yolu kimi qəbul edilir. Hazırda bu qanunla məhdudlaşdırma tətbiq olunan sosial media platformalarının sayı 10-dur. Məsələn, qardaş dövlət Türkiyədə də bu yaxınlarda uşaqların sosial şəbəkədən istifadəsini məhdudlaşdıran qanun qəbul edildi və 15 yaş məhdudiyyəti gətirildi. Bu qanuna görə, günlük istifadə sayı 100 mini ötən xarici sosial media platformalarına Türkiyədə ofis, nümayəndəlik açmaq tələbi də yer alır”.
Ş.Cəlilzadənin sözlərinə görə, Azərbaycanda da dövrün çağırışları fonunda bənzər qanun layihəsi hazırlanıb: “Layihəyə ilkin baxışda demək olar ki, qanun pozuntusuna görə bu layihə Avstraliyanın müvafiq qanunu qədər olmasa da, kifayət qədər sərt cəza tədbirlərini (300 min manatadək cərimə, internet trafik həcminin azaldılması və s.) əhatə edir. Fərqli məqam odur ki, Avstraliyanın qanunu “16 yaşdan aşağı” kateqoriyanı müəyyən etmə qaydasını platformanın və provayderin öz öhdəsinə qoyur və yalnız “nəticə” ilə maraqlanır. Azərbaycanın hazırlanan qanun layihəsində isə yaşı müəyyən etmə və təsdiqləmə mexanizmləri qeyd olunur. Lakin burada bir məqam var - uşaqların valideyni bank kartı, email və mobil nömrə qeyd etməlidir ki, bu, məsələn, valideyninin bank kartı yaxud emaili olmayan yeniyetmənin müvafiq azadlıqlarının məhdudlaşması və qeyri-bərabər imkanlar, ümumilikdə insan hüquqları və fərdi azadlıqlara dair qayğılar doğurur”.
Siyasi şərhçi həmçinin qeyd edib ki, bütün dünya əslində müvafiq dilemma ilə üz-üzədir: bir tərəfdə ideoloji suverenlik, xüsusilə uşaqların təhlükəsizliyi, digər tərəfdə isə fərdi azadlıqların qorunması dayanır: “Qadağalar, cərimələr, müxtəlif məhdudlaşdırıcı tədbirlər ilkin mərhələdə faydalı ola bilər. Lakin məsələyə uzunmüddətli perspektivdən də baxmaq lazımdır. Çünki texnologiya qadağalardan daha sürətlə inkişaf edir və qadağalar cəmiyyəti ondan ayırmağa yetməyəcəkdir. Odur ki, cəmiyyətin rəqəmsal savadlılığının artırılmasına, xüsusilə məktəblərdə bu istiqamətdə maarifləndirmənin gücləndirilməsinə ehtiyac var. Uşaqlar yalan məlumatı tanıya bilsə, manipulyativ məzmunu ayırd etməyi öyrənsə, alqoritmlərin işləmə mexanizmini dərk etsə, məntiqi düşüncə qabiliyyətləri inkişaf etdirilsə, o zaman onların müdafiəsi sadəcə dövlətin deyil, həm də özünün bacarığına çevrilər. Bu istiqamətdə dövlət siyasətinin və qanunların həm də rəqəmsal maarifləndirmə, uşaqlar üçün faydalı məzmun platformalarının yaradılması kimi kompleks məsələləri də ehtiva etməsi arzuolunandır”.
Röya İsrafilova