Misir XİN rəhbəri: ABŞ-İran danışıqları çıxılmaz vəziyyətə düşüb Gündəm

Misir XİN rəhbəri: ABŞ-İran danışıqları çıxılmaz vəziyyətə düşüb

ABŞ-İran danışıqlarının çıxılmaz vəziyyətə düşməsi səbəbindən Yaxın Şərq daha da qeyri-müəyyən olur.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Misirin Xarici İşlər naziri Bədr Abdel Atı bəyan edib.

"Problem var. Gördüyünüz kimi, hazırda onlar nə sülh, nə də müharibə vəziyyətindədirlər", – deyə o, ABŞ və İran barədə "The National" nəşrinə müsahibəsində bildirib.

Abdel Atı iki ölkə arasındakı danışıqların "çıxılmaz vəziyyətə" düşdüyü və bunun da Yaxın Şərqi son dərəcə qeyri-sabit və proqnozlaşdırılamaz bir regiona çevirdiyini qeyd edib.

Onun sözlərinə görə, İran tərəfi onu qarşılıqlı anlaşma memorandumuna riayət etməyə hazır olduqlarına inandırıb. Lakin Misir naziri hesab edir ki, hazırda İran tərəfindən danışıqları diplomatlardan daha çox İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) aparır. Nazir vurğulayıb ki, nə olursa-olsun, Vaşinqton və Tehran arasındakı münaqişənin həlli yollarının axtarışını davam etdirmək lazımdır.

XİN rəhbəri bildirib ki, Qəzzə zolağında davam edən münaqişə, Hörmüz boğazının blokadası və Yəmən husilərinin Qırmızı dənizdəki gəmilərə zərbələri səbəbindən Misir iqtisadiyyatı çətinliklərlə üzləşib və "ideal fırtına"ya düşüb.

Misir ABŞ və İran arasındakı danışıqlarda vasitəçilərdən biridir.

Məryəm Quliyeva