İranla ticarətə qoyulan qadağa dünya iqtisadiyyatını sabitlikdən çıxara bilər Dünya

İranla ticarətə qoyulan qadağa dünya iqtisadiyyatını sabitlikdən çıxara bilər

İranla ticarətə tam qadağanın tətbiq edilməsi dünya iqtisadiyyatını sabitlikdən çıxara bilər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "The New York Times" (NYT) qəzeti yazır.

Nəşrin qeyd etdiyi kimi, sanksiyalara əməl olunmasının təmin edilməsi bir çox problemlərlə müşayiət olunur, İran halında isə bu, "müttəfiqlər və cavab verməyə qadir olan rəqiblərlə, xüsusən də Çin ilə" qarşıdurma riski yaradır. Ticarətə tam qadağa daha da çox çətinliklər yaradacaq, deyə NYT yazır. Ekspertlərin fikrincə, Tehranın əsas ticarət tərəfdaşları olan Çin və Hindistanın əməkdaşlığı olmadan İrana qarşı sanksiyalardan nəticə əldə etmək qeyri-mümkündür. "Bunun baş verəcəyi inandırıcı görünmür", - deyə ABŞ-nin keçmiş diplomatı və İran üzrə ekspert Alan Eyr nəşrə bildirib.

Avqustun 24-də ABŞ-nin Maliyyə naziri Skott Bessent Vaşinqtonun Tehranın gəlir mənbələrini tamamilə bloklamaq niyyəti ilə İrana qarşı birtərəfli sanksiyalar rejimini kəskin şəkildə sərtləşdirməyi planlaşdırdığını elan edib. Bununla yanaşı, Bessent iddia edib ki, ABŞ yeni anti-İran məhdudlaşdırıcı tədbirlərinə əməl etməkdən imtina edən istənilən ölkəyə qarşı ikinci dərəcəli sanksiyalar tətbiq etməyə hazır olacaq. ABŞ Maliyyə Nazirliyinin rəhbəri həmçinin belə dövlətləri dollara çıxışdan məhrum etməklə hədələyib. Lakin Vaşinqtonun nə üçün İranın ticarət tərəfdaşlarına qarşı dərhal tədbirlər görməməsi ilə bağlı suala cavab olaraq ABŞ Maliyyə naziri bildiriib ki, "dünya maliyyə sistemini partlatmaq" istəmədiyi üçün qarşıdurmadan yayınmağa ümid edir.

Bazar ertəsi ABŞ administrasiyası İrana qarşı sanksiyalar siyahısına 48 hüquqi şəxs, 24 fiziki şəxs və 6 neft tankerini daxil edib. Qara siyahıya Azərbaycan, Yunanıstan, Hindistan, İran, Çin, Malayziya, Marşall Adaları, BƏƏ, Sinqapur, Türkiyə, Ukrayna, Fransa və İsveçrədən olan vətəndaşlar və şirkətlər düşüb.

Məryəm Quliyeva