Nağd hesablaşma qaydaları pozulur İqtisadiyyat

Nağd hesablaşma qaydaları pozulur

Bu isə vergidən yıyınmaya şərait yaradır
İlin əvvəlindən 5 min vergi ödəyicisinə qarşı tədbir görülüb

Tərlan

Cari ilin mart ayı ərzində əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, nəzarət-kassa aparatlarından istifadə, vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən vergi ödəyicilərinin aşkarlanması və sair kimi operativ nəzarətin əhatə funksiyalarına daxil olan məsələlər üzrə vergi orqanları tərəfindən keçirilmiş tədbirlər zamanı 4972 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkarlanıb.
Nazirlikdən verilən məlumata görə, 2535 vergi ödəyicisi tərəfindən nağd hesablaşmaların aparılması qaydalarının pozulduğu, 602 vergi ödəyicisi tərəfindən qanunla nəzərdə tutulmayan valyutanın ödəniş vasitəsi kimi qəbul olunduğu, valyutanın ticarət, iaşə və xidmət müəssisələrində qanunsuz olaraq alınıb-satıldığı və ya dəyişdirildiyi, 676 vergi ödəyicisinin xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq almadan məşğul olduğu müəyyən edilib. 644 vergi ödəyicisinin 753 nəfər fiziki şəxsi əmək müqaviləsi bağlamadan işə cəlb etdiyi, 304 vergi ödəyicisinin fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşıdığı, 80 vergi ödəyicisində aksiz markaları ilə müvafiq qaydada markalanmamış 317 ədəd mal olduğu aşkarlanıb. Aşkar edilmiş faktlarla bağlı qanunauyğun tədbirlər görülüb.
Hazırda vergidən yayınma halları ən çox pərakəndə ticarət və iaşə xidmətində müşahidə edilir. Pərakəndə ticarət, ictimai iaşə, ümumiyyətlə, kassa aparatları ilə əlaqədar fəaliyyət göstərən vergi ödəyiciləri bir qayda olaraq vergidən yayınmağa çalışır. Bu sahədə yayınmağa cəhd kifayət qədərdir. Vergilər Hazirliyi kassa aparatlarının tətbiqi məsələlərinə praktiki olaraq nail olsa da, bu gün hətta Bakı şəhərinin özündə belə əksər hallarda kassa aparatlarından istifadə edilmir. Ona görə də kassa aparatları və POS-terminalların tələb olunan bütün obyektlərdə quraşdırılması və onlardan istifadə, eləcə də işçilərdə əmək müqavilələrinin bağlanması prioritet məsələlərdəndir.
Hələ də bütün pərakəndə ticarət müəssisələrində, xidmət obyektlərində müştərilərlə haqq-hesab aparılması üçün ödənş kartları ilə xidmət göstərilməsi sistemi tam formalaşmayıb. İnsanların banklara və adi kartlara da inamı arzu olunan səviyyədə deyil. Kart sahibləri nəzərə almırlar ki, hətta adi xərclərini belə kart vasitəsilə nəğdləşdirmə olmadan ödəyə bilərlər. Bunun nəticəsidir ki, pərakəndə ticarətdə qeyri-nəğd hesablaşma aşağı səviyyədədir. Bu isə vergidən yıyınmaya şərait yaradır. Çoxları hələ də plastik kartın əsas üstün xüsusiyyətlərini bilmir. Mərkəzi Bank bu sahədə ciddi və geniş maarifləndirici işlər aparmalıdır. Adamlar bilməlidir ki, plastik kartların hansı rahatlıqları var. Əslində kart sahibi nəğd pul daşımaqdan azad olur və hesablaşmaları, alqı-satqını, dükanda alveri onun vasitəsilə apara bilər. Amma reallıqda ölkədə az sayda vətəndaş bu imkanlardan istifadə edir. Böyük əksəriyyət üçün isə hələ də qeyri-nəğd hesablaşmalar yad bir prosesdir. Ona görə də indiyədək ölkədə qeyri-nəğd hesablaşmalara böyük keçid, bütün ticarət müəssisələrində plastik kartlarla hesablaşmaları tətbiq etmək mümkün olmayıb. Gərək infrastruktur formalaşsın, əhali və ticarət şəbəkələri plastik kartlar və pos-terminallarla işləməyə öyrəşsinlər. Doğrudur, son bir neçə ildə Azərbaycanda plastik kartlar bazarının müəyyən inkişafı, hətta bu sahədə banklar arasında rəqabət nəzərə çarpmaqdadır. Həğdsiz ödəmə və rahat daşınma imkanları verən həmin kartlara əhalinin marağını cəlb etmək üçün banklar müəyyən əlavə xərclərə - investisiya qoyuluşunua da gedirlər. Bankirlər hesab edir ki, əhali getdikcə nəğdsiz ödəmələrə alışır, əksər iri ticarət və xidmət obyektləri də belə sistemin işləməsini təmin edir və plastik kartlardan istifadə artmaqdadır.
Azərbaycanda nağdsız ödənişlərin inkişafı və nağd ödənişlərin məhdudlaşdırılması istiqamətində görülməsi planlaşdırılan bütün tədbirlər bir sıra mühüm iqtisadi məqsədlər güdür. Hazırda ölkədə plastik kartlarla aparılan əməliyyatların həcminin təxminən 94-95%-i nağd pulların çıxarılması üzrə əməliyyatların payına düşür. Ölkədə hazırda təxminən 5 milyon plastik kart var, lakin müxtəlif tədbirlər həyata keçirmədən, yalnız kartların sayını artırmaqla hər hansı müsbət nəticə əldə etmək mümkün olmayacaq. Bu səbəbdən nağdsız ödənişlərin artırılması və nağd ödənişlərin məhdudlaşdırılması üzrə müəyyən tədbirlər həyata keçirilməlidir.
Yaxın illərdə büdcənin cari xərcləri əsasən vergi daxilolmaları hesabına ödənilməli, Dövlət Neft Fondundan transferlər isə yalnız irimiqyaslı investisiya layihələrinə yönəldilməlidir. Bunun üçün dövlət büdcəsinin gəlirlərinin ciddi artımına nail olunmalıdır. Lakin bu, vergi yükünün artması hesabına deyil, iqtisadi artım templərinin yüksəldilməsi, vergi inzibatçılığı və sahibkarlarla tərəfdaşlıq münasibətlərinin, eləcə də vergi nəzarətinin gücləndirilməsi nəticəsində vergitutma bazasının genişləndirilməsi hesabına ola bilər. Azərbaycanda hələ vergilərə cəlb edilməli geniş potensial mövcuddur. Nağdsız ödənişlərin həcminin artırılması vergitutma bazasının ciddi şəkildə genişlənməsi üçün mühüm mənbələrdən biridir və Azərbaycanda bu sahə yaxın zamanlarda qabaqcıl Avropa ölkələrində mövcud olan səviyyəyə çatdırılmalıdır.
Vergilər Hazirliyi iqtisadi proseslərdə daha çevik olmağa çalışır. Nazirlik vergi sistemində müasir informasiya texnologiyaları, elektron auditin tətbiqi, elektron xidmətlərin genişləndirilməsi, vergi ödəyiciləri ilə vergi orqanları arasında tərəfdaşlıq münasibətlərinin qurulması istiqamətində aparılan islahatları davam etdirmək niyyətindədir. Vergi islahatları ilə yanaşı nağdsız ödənişlərin stimullaşdırılması, nağd ödəmələrin həcminin məhdudlaşdırılması, əmək münasibətlərinin leqallaşdırılması və əmək müqavilələrinin bağlanılmasının təmin edilməsi hesabına vergitutma bazasının daha da genişləndirilməsinə nail olunmalıdır.