Yaponiya səfiri: Azərbaycan hökuməti beynəlxalq logistika ilə bağlı işləri yüksək templə davam etdirir İqtisadiyyat

Yaponiya səfiri: Azərbaycan hökuməti beynəlxalq logistika ilə bağlı işləri yüksək templə davam etdirir

Ticarət dövriyyəsinin artırılması məqsədilə iki ölkə arasında mübadilələrin daha da artırılmasının vacib olduğunu düşünürəm.

Bunu Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vada Cuniçi APA-ya müsahibəsində deyib.

O bildirib ki, Azərbaycan hökumətinin neft və təbii qaz ehtiyatlarından asılılığı azaltmaq, sənayenin diversifikasiyası naminə tədbirləri davam etdirməsi ilə əlaqədar olaraq, Yaponiya hökuməti və Yaponiya şirkətlərinin Azərbaycan şirkətləri ilə əməkdaşlıq etmək fürsətinin, Yaponiya şirkətlərinin Azərbaycan bazarına daxil olması hallarının artmasına ümid edir.

“Xüsusilə, “yaşıl enerji” və turizm sahələri diqqət mərkəzindədir. Bundan başqa, Şərq-Qərb, Şimal-Cənub marşrutu üzrə logistik marşrutun kəsişməsi olmaqla, radiusu 1000 km uzunluğunda 130 milyon insanı əhatə edən bazarda dəniz limanlarının regional mərkəzi olan Azərbaycanın rolu artmaqda davam edir və bildiyim qədər, Azərbaycan hökuməti beynəlxalq logistika ilə bağlı işləri yüksək templə davam etdirir.

Ümid edirəm ki, yapon şirkətləri də bu coğrafi xüsusiyyətlərdən yararlanaraq bizneslərini inkişaf etdirəcəklər”, - səfir əlavə edib.