Sahibkarlara investisiya təşviqi sənədləri təqdim olunub İqtisadiyyat

Sahibkarlara investisiya təşviqi sənədləri təqdim olunub

İyunun 14-də İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Bakıda "Azərbaycanda investisiyaların təşviqi: yeni yanaşmalar və prioritetlər" mövzusunda konfrans keçirilib. Konfransda sənayenin müxtəlif sahələrində fəaliyyət göstərən müəssisələrin, dövlət orqanlarının və ticarət palatalarının 200-ə yaxın nümayəndəsi iştirak edib.
İqtisadiyyat naziri Şahin Mustafayev ölkəmizdə sahibkarlığın inkişaf etdirilməsi, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması istiqamətində həyata keçirilən sistemli tədbirlər barədə məlumat verib, dövlətimizin başçısının sənayeləşmə siyasəti çərçivəsində görülən işləri diqqətə çatdırıb. Qeyd edilib ki, iqtisadiyyatın şaxələndirilməsi, sahibkarlığa dövlət dəstəyinin artırılması, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması tədbirləri iqtisadi inkişafın stimullaşdırılmasına xidmət edir. Sahibkarlıq sahəsində aparılan yoxlamaların 2 il müddətinə dayandırılması, lisenziya və icazələrin sayının və rüsumların əhəmiyyətli şəkildə azaldılması, sənədlərin alınma prosedurlarının sadələşdirilməsi, investisiya təşviqinin artırılması məqsədilə vergi və gömrük güzəştləri, qeyri-neft ixrac təşviqinin ödənilməsi və əlavə dəstək mexanizmlərinin yaradılması sahibkarlığın inkişafı baxımından əhəmiyyətlidir.
Görülən işlərin nəticəsidir ki, 2015-ci il və bu ilin ötən dövrü ərzində 470-dən artıq sənaye müəssisəsi açılıb, bir sıra sənaye obyektlərinin tikintisinə başlanılıb. Keçən il qeyri-neft sənayesi 10 faiz, 2016-cı ilin ötən dövründə isə 3 faiz artıb. Ümumilikdə, son 10 ildə qeyri-neft sənayesində 2,3 dəfə artım qeydə alınıb.
"Dövlətimizin başçısının müvafiq fərmanları ilə yaradılmış Sumqayıt Kimya Sənaye Parkı, Balaxanı Sənaye Parkı, Qaradağ Sənaye Parkı artıq fəaliyyət göstərir və bu parklarda rezidentlərin səmərəli fəaliyyəti üçün güzəştli rejim yaradılıb", - deyən nazir bildirib ki, Neftçala Sənaye Məhəlləsində hazırda son tamamlama işləri aparılır və yaxın vaxtlarda sahibkarların istifadəsinə veriləcək. Sahibkarlar tərəfindən Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərmək üçün 17 layihə təqdim edilib. İlkin mərhələdə ümumi investisiya məbləği 20 milyon manatdan çox olan 7 layihə icra olunacaq və 380 iş yeri açılacaq. Sumqayıt Kimya Sənaye Parkının artıq 8 rezidenti var və bu rezidentlər tərəfindən sənaye parkına 1,1 milyard dollardan çox investisiyanın yatırılması, 2200 iş yerinin yaradılması gözlənilir. Hazırda Sumqayıt Kimya Sənaye Parkının növbəti - 9-cu rezidentinin qeydiyyata alınması üçün işlər görülür. Mingəçevir Sənaye Parkının təşkili istiqamətində də tədbirlər həyata keçirilir. İlkin hesablamalara əsasən, buraya 100 milyon dollardan çox investisiyanın yatırılması və 2 min iş yerinin açılması nəzərdə tutulur. Gəncədə sənaye parkının yaradılması da diqqət mərkəzindədir. Nazir, həmçinin Masallı Sənaye Məhəlləsinin yaradılması ilə bağlı dövlətimizin başçısının iyunun 13-də imzaladığı Sərəncamı da diqqətə çatdırıb.
Konfransda investisiya təşviqi sənədinin alınması üçün nazirliyə müraciət etmiş sahibkarlara həmin sənədlərin veriləcəyi, təqdim olunan 15 layihənin icrası nəticəsində yerli istehsala 160 milyon manatdan çox investisiya yatırılacağı, 1400-ə yaxın yeni iş yerinin yaradılacağı diqqətə çatdırılıb. Qeyd edilib ki, investisiya təşviqi sənədi alan sahibkarlar üçün bir sıra güzəştlər nəzərdə tutulur.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev çıxış edərək, son zamanlar ölkədə həyata keçirilən tədbirlərin özəl bölmənin inkişafında əhəmiyyətli rol oynadığını bildirib. M.Musayev bu tədbirlərin sahibkarlığın, eləcə də iqtisadiyyatın müxtəlif sahələrinin, o cümlədən sənayenin inkişafına əlavə stimul verdiyini vurğulayıb.
Tədbirdə investisiya təşviqi mexanizminə dair təqdimat keçirilib, sənədin verilməsi prosesi və qanunvericilik bazası, sahibkarlara qazandırdığı güzəştlər barədə məlumat verilib. İqtisadiyyat Nazirliyi tərəfindən bundan sonra da investisiya təşviqi sənədinin alınması üçün müraciət edənlərə lazımi kömək göstəriləcəyi vurğulanıb.
Konfransda "Mətanət A" şirkətinin direktoru Elxan Bəşirov, "Şəmkir Aqropark" şirkətinin direktoru Tahir Məmmədov, "Buta Qrup" şirkətinin rəhbəri Bəşir Quliyev və başqaları investisiya təşviqi sənədinin iş adamlarının fəaliyyətlərini daha da genişləndirmələri üçün əlverişli imkan yaratdığını qeyd edib, sahibkarlığın inkişafına göstərdiyi diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Sonda iqtisadiyyat naziri Şahin Mustafayev bir qrup şirkət nümayəndəsinə investisiya təşviqi sənədlərini, eləcə də Sumqayıt Kimya Sənaye Parkının yeni rezidenti "Aqrokimya Azərbaycan" MMC-yə qeydiyyat şəhadətnaməsini təqdim edib.