2581 əcnəbi Azərbaycandan çıxarılıb İqtisadiyyat

2581 əcnəbi Azərbaycandan çıxarılıb

Dövlət Miqrasiya Xidməti tərəfindən 2016-cı ilin iyul ayı ərzində miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, idarə edilməsi və tənzimlənməsi, o cümlədən qanunsuz miqrasiyanın qarşısının alınması istiqamətində müvafiq tədbirlər həyata keçirilib.
Dövlət Miqrasiya Xidməti tərəfindən verilən məlumata görə, ay ərzində 2792 əcnəbi tərəfindən Azərbaycanda olma, habelə müvəqqəti və daimi yaşama qaydalarına əməl etmədən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilib.
Onlardan 13 nəfərin Azərbaycan ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün əsas verən sənədləri itirildiyindən yenisi ilə əvəz olunub, 198 nəfərin ölkə ərazisində yaşamaları leqallaşdırılıb, 1928 əcnəbinin Azərbaycan ərazisini 48 saat ərzində tərk etmələri, 653 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılmaları barədə qərarlar qəbul edilib.
Ümumiyyətlə, ay ərzində Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin verilməsi və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı 7662 müraciət daxil olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib. Ötən ay ərzində olduğu yer üzrə qeydiyyatla bağlı 96 min 732 əcnəbinin müraciəti qeydə alınıb.