Bakıda “İran–Proje 2016” sərgisi keçiriləcək İqtisadiyyat

Bakıda “İran–Proje 2016” sərgisi keçiriləcək

Sentyabrın 19-dan 21-dək Bakı Ekspo Mərkəzində "İran–Proje 2016" II ixtisaslaşmış neft-qaz, əczaçılıq, inşaat, texnika və avtomobil sahəsi üzrə sərgi keçiriləcək. Bu münasibətlə sentyabrın 7-də İran səfirliyində mətbuat konfransı təşkil olunub. Tədbirdə İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin ticarət attaşesi Məhəmməd İbrahim Nağızadə Azərbaycanla İran arasında iqtisadi və ticarət əlaqələrinin dinamik inkişaf etdiyini vurğulayıb. Cari ilin 6 ayı ərzində ticarət dövriyyəsinin 70 faiz artdığını deyən Məhəmməd İbrahim Nağızadənin sözlərinə görə, bu müddət ərzində ixrac və idxalda artım müşahidə olunub. İlin sonunadək isə iqtisadi əlaqələrin daha da artması gözlənilir.
Sərgi ilə bağlı məlumat verən ticarət attaşesi bildirib ki, 2000 kvadratmetr ərazini əhatə edəcək sərgidə İranın 50–dən çox tanınmış şirkəti öz məhsullarını nümayiş etdirəcək. Sərgidə həmçinin bu ölkənin turizm, kənd təsərrüfatı, bank və sığorta sahəsi ilə də tanış olmaq mümkündür. Qeyd olunub ki, sərgi çərçivəsində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) dəstəyi ilə Azərbaycan-İran biznes-forumu da təşkil olunacaq. Biznes–forumda İrandan 150-dək şirkətin, o cümlədən dövlət və özəl sektor nümayəndələrinin iştirakı gözlənilir.