TANAP layihəsi üzrə işlərin 31,4 faizi yerinə yetirilib İqtisadiyyat

TANAP layihəsi üzrə işlərin 31,4 faizi yerinə yetirilib

Bu ilin avqust ayına qədər Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsi üzrə iş həcminin 31,4 faizi yerinə yetirilib. TANAP-ın tikintisi üzrə ilk mərhələ sona çatdırılıb və hazırda ikinci mərhələ üzrə işlər davam etdirilir. Bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayevin "Azərbaycan" qəzetində dərc edilən məqaləsində deyilir. O qeyd edib ki, "Cənub Qaz Dəhlizi"nin birləşdirici həlqəsi olan TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə "Trans-Adriatik" qaz boru kəmərinə birləşərək "Şahdəniz" qazını Türkiyə ərazisi boyunca nəql edəcək. Kəmərin ilkin ötürücülük gücü ildə 16 milyard kubmetr həcmində planlaşdırılır. Sonradan bu həcmin 31 milyarda qədər artırılması imkanları da nəzərə alınıb. TANAP hazırda SOCAR-ın xaricdə həyata keçirdiyi ən böyük investisiya layihəsidir. Ötən il Qarsda Azərbaycan, Gürcüstan və Türkiyənin dövlət başçılarının iştirakı ilə təməli qoyulmuş bu kəmər boruların diametri və xəttin uzunluğu baxımından indiyədək dünya miqyasında reallaşdırılan ən böyük təbii qaz boru xətti layihələrindən biri olacaq.
Hazırda "Şahdəniz-2" layihəsi üzrə işlərin - mühəndis, təchizat və tikinti də daxil olmaqla ümumilikdə 80 faizə qədəri tamamlanıb. "Bizi ümumi ehtiyatları 1,2 trilyon kubmetr qaz, 240 milyon tondan çox kondensat həcmində qiymətləndirilən "Şahdəniz" yatağının işlənilməsinin ikinci mərhələsi gözləyir. Bu mərhələ çərçivəsində yataqdan ildə əlavə 16 milyard kubmetr qazın hasil olunacağı planlaşdırılır. Həmin həcmin 6 milyard kubmetri Türkiyəyə, 10 milyard kubmetri isə Gürcüstan və Türkiyə üzərindən Yunanıstan, Bolqarıstan və İtaliyaya tədarük ediləcək. İlk qazın 2018-ci ilin sonlarında Türkiyəyə çatdırılması nəzərdə tutulur. Bu məqsədlə bir-birinə körpü ilə birləşdirilən iki yeni hasilat platformasının, suyun 550 metrədək dərinliyində quraşdırılacaq 500 kilometr uzunluğunda sualtı boru kəmərlərinin inşası, iki yarımdalma qazma qurğusundan 26 sualtı quyunun qazılması və Səngəçal terminalının genişləndirilməsi işləri həyata keçirilir. Cari ilin birinci yarısında "Şahdəniz-2" layihəsi üzrə işlər uğurla davam etdirilib. Hazırda layihə üzrə işlərin - mühəndis, təchizat və tikinti də daxil olmaqla ümumilikdə 80 faizə qədəri tamamlanıb. İlk qazın nəql edilməsinə, həmçinin sonradan hasilatın artırılmasına hazırlıq məqsədilə "Heydər Əliyev" və "İstiqlal" qazma qurğularından istifadə etməklə 10 istismar quyusu qazılıb. "Şahdəniz-2" Azərbaycan neft-qaz sənayesi tarixində bütün tikinti-quraşdırma işlərinin tam həcmdə ölkə daxilində yerinə yetirildiyi ilk layihədir", - deyə R.Abdullayev əlavə edib.