Qaradağda Tullantıların İdarəedilməsi Mərkəzi istismara verilib İqtisadiyyat

Qaradağda Tullantıların İdarəedilməsi Mərkəzi istismara verilib

Dünən SOCAR-ın Bakının Qaradağ rayonu ərazisində tikilmiş Tullantıların İdarəedilməsi Mərkəzinin təntənəli açılış mərasimi keçirilib. SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, mərasimdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell, ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev, eləcə də SOCAR rəhbərliyinin nümayəndələri iştirak ediblər.
Mərkəzə baxış keçirilib, burada yaradılmış iş şəraiti və quraşdırılmış yeni müasir avadanlıqlar haqqında məlumat verilib. Bildirilib ki, SOCAR-ın Tullantıların İdarəedilməsi Mərkəzi "BP"-nin Azərbaycan, Gürcüstan və Türkiyə regional şirkəti ilə əməkdaşlıq nəticəsində ərsəyə gəlib və bütünlüklə region üçün strateji əhəmiyyətə malikdir. Mərkəzin ümumi sahəsi 40 hektar ərazini əhatə edir və bu ərazinin 100 hektara qədər artırılması potensialı mövcuddur. Mərkəzdə qazma şlamını emal etmək məqsədi ilə Almaniyanın "Ekon" şirkətinin istehsalı olan 2 ədəd Vaku Dray qurğusu quraşdırılıb. Qeyd edilib ki, unikallığı ilə seçilən qurğuda qazma zamanı istifadə olunan qazma məhlulu emal zamanı yenidən istifadəyə tam yararlı şəkildə bərpa olunur. Mərkəzin istehsalat gücü illik 100.000 tondur. Bundan başqa mərkəzdə 26 növ digər tullantının utilizasiyası da nəzərdə tutulub.
R. Abdullayev mərkəzin istifadəyə verilməsi münasibəti ilə kollektivi təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Bildirib ki, Mərkəz Azərbaycan, eləcə də bütünlükdə region üçün mühüm əhəmiyyət daşıyır və neft sənayesi sahəsində qazma zamanı əmələ gələn şlamın regionda dünya standartlarına uyğun emal olunmasını həyata keçirən edən ilk və yeganə bu tipli müəssisədir.
R. Abdullayev burada 100 nəfərlik yeni iş yerinin açılmasını da vurğulayıb. SOCAR prezidenti neft-qaz sənayesinin inkişafı üçün yeni qurğu və obyektlərin tikilib istismara verilməsi istiqamətində həyata keçirilən tədbirlərin bundan sonra da davam etdiriləcəyini bildirib.