“Azexport” regional e-ticarət platformasına qoşuldu İqtisadiyyat

“Azexport” regional e-ticarət platformasına qoşuldu

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) ilə Türkiyənin Dünya Kiçik və Orta sahibkarlar forumu (World SME Forum) arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. İİTKM-dən bildiriblər ki, imzalanma İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının Türkiyəyə səfəri çərçivəsində baş tutub. Əməkdaşlıq memorandumunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı və Dünya Kiçik və Orta sahibkarlar Forumu rəhbəri Tunc Uyanık imzalayıb.
Qeyd edək ki, Dünya Kiçik və Orta Sahibkarlar Forumunun nümayəndələri bir müddət öncə Bakı şəhərinə səfər edərək, "Azexport" portalının təcrübəsini öyrəniblər. Bu forum tərəfindən yeni yaradılan KOBİ.Market elektron ticarət portalında "Azexport"un təcrübəsi də nəzərə alınıb. Bu gün imzalanan əməkdaşlıq sazişi həm də "Azexport" portalı ilə KOBİ.Market portalı arasında inteqrasiyaya xidmət edəcək.
Məlumat üçün əlavə edək ki, Dünya Kiçik və Orta Sahibkarlar Forumu tərəfindən yaradılan KOBİ.Market adlı elektron platforma kiçik və orta sahibkarların elektron ticarətin imkanlarından faydalanmasına, yeni bazarlara çıxmasına və bacarıqlarının artırılmasına xidmət edəcək. Portal ilk mərhələdə Azərbaycan, Gürcüstan və Türkiyəni əhatə edəcək. Kiçik və orta sahibkarlar bu elektron ticarət platformasına inteqrasiya olunaraq elektron ticarət imkanından faydalanacaqlar.
Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Türkiyənin Odalar və Borsalar birliyinin rəhbəri Rıfat Hisarcıklıoğlu və Gürcüstanın Ticarət və Sənaye Palatasının rəhbəri Kaxa Bainduraşvili əməkdaşlıq haqqında razılığa gələrək memorandum imzalayıblar. İmzalanma mərasimində Türkiyə gömrük və ticarət naziri Bülent Tüfekçi və İqtisadiyyat Nazirliyinin müstəşarı İbrahim Şenel də iştirak edib. Türkiyənin gömrük və ticarət naziri Bülent Tüfekçi bildirib ki, kiçik və orta sahibkarların beynəlxalq müstəvidə rəqabət apara bilməsi üçün və virtual ortamda elektron ticarət zamanı görüşə bilmələri çox önəmlidir.