Güzəştli mənzil sahəsində Sinqapurun təcrübəsi öyrənilir İqtisadiyyat

Güzəştli mənzil sahəsində Sinqapurun təcrübəsi öyrənilir

Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru Samir Nuriyevin rəhbərlik etdiyi nümayəndə heyəti 3-8 sentyabrda Sinqapura işgüzar səfər edib. Agentlikdən verilən məlumata görə, səfərin məqsədi əhalinin güzəştli mənzillərlə təmin edilməsi sahəsində dünyanın ən uğurlu modellərindən birinə sahib olan Sinqapurun təcrübəsini yaxından öyrənmək, aidiyyəti qurumlarla ikitərəfli əməkdaşlığı inkişaf etdirmək və bu sahədə dövlət siyasətinin formalaşması və icrası mərhələləri ilə yaxından tanış olmaq idi.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Sinqapur Milli İnkişaf, Ticarət və Sənaye üzrə baş dövlət naziri cənab Koh Poh Kun və ölkədə güzəştli mənzillərin tikintisi sahəsində dövlət siyasətini həyata keçirən Mənzil İnşaatı və İnkişaf Şurasının ("HDB") baş icraçı direktoru xanım Çeonq Kun Hen ilə rəsmi görüşlər keçirilib. Qeyd edək ki, 1960-ci ildə təsis olunmuş Mənzil İnşaatı və İnkişaf Şurası fəaliyyət göstərdiyi dövr ərzində Sinqapur əhalisinin 80%-ni güzəştli mənzillərlə təmin edə bilib.
Bununla yanaşı, səfər zamanı Sinqapurun Şəhər Yenidənqurma İdarəsinin, ölkənin beynəlxalq biznes əlaqələri üzrə məsul təşkilatı olan "International Enterprise Singapore" adlı Dövlət Agentliyinin, şəhərsalma, infrastruktur və mühəndislik layihələndirilməsi sahəsində ixtisaslaşan "Surbana Jurong" adlı qlobal məsləhətçi şirkətinin, yaşayış yerlərində ictimai nəqliyyat infrastrukturun təşkili sahəsində ixtisaslaşan "SMRT International" dövlət şirkətinin, habelə tikintinin təşkili və idarəolunması sahəsində fəaliyyət göstərən bir neçə digər dövlət və özəl şirkətlərin rəhbərləri və ekspertləri ilə görüşlər keçirilib.
Görüşlər zamanı Sinqapurun son 50 ildən artıq olan müddət ərzində əhalinin güzəştli mənzillərlə təmin edilməsi istiqamətində keçdiyi inkişaf yolu müzakirə edilmiş, müasir şəhərsalma və tikinti standartları, mənzil tikintisinin təşkili və maliyyələşdirilməsi, mənzil fondunun idarəolunması və vətəndaşlara müvafiq xidmətlərin göstərilməsi, dövlətin və özəl sektorun əməkdaşlığı modelləri barədə ətraflı fikir mübadiləsi aparılmışdır.
Mənzil İnşaatı Dövlət Agentliyinin rəsmiləri səfər çərçivəsində həm də Sinqapur Mənzil İnşaatı və İnkişaf Şurasının təşkilatçılığı ilə 7-8 sentyabr tarixlərində keçirilən "IHF 2017" Beynəlxalq Mənzil İnşaatı Forumunda da iştirak ediblər. ABŞ, İsveçrə, Fransa, İtaliya, Honq Konq, Cənubi Koreya, Avstraliya və bir çox digər ölkələrin aidiyyəti dövlət rəsmilərinin, elm xadimlərinin, sahibkarların, habelə Dünya Bankı və digər beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdiyi bu tədbirin əsas mövzusu olan "Davamlı Planlaşdırma, İnklüziv İcmalar" Birləşmiş Millətlərin ("UN") 2016-cı ildə keçirilmiş Mənzil İnşaatı və Davamlı Şəhər İnkişafı Konfransının ("HABITAT III") müəyyən etdiyi Yeni Şəhərsalma Məqsədlərinə uyğun olaraq seçilmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi ölkə vətəndaşlarının yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində fəaliyyətində müasir qlobal tendensiyaların və bu sahədə qabaqcıl dünya təcrübəsinin nəzərə alınmasına xüsusi əhəmiyyət verir. Agentliyin gələcək fəaliyyətinin səmərəli təşkili baxımından bu sahədə dünyada tətbiq olunan modellərin tədqiqi və işində nəzərə alınması davam etdiriləcəkdir.