İranla beynəlxalq avtomobil daşımaları müzakirə olunub İqtisadiyyat

İranla beynəlxalq avtomobil daşımaları müzakirə olunub

Azərbaycan ilə İran arasında beynəlxalq avtomobil daşımaları sahəsində mövcud vəziyyət müzakirə olunub. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən bildirilib ki, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında həyata keçirilən beynəlxalq avtomobil əlaqələri sahəsində Azərbaycan-İran Birgə Komissiyasının növbəti iclası Bakıda keçirilib. Azərbaycan nümayəndə heyətinə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov, İran nümayəndə heyətinə Yol və Avtomobil Nəqliyyatı Təşkilatının tranzit və beynəlxalq nəqliyyat məsələləri üzrə baş idarəsinin rəisi Rza Nəfisi rəhbərlik edib.
İclasda iki ölkə arasında beynəlxalq avtomobil daşımaları sahəsində mövcud vəziyyət, yük və sərnişindaşımaları zamanı avtodaşıyıcıların qarşılaşdığı problemlər və onların həlli yolları, daşımaların inkişafı perspektivləri və digər aktual məsələlər müzakirə olunub.
Avtonəqliyyat vasitələrinin sahiblərinin (istifadəçilərinin) mülki məsuliyyəti üzrə beynəlxalq sığorta təminatı sistemi olan "Yaşıl Kart" Sisteminin üstünlükləri də iclas çərçivəsində müzakirə olunub. Qeyd edilib ki, sistemin başlıca məqsədi xarici avtonəqliyyat vasitələrinin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələri zamanı zərərçəkmiş şəxslərin tələblərinin hadisənin baş verdiyi ölkənin daxili qanunvericiliyi ilə nəzərdə tutulmuş şərtlərə və qaydalara uyğun tənzimlənməsidir. İclasda Azərbaycan ilə İranın tranzit məsələlərində, xüsusilə də nəqliyyat dəhlizlərinin yaradılmasında fəal əməkdaşlıq etdiyi bildirilib. Diqqətə çatdırılıb ki, müştərək olaraq Azərbaycanda avtomobil zavodunun inşası üçün önəmli addımlar atılıb və gələcəkdə avtomobil nəqliyyatı sahəsində əməkdaşlıq istiqamətləri daha da genişləndiriləcək. Sonda iclasın yekunlarına dair Protokol imzalanıb.