“Ankara–Bakı xətti etibarlı iqtisadi koridor kimi formalaşır” İqtisadiyyat

“Ankara–Bakı xətti etibarlı iqtisadi koridor kimi formalaşır”

“Bakıda keçirilən II Azərbaycan–Türkiyə İnvestisiya Forumu iki qardaş ölkə arasında iqtisadi münasibətlərin artıq klassik ticarət çərçivəsini aşdığını göstərir. Bu platforma emosional “strateji tərəfdaşlıq” ritorikasından çıxıb konkret kapital, real layihə və ölçülə bilən nəticələr mərhələsinə keçidin göstəricisidir. Forumun İqtisadiyyat və Ticarət nazirliklərinin birbaşa dəstəyi ilə, AZPROMO və TÜİB kimi institusional aktorların təşkilatçılığı altında keçirilməsi prosesin dövlət iradəsi ilə biznes maraqlarının sinxronlaşdığını açıq nümayiş etdirir”.

Bu sözləri xalqcebhesi.az-a açıqlamasında politoloq Tural İsmayılov söyləyib.

T.İsmayılov qeyd edib ki, Azərbaycan üçün bu forum investisiya mühitinin regional miqyasda təqdimatı baxımından mühüm əhəmiyyət daşıyır: “Qeyri-neft sektorunun inkişafı, sənaye zonaları, yaşıl enerji, logistika və rəqəmsal iqtisadiyyat istiqamətləri Türkiyə kapitalı üçün yeni imkanlar yaradır. Türkiyə isə Azərbaycan bazarında yalnız investor kimi deyil, istehsal zəncirlərinin bir hissəsi kimi mövqeyini möhkəmləndirir. Bu, tərəflər arasında sadə alqı-satqı münasibətindən birgə dəyər yaradan modelə keçidi təsdiqləyir”.

Politoloq diqqətə çatdırıb ki, forumun siyasi-strateji çəkisi də az deyil: “Qlobal iqtisadi qeyri-müəyyənlik fonunda Ankara–Bakı xətti etibarlı iqtisadi koridor kimi formalaşır. Orta Dəhliz, regional nəqliyyat layihələri və sənaye əməkdaşlığı iki ölkəni Avrasiya iqtisadi xəritəsində birgə oyunçuya çevirir. Bu platforma göstərir ki, Azərbaycan–Türkiyə münasibətləri artıq “qardaşlıq” anlayışını aşaraq dayanıqlı iqtisadi ittifaq səviyyəsinə yüksəlib. Bu isə uzunmüddətli perspektivdə hər iki ölkənin iqtisadi suverenliyini gücləndirən real mexanizmdir”.

Röya İsrafilova