Qlobal fond bazarlarında kəskin eniş müşahidə olunub İqtisadiyyat

Qlobal fond bazarlarında kəskin eniş müşahidə olunub

Dünya fond bazarlarında əsas indekslərin hamısı mənfi dinamika nümayiş etdirib. Ən ciddi enişlər Kanadada, Avropanın bir sıra ölkələrində və Yaponiyada qeydə alınıb.

“APA-Economics” xəbər verir ki, ABŞ-da “Dow Jones” indeksi 341,41 bənd və ya 0,66% azalaraq 51 179,87 bəndə, “S&P 500” indeksi 17,16 bənd və ya 0,22% geriləyərək 7 801,77 bəndə düşüb. “Nasdaq Composite” indeksi 61,20 bənd və ya 0,22% azalaraq 27 538,69 bənd, “NYSE Composite” indeksi isə 0,92% geriləyərək 23 701,92 bənd təşkil edib. Kanadanın “S&P/TSX Composite” indeksi 1,70% azalaraq 35 041,86 bəndə enib.

Avropa fond bazarlarında da bütün əsas indekslər ucuzlaşıb. “Euro Stoxx 50” indeksi 1,47% azalaraq 6 180,29 bəndə, Böyük Britaniyanın “FTSE 100” indeksi 0,79% geriləyərək 10 458,50 bəndə, Almaniyanın “DAX” indeksi 1,35% düşərək 25 104,36 bəndə enib. Fransanın “CAC 40” indeksi 1,22% azalaraq 7 769,21 bənd, İspaniyanın “IBEX 35” indeksi isə 1,68% geriləyərək 19 118 bənd olub.

Asiya-Sakit okean regionunda da mənfi dinamika üstünlük təşkil edib. Yaponiyanın “Nikkei 225” indeksi 0,99% azalaraq 69 344,42 bəndə, “TOPIX” indeksi 1,40% geriləyərək 4 095,92 bəndə düşüb. Honq-Konqun “Hang Seng” indeksi 0,66% azalaraq 23 971,20 bəndə, Çinin “CSI 300” indeksi 0,43% geriləyərək 4 338,67 bəndə enib. Avstraliyanın “S&P/ASX 200” indeksi 0,69% azalaraq 8 667,30 bənd, regionun ümumi “MSCI AC Asia Pacific” indeksi isə 0,84% geriləyərək 278,32 bənd təşkil edib.

Qlobal bazarlardakı enişin əsas səbəbi neft qiymətlərinin yüksək qalması və dövlət istiqrazlarının gəlirliliyinin artması olub. ABŞ-da uzunmüddətli istiqraz gəlirliliyinin 24 ilin ən yüksək səviyyəsinə çatması borclanma xərcləri və inflyasiya ilə bağlı narahatlıqları gücləndirərək səhmlərə təzyiq göstərib. Avropada yüksək enerji qiymətləri ilə yanaşı, Fransanın dövlət borcu və büdcə vəziyyəti ilə bağlı risklər, xüsusilə bank sektorundakı satışlar enişi sürətləndirib. Asiyada isə Səudiyyə Ərəbistanına husilərin hücumları fonunda neftin bahalaşması və ABŞ istiqrazlarının yüksək gəlirliliyi investorların ehtiyatlılığını artırıb.