Ən çox istifadə olunan elektron xidmətlər İqtisadiyyat

Ən çox istifadə olunan elektron xidmətlər

Hökumət qurumları aktiv olmağa məcburdular

Tural

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzi (MHM) may ayı ərzində ən çox istifadə edilən elektron xidmətlərin siyahısını təqdim edib. RYTN-dən verilən məlumata görə, ilk beşlikdə RYTN-nin "Telefon nömrəsi üzrə axtarış" (54123), Dövlət Sosial Müdafiə Fondunun (DSMF) "Sığortaolunanın onlayn uçota alınması" (12418), "Sığortaedənin uçot nömrəsinin öyrənilməsi" (4390), "Sığortaolunanın illər üzrə ödənişləri və pensiya kapitalı" (3413) və "Məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlər və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı barədə məlumatın əldə edilməsi" (2655) xidmətləri yer alır.
Sonrakı mövqelərdə DSMF-nin "Pensiyaçıya məlumatların verilməsi" (1947), "Pensiya kalkulyatoru" (1648), Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) "Daşınmaz əmlakın ipotekasının dövlət qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu" (1249), RYTN-in "Mobil cihazların qeydiyyatdan keçirilməsi" (977) və "Mobil cihazların "IMEI" kodunun yoxlanılması" (665) e-xidmətləri qərar tutur.
Sözügedən siyahıda Daxili İşlər Nazirliyinin (DİN) "FİN-ə görə fərdi məlumatların axtarışı" (645), RYTN-in "Vətəndaşın fərdi məlumatları barədə arayış" (621), Ədliyyə Nazirliyinin "Azərbaycan adları barədə məlumatın verilməsi" (537), DİN-in "Yol hərəkəti qaydalarının pozuntusu ilə əlaqədar tətbiq edilən cərimələr və cərimə balları barədə məlumatlar" (506), ƏMDK-nın "Daşınmaz əmlakın ipotekasının dövlət qeydiyyatının ləğvi üçün müraciətin və sənədlərin qəbulu" (408) xidmətlərinin adları da var.
RYTN-in "Cari ay ərzində aparılmış şəhərlərarası və beynəlxalq danışıqlar üzrə məlumat" (386), "Azərsu" ASC-nin "Su borcunun internet vasitəsilə öyrənilməsi" (378), "ASAN xidmət"in "İnformasiya sistemləri, informasiya ehtiyatları və elektron xidmətlərlə bağlı dövlət orqanları tərəfindən təqdim olunan layihələrə (təkliflərə) rəy verilməsi üçün müraciətin və sənədlərin qəbulu" (363), RYTN-in "Yeni telefon çəkilişi" (362), ƏMDK-nın "Daşınmaz əmlaka dair çıxarışların verilməsi üçün müraciətin və sənədlərin qəbul edilməsi" (359) elektron xidmətləri də ən çox istifadə olunanlar sırasındadır.
2020-ci ilə qədər dövlətin əhaliyə təqdim etdiyi xidmətlərin 100%-nin "Elektron Hökumət" vasitəsi ilə həyata keçirilməsi, əhalinin elektron xidmətlərdən istifadə səviyyəsinin 80%-ə çatdırılması nəzərdə tutulur. "Qızıl üçbucaq" deyilən konsepsiya üzərində iş aparılır. Birinci növbədə intellektual insan potensialı yetişdirilməlidir. Bu istiqamətdə son vaxtlar yeni universitetlərin yaradılması da qeyd olunmalıdır. İkincisi, əlverişli biznes mühitinin yaradılması ilə bağlıdır. Texnoparkların yaradılması və yeni vergi və gömrük siyasəti bura daxildir. Üçbucağın üçüncü bucağı kapitala bağlıdır. Neftdən gələn gəlirlərin qeyri-neft sektoruna, texnologiyanın inkişafına yönəldilməsi həyata keçirilir. Bu istiqamətdə işlər gerçəkləşdirilərsə, "Qızıl üçbucaq" konsepsiyası uğurla həyata keçiriləcək.
Azərbaycanın İKT məhsullarının xarici bazarlara çıxarılması üçün transmilli şirkətlərlə əməkdaşlığı, birgə layihələrin həyata keçirilməsi zəruridir. 2020-ci ilədək İKT sahəsinə dövlət tərəfindən 3-3,3 mlrd. dollar, özəl sektor tərəfindən də təxminən eyni həcmdə sərmayə yatırılacağı gözlənilir Əgər İKT sahəsinə qoyulan 1 dollar sərmayənin 10 dollar gəlir verdiyini nəzərə alsaq, hədəflər ümidvericidir.
Azərbaycan ilk süni rabitə peykindən artıq 10 mln. dollar gəlir əldə edib və peyklə bağlı cəlb edilən kreditlərin 70%-ə qədəri qaytarılıb. Azərbaycanda İKT-dən əldə edilən gəlir 2 mlrd. dollardır və 2020-ci ilə qədər bu göstəricinin 8,5 mlrd. dollara çatacağı gözlənilir. Bu sahədə orta illik artımın 15-18% olacağı prqnozlaşdırılır. Ölkəmiz kiçik olduğu üçün bazarın həcmi böyük deyil. Ona görə də innovaftiv xarakterli xidmət və məhsulların xaricə çıxarılması əsas götürüləcək.
Təsadüfü deyil ki, Dünya İqtisadi Forumu (DİF) tərəfindən hazırlanmış "Qlobal informasiya texnologiyaları hesabatı 2014" ("The Global Information Technology Report 2014") adlı illik hesabatda ölkələrin informasiya texnologiyaları sahəsində inkişafını əks etdirən "Şəbəkələşmə hazırlığı indeksi" göstəricisinə görə Azərbaycan ötənilki mövqeyindən 7 pillə irəliləyərək 148 ölkə arasında 56-cı yerdən 49-cu yerə yüksəlib. Həmişə MDB ölkələri arasında yüksək mövqelərdə yer alan Azərbaycan bu reytinq cədvəlinə əsasən bir çox aparıcı ölkələri də qabaqlayıb.
Azərbaycan "Ölkənin əhali yaşayan ərazisində mobil telefon şəbəkəsinin əhatəsi" reytinqinə görə dünyada 1-ci yerdə qərarlaşıb. Bu da ölkənin tamamilə mobil şəbəkə siqnalı ilə təmin olunması deməkdir. Eyni zamanda "Şəbəkələşmə hazırlığı indeksi"nin formalaşmasına təsir edən İKT-nin əsas komponentlərinə görə Azərbaycan hər 100 nəfər arasında internet istifadəçilərinin sayına görə 148 ölkə arasında 59-cu, genişzolaqlı internet abunəçilərinin sayına görə isə 46-cı yeri tutmaqla MDB-də liderlik mövqeyini qoruyub saxlayır. Bundan əlavə, şirkətlərin innovasiya qabiliyyətinə görə ölkəmiz MDB-də ən yüksək, ümumən dünyada isə 35-ci pilləni tutur.
Hesabatda diqqət çəkən məqamlardan biri də odur ki, yuxarı orta gəlirli ölkələrlə müqayisədə Azərbaycan orta göstəricidən daha yaxşı nəticə qazanıb və hökumətin gələcəklə bağlı İKT sektoruna yanaşması üzrə 6-cı yeri tutub. MDB-də lider olmaqla, ölkəmiz İKT sektorunun təbliğində hökumətin uğuruna görə 8-ci, hökumətin xidmətlərinin səmərəliliyində İKT-dən istifadə üzrə isə 11-ci yeri tutur. Hesabata əsasən, Azərbaycan Avropada İtaliya (58-ci yer), Polşa (54), Slovakiya (59) və Monteneqronu (52), eləcə də qonşu ölkələrdən Türkiyə (51), Gürcüstan (60) və İranı (104) qabaqlayıb. Həmçinin, Azərbaycan dünya nəhənglərindən Çin (62), Braziliya (69) və Meksikanı (79) da arxada qoyub.