BTC ilə 3 milyardıncı barel neft ixrac olunub İqtisadiyyat

BTC ilə 3 milyardıncı barel neft ixrac olunub

İyulun 14-də Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri vasitəsilə nəql olunan Xəzər xam neftinin 3 milyardıncı bareli 3929-cu tankerə yüklənərək dünya bazarlarına yola salınıb.
Bu günə qədər BTC texniki təhlükəsizlik və istismar baxımından yüksək göstəricilər nümayiş etdirib. Onun səmərəliliyi və istismar etibarlılığı ilk dövrlərdəki 75%-dən artaraq hazırkı 99,9% səviyyəsinə çatıb. BP-nin Azərbaycan-Gürüstan-Türkiyə üzrə regional prezidenti Qəri Counz Ceyhan limanından xam neftin 3 milyardıncı barelinin nəql olunması BTC-nin əldə etdiyi əlamətdar nailiyyət adlandırıb: "İstismara başladığı vaxtdan etibarən boru kəməri müstəsna səmərəlilik nümayiş etdirib.
Onun inşası nəhəng mühəndis-texniki nailiyyətdir və 12 illik təhlükəsiz, etibarlı və məsuliyyətli əməliyyatlardan sonra bu boru kəməri əməliyyat səmərəliliyinin bariz nümunəsi və üç ölkə boyunca vahid komandanın gerçəkləşdirdiyi dünya miqyaslı fəaliyyət kimi təsvir oluna bilər. Əminliklə deyə bilərəm ki, BTC-nin fəaliyyəti dünyada ən təhlükəsiz və ekoloji cəhətdən zərərsiz boru kəməri əməliyyatlarından biridir. Biz hamımız BTC-nin uğur hekayəsi ilə qürur duymalıyıq. Hamımız dedikdə, mən layihə başladığı andan etibarən üç ölkədə layihənin icrasına cəlb edilmiş minlərlə insanı – işçi qüvvəsini, icmaları, şirkətləri, regional və beynəlxalq hökumətləri, tərəfdaşları və öz işçi heyətimizi nəzərdə tuturam. Bu, həqiqətən də hər mənada böyük obyektdir və bu günə qədər onun əldə etdiyi nailiyyətlər bizdə qürur hissi oyadır. Üç regional ölkəni birləşdirən körpü kimi BTC həmin üç ölkə boyu icmalarda və əhalidə böyük müsbət dəyişikliklərə yol açaraq bu ölkələr arasında əlaqələri öhkəmləndirib. BP-nin dünya üzrə biznesində belə layihənin olması mənə böyük qürur və şərəf verir və sizin çoxunuzun da eyni hisləri bölüşdüyünüzə əminəm".
Qeyd edək ki, Dünya miqyasında dövrünün ən böyük və ən mürəkkəb mühəndis-texniki nailiyyətlərindən biri hesab edilən BTC-nin tikintisinin tamamlanması üçün dörd il tələb olunub – layihə 2002-ci ilin iyul ayında təsdiqlənib və 2006-cı ilin may ayında başa çatıb. Fəaliyyətlərin ən qızğın dövründə tikintiyə 22000 nəfər cəlb olunmuş (bunların demək olar 80%-ni yerli işçilər təşkil etmişdir), 110 milyondan artıq adam-saat sərf edilmiş, 200 milyon kilometrdən artıq məsafə qət edilmiş – bu yer kürəsi ətrafında 10 dəfə dövrə vurmağa bərabərdir – 220000 ədəd boru qaynaq edilib.